Əgər bir adamı yazırsansa, onun problemini də yazmalısan

Fabula.az

eger-bir-adami-yazirsansa-onun-problemini-de-yazmalisan

Fabula.az tərcüməçi-yazar Həmid Piriyevlə müsahibəni təqdim edir... 

Həmid bəy, ədəbi yaradıcılığınız necə gedir, nə yazırsınız?

Neçə vaxtdı roman başlamışam, onu işləyirəm. Bir də bəzi tərcümələr var. Hər gün bir neçə saatı bu işlərə sərf edirəm.

Tərcümə daha maraqlıdı, yoxsa öz əsərini yazmaq?

Əlbəttə, öz əsərini yazmaq. Tərcümə məsuliyyətli işdir. Həm də özün yazmaqdan daha çətindir. Amma o da zövqlü işdir. Ümumiyyətlə, hər iki proses maraqlıdır. Birində öz düşüncələrini yazırsan. O birində başqasının düşüncələrinə vasitəçilik edirsən.

Mirzə Səfərlə Sərçələrə poema yazan Mirzə arasında hansı analogiyalar var? Mirzənin tablaşa bilmədiyi çətinlik nədir?

Mirzə Səfərlə bizim Mirzənin tək oxşar cəhəti hər ikisinin şeirə marağıdır. Amma Mirzə Səfər o mərhələni elə cavanlığında keçib qurtarmışdı. Görmüşdü alınmır, davam eləməmişdi. Əvəzində şeir ehtiyacını başqa şairləri oxumaqla qarşılamışdı. Həmçinin mirzəliyi də onun yazmaq ehtiyacını müəyyən mənada ödəyirdi. Bütün günü dəftərxanada sənədlərin surətini çıxartırdı. Bu da başqa cür yazı prosesidir. Həyatda Mirzə Səfərə şeir həvəsini unutduracaq daha vacib şeylər vardı – uşaqları. Amma mənim qəhrəmanım Mirzə qocalsa da, o həvəsdən canını qurtara bilmir. Çünki onun həyatında maraqlı heç nə yoxdur. Tutacaq yer elə şeirdi. Bilir ki, yazdığı heç nə deyil, heç kimə də lazım deyil. Amma yenə yazır. Çünki necəsə yaşamaq lazımdı. Mirzənin tab gətirə bilmədiyi elə həyatın özüdür. Onun həyatı maraqlı deyil. O da alternativ kimi şeiri tapıb.

 “Qarğalar oturub üzü qibləyə” hekayəsində maraqlı məqama toxunmusan. Belə ictimai mərəzləri ortaya çıxaran səbəb, səncə, nədir?

Yəqin ki, Zəkinin boşanan qıza əxlaqsız kimi baxmağını deyirsən. Zəkiyə ümumiləşdirilmiş obraz demək olar. Çünki bizdə çox adam o düşüncədədir. Boşanan qıza “ov” kimi kimi baxmaq əksəriyyətin şakəridi. Əslində, hekayədə qızın nə üçün boşandığını göstərmişəm. O da başqa bəladı. Amma bunula belə, Zəki və Zəki kimi çoxları elə fikirləşir ki, qız fərli adam olsaydı boşamazdılar – boşanmazdı yox, boşamazdılar! Dərinə gedəndə ortaya çox sual çıxır, açığı səbəbini bilmirəm. Amma düzələcəyinə də inanmıram. Ən azı yaxın gələcəkdə.

Qəhrəmanların izaholunmaz bir bədbəxtlik içindədirlər, hekayələrdə nihilist bir ab-hava var.

Bədbəxtlik də, xoşbəxtlik də nisbi anlayışdı. Daimi bədbəxtlik yoxdur, mütləq bədbəxtlik yoxdur, daimi, mütləq xoşbəxtliyin olmadığı kimi. Hərdən deyirlər ki, hekayələrində sosial problemləri çox qabardırsan. Mən adamları yazıram və əgər bir adamı yazırsansa, gərək onun problemini də yazmalısan. Qəhrəmanlarım hamısı sıravi adamlardı. Öz guşəsinə çəkilib problemləriylə əlləşən adamlar. Heç birinin ali məqsədi, hədəfi yoxdur: fəlsəfəyə uymurlar, dünyanı xilas etmək istəmirlər. Onların dərdi yaşamaq dərdidir. Onlar sadəcə yaşamaq istəyir və təəssüf ki, heç bunu da əməlli-başlı bacarmırlar...

Alkoqolizm bir çox qəhramanının bədbəxtliyidi. Belə situsasiyalarla çox qarşılaşmısan?

Qəhrəmanlarım əksəriyyəti sadəcə içir. Cəmi iki qəhrəmanım əyyaşdı. Qəhrəmanlarım üçün içki bir növ xilas kimidi, dərdin altında daha çox əzilməmək üçün vasitədi, içib rahatlaşırlar. Həyatda belə adamlar çox tanıyıram. İçməsə, başqa dəlilik eləyə bilər.

Ədəbi yaradıcılıqda zəif gördüyün yönlərin var. Varsa, bunları təkmilləşdirmək üçün nə edirsən?

Əlbəttə, var. Amma bir şey də var ki, yazıçı heç vaxt mətnindən tam razı qalmır. Yəni hekayəni fikirləşdiyin kimi kağıza köçürtmək mümkün deyil. Çapa verdiyim hekayələrdən təxminən otuz-qırx faiz razı qaldıqlarımdı. Qüsurlarımın da bəzilərini bilirəm, indi burda xırdalamayım. İstənilən halda sabah bugünkündən daha yaxşı yazacağıma inanıram. İnanmasam, bir də yazmaram. Məncə, təkmilləşmək üçün xüsusi düstur yoxdur. Qüsurların zamanla, yaza-yaza aradan qalxacağına inanıram. Davamlı oxuyuram, bacardığım qədər həm müasir ədəbiyyatı, həm də klassik ədəbiyyatı izləməyə, oxumağa çalışıram. Belə...

 

Müsahibəni hazırladı: Qəfər Rüstəm.

  

0