Ot kökü üstə bitdiyi kimi, oddan kül də törəyir..

Müsahibəni hazırlayan: Qəfər Rüstəm

ot-koku-uste-bitdiyi-kimi-oddan-kul-de-toreyir

Mübariz Örən ədəbiyyata necə gəlib?

Ədəbiyyata sevgim həmişə olub. Gənclik illərində şeirlər də yazmışam. Amma müxtəlif səbəblərə görə bu sahədən uzaqlaşmışam. Bir dəfə köhnədən qalma bir hekayəmi bərpa eləməyə başladım, xoşuma gəldi. Beləcə, yazmağa başladım.

Həmin o bəyəndiyiniz mətni bir dəfəyə yazdınız, yoxsa üstündə işləyərək düzəltdiniz?

Bilirsizmi, məndə yazı prosesi reqbi oyunu kimidi: topu – sözü özündən qabağa atmaq olmaz. Min sözün içindən bir sözü tapıb yerinə qoyuram, poza-poza yazıram. Odur ki, məhsuldar deyiləm, az yazıram.

Maraqlı təhkiyəniz var. Belə axıcı dil, yəqin, təkcə mütaliə və gərgin əməyin nəticəsi deyil. Bu təhkiyəyə necə nail olmusunuz?

Təhkiyə mütaliə nəticəsində əldə olunmur. Düzdü, nasirin əsas silahı mütaliə və müşahidədir. Sənin əldə elədiyin detallar başqaları üçün o vaxt maraqlı ola bilər ki, sən onu həyatdan özün tapmısan. Lakin o detalı yazmaq üçün keyfiyyətli mütaliən olmalıdır. Ən azından bilməlisən ki, müasir nəsr hardadır, hardan gəlib hara gedir, hansı cərəyanlar var. Başına gələn hər hansı bir hekayəni olduğu kimi yazmaq nəsr deyil. Onu ədəbiyyat malı etmək üçün mütləq nəsrin tələblərini bilməlisən. Ancaq təhkiyə tamam başqa şeydir. Onun formalaşması üçün nə mütaliə, nə də müşahidə qabiliyyəti bəs edir. Təhkiyə, yəqin ki, anaların laylalarından, nənələrin nağıllarından dad, duz alır, formalaşır. Dilin elə qatları var ki, bizim təhtəlşüurumuzda qorunur, yazı məqamında söz-söz üzə çıxır, bərq vurur, gəl-gəl deyir; söz sözü tapır. Mən bunu mətnin sehri kimi qəbul edirəm. Məncə, təhkiyədə bir fitrilik də var.

“Ağ buludlar” povestindən danışaq. Əsərə hansı paradiqmadan yanaşmısınız? Orada dediyiniz kimi, günah günahı silər?

Bir var günahkar, yəni günah işlədən, bir də var, günahlı, yəni özü şəxsən günah işlətməsə də, ola bilsin ki, atasından, babasından – nəslindən ona qalıb. Lakin elə bir məqam gəlir ki, sən həmin günahın bədəlini ödəməlisən, o günahı yumalısan. Bu, görünür, həm gözlənilməz, həm ağlasığmaz, bir az da sirli yolla baş verə bilər. O qədər sirli ki, yazıçının özünə də sonadək açılmaz...

Bu, bir az da xristianlıqdakı ilk günah konseptini xatırladır. Necə ki, Həzrət Adəm almanı − yasaq meyvəni yeyir. Həzrət İsa da insanlığın günahını silmək üçün özünü fəda edir. Bu əsərdə də məsələ belədir?

Tam elə deyil. O da sizin yanaşmanızdır. Köklərdə və mahiyətdə qohumluq əlaqələri olmamış deyil. Orda xatırlayırsınızsa, bir Qoca var. O Qocanın neçə yaşı var, heç kəs bilmir. İki yüz il, üç yüz il, Allah bilir. Qoca bu dünyadan getmək istəyir, amma gedə bilmir; çünki itmiş ruhuna qovuşa bilmir.  Onun kimi neçə-neçə adamlar da var, ölə bilmirlər. Niyə? Çünki oların günahlarını yuyan bir adam  − xilaskar gəlməlidir, sənin dediyin kimi...

Amma günah işləyərək...

 Özü də eyni günahı... Bilirsizniz, mən bu haqda çox düşünmüşəm. Burada taleyin məşumluğu var. Cavan oğlan öz acı taleyindən xəbərsizdir. Onu Qocanın yanına − Uruflu gölə duyulmaz bir səbəb və qüvvə aparır. Ora öz xoşuna getmir, öz kor aqibətindən duyuq düşsə də, qaça bilmir, əksinə, öz məhvinə doğru gedir.

Sofokl “Çar Edip” tragediyasında o tragik durumda deyir ki, ən yaxşısı heç doğulmamaqdı. Siz də qəhrəmanınızı bu cür ekzistensial vəziyyətlə qarşı-qarşıya qoya bilmisiniz?

Bu sualı, əslində, mən sizə verməliyəm.

İnsesti və Çar Edip arağı... Bütün o günahların səbəbləri bunlar idi?

İnsest, yəqin ki, günahların ən böyüyüdü. Əsərdə insestə gətirib çıxaran səbəb içki deyil. İçki olmasaydı da, insest baş verəcəkdi. “Çar Edip” arağı da sanki oxucuya yön vermək üçün bilərəkdən əsərə salınıb. Ordakı qəhrəmanın nə milliyyəti, nə də dini mənsubiyyəti bilinir. Misal üçün, deyilə bilər ki, İslamda içki haramdır və qəhrəmanın bəlalara düçar olmasının səbəbi də elə içki düşkünlüyüdür. Amma, dediyim kimi, burda qəhrəmanın nə milliyyəti, nə də mənsub olduğu din bilinmir.

Yazılarınızın çoxunda intim səhnələr var. Bunlar bədii ehtiyacdan irəli gəlir, yoxsa?..

Mətnin özü bunu tələb eləyir. Həyat varsa, orada elə şeylər də var. Yəni qəsdən olunmayıb, hadisələrin özü o məsələlərə gətirib çıxarıb.

Mübariz bəy, gəlin başqa bir sualala cavab axtaraq. Mirzə Qaşqarın pak dünyasını ən yaxını − qızı yıxır. Niyə belə pak insandan, təmiz mühitdən sonra günahlar şəhəri ortaya çıxır?

Tarixdə də bu cür faktlar çoxdur. Ədalətli bir hakimiyyət, elə olur ki, onun tam əksi ilə əvəz olunur, eybəcərliklər baş qaldırır. Taxta çıxan təzə şah özündən əvvəlki kimi ölkəni idarə edə bilmir. Ot kökü üstə bitdiyi kimi, oddan kül də törəyir...

Məncə, belə deyə bilərik, insanlar müəyyən mənada xaosa meyillidilər. Bir peyğəmbər ya da əsərdəki kimi təriqət başçısı gəlir. Cəmiyyət də ona baxır, bir az əl-ayağını yığışdırır, bir növ onu təqlid edir. Əsil mənada qəbul etmir. O, ölən kimi öz keçmiş formasına, xaotikliyinə qayıdır. Surroqat inam nəticəsini göstərir.

Razıyam. (Gülür)

Yazılarınızda postmodernist çalarlar var. Özünüzü postmodernist yazıçı kimi görürsünüz?

Postmodernizm bizim həyatımızdadır − məişətimizdə, fəaliyyətimizdədir, ondan qaça bilmərik. İstəsək də, istəməsək də. Özümü postmodern yazıçı saya bilmərəm. Düzdür, yazılarımda postmodern elementlər olmamış deyil. Xüsusən, son üç-dörd hekayəmdə və “Ağ buludlar”da belə cəhdlər olub. Bizdə postmodernizmin ən yaxşı nümunəsini − “Yarımçıq əlyazma”nı Kamal Abdulla ortaya qoyub.

Bir az əvvəl dediniz ki, həyatımız postmoderndir. Bu, insanın xaosa meyilliyindən qaynaqlanır, yoxsa..

İnsan xaosa məhkumdur, nəinki meyillidir. Bizim həyat haqqında olan bilgilərimiz, bizə təklif olunan modellər sonradan məhvə düçar olur. Həyat fəlsəfəmiz iflasa uğrayır. Hər addımda biz bu dağınıqlığı görürük, − bəzilərinin həyatında bu, ola bilsin ki, daha çılpaqlığı ilə biruzə verir. İnsan bu çağırışı qəbul edir, yeni xilasolma modelləri axtarır.

Təşəkkür edirik, Mübariz bəy...

 

 

 

 

 

 

 

0