Torino atı

Qəfər Rüstəm

torino-ati

1889-cu il Yanvar ayı. Torino şəhərində bir adam atını şallaqlayır. At arabasına qoşulu bu sısqa, böyrü-böyrünə dəyən arıq at inad edir, getmir. Qəzəbli sahib hikkəsində onu daha sərt qamçılayır.

Uzaqdan canı hovlu onlara tərəf gələn biri var. Lopa bığlı, uca boylu bu adam Nitçşedir. Nitçşe çarəsizlik içində qamçı yeyən bu zavallı atın boynunu qucaqlayır. Nə dediyini, nə söyləndiyni heç kim eşitmir. Bircə onu görürlər ki, Nitçşə yerə sərələnir və bir daha özünə gələ bilmir. Günlərlə sayıqlayan, qızdırmadan tutuşub yanan Nitçşe sadəcə bunu deyir “Ana, mən nə axmaq imişəm”

Nitçşə bir daha sağalmır, bəs həmin ata nə olur? Nitçşedə belə ağır emsoyanal-pisxolojik travmaya səbəb olan at və sahibi hara gedir.

Bela Tarr, həmin atın taleyini səhnələşdirir. Amma necə? Sən demə, elə o gündən sonra at və sahibi üçün də heç bir şey əvvəl kimi olmur.

Film altı gün müddətində baş verənləri əhatə edir. Bu altı gündə çöl-biyabanda qızı ilə tək yaşayan atanın monoton həyat tərzi səhnələnir. O qədər yeknəsəq həyat var ki ekranda sadəcə səbrini basıb izləyə bilirsən. Ağ-qara fonda gördüyümüz balaca daxma, bayırda meydan sulayan fırtına, balaca arabaya sığacaq qədər bir neçə lazımlı ev əşyası, iki yataq, bir masa izləyiciyə tərkedilmişlik, tənhalıq hissi verir.

Hər insan kimi ata və qız hər gün özlərini nəyləsə məşğul olmaq məcburiyyətində hiss edirlər. görülən bütün işlər heçliyə, absurdluğa mənasız bir etirazdır.

Bir dəfə çıxıb getmək istəyirlər. Bir neçə köhnə-kürüş əşyalarını at arabsına doldurub yola düzəlirlər. Ancaq... Gedə bilmirlər. Nə baş verir, niyə gedə bilmirlər, bunu biz görmürük. Elə hər insan kimi, həmin həyata məhkum olurlar, geri qayıdırlar.

Onların evinə sadəcə bir nəfər gəlir. Onların eşitmədiyi, tamam başqa, bir mənada narahat edən şeylərdən bəhs edir. Yeni şeylər, naqolay mətləblər... Öyərncəli, sabit həyatlarına beləliklə, ilk virus daraşmış olur. Bir sonrakı səhnədə quyudan su götürən qaraçılar suyun əvəzinə onlara bir kitab verirlər. Qız da kitabı höccələyə-höccələyə oxumağa başlayır.

Əvvəlcə at həyatdan imtina edir, yemir, içmir. Sonra qızın hər səhər həvəslə su daşıdığı su quyusu quruyur, ondan sonra da şamları və ocaqları sönür. Rutin həyat beləcə, alt-üst olur. Ən son səhnədə qaranlıq otaqda ağır həyatı yedəkləyib daşımaq üçün çiy kartofu gəmirən ata və artıq təslim olmuş qızı görürük.

İnsan dünyaya narahat olaraq gəlir, ağlayır, gördüyü şeylər fərqlidir, eşitdiyi şeylərin mənası ona çatmır. Ta ki, hər şeyə bir ad qoyur, hər fenomenə  məna qulpu yapışdırır. Adlar, mənalar önəmli deyil, əsas olan nəzarətsiz, anlaşılmaz, yeni şeylərin kökü yerli dibli kəsilir. Beləliklə, özünə güvənli, bütün künc-bucağına bələd olduğu bir daxma inşa edir, ora sığınır.

Təəssüf ki, bəşərövladı bütün müəmmaların cavabını tapa bilmir. Ondan xəbərsiz, gücündən üstün bir güclə axıb gedən bir həyat, sonsuz bir kainat var. Bitib tükənməz suallar var. Hətta bəzən bu suallar o qədər intim, o qədər məhrəmdir ki, insan onlara biganə qala bilmir. Özü haqqında, kimliyi haqqında ortaya çıxan suallar onu meydana çəkir.

İnsan dilemma ilə qarşı-qarşıyadır. Xoşbəxt olmaq üçün sualları cavablamalıdır, yəni fikirləşməlidir, fikirləşəndə isə güvənli bölgədən, öyrəncəli olduğu həyatdan uzqlaşmaq məcburiyyətindədir. Bu da nəticədə insanana bədbəxtlik gətirir. Bəs çarə nədir. Çarə illuziya. Bir çox insanın elədiyi kimi yalan da olsa, sualları cavabla, dediyinə inanmasan da, inamın pisi yaxşısı olmaz, əsas odur nəyəsə inan. Qurduğun bəzəkli-qotazlı, rəngbərəng səhnəni nə bahasına olursa, olsun, qoru.

Bütün illuziyalar bir sualın qarşısında yox olub gedə bilər. Belə bir tapmaca insanın önünə çıxanda fəlakət qopur. Bəlkə də, Nitçşə ona görə şok keçirdi. Mərhəmətin sadəcə qədim yunanlı kölələrin uydurduğu konsept olduğuna inanan Nitçşe, bəlkə də, birdən birə zavallı atı görəndə mərhəmət siciminə tutulub özündən getdi.

Doğruya yalan qədər, yalana da doğru qədər inanmalı. Belə olanda yalan və doğru intersubyektivliyi nəticə verir. Subyektiv dünyada nə yalanın, nə də doğrunun hökmüranlığı var, çünki həqiqətdə hər ikisi  yoxudurlar. Var olan insan azadlığı, bəşərin özünə olan səyahətidir.      

0