Borxes

Elif Şafak

borxes

Borxes... Çox oxuduğum, çox ehtiram etdiyim, yaradıcılığını çox sevsəm də, bəzən şəxsiyyəti və dünyagörüşünə tənqidi yanaşdığım, labirint kimi dolambaclı cümlələrində azdığım, oğluma onun bir əsərinin (Zahir) adını verdiyim yazıçıdır. Əsl adı Xorxe Fransisko İsidoro Luis Borxes Asevedodur. 1899-cu ildə Buenos-Ayresdə dünayaya gəlmiş, uşaqlıq illərini müxtəlif şəhər və ölkələrdə keçirmişdir. İsveçrə, İspaniya bu şəhərlərdən bir neçəsidir. Borxes bir deyil, bir çox dillərdə danışar, bəzən bir dilin içində özü üçün dillər, üslublar qurar, şaxəli-şaxəli yollar açar...

Borxes böyük yazıçı olmaqla yanaşı, həm də mahir tərcüməçidir. Digər oğlan uşaqları kimi oyunlara, dava-dalaşlara heç vaxt marağı olmayıb. Bu səbəbdən bəzən özündən utanar, uşaqların yanında özünü "natamam kişi" hesab edərmiş. Onun bütün dünyası kitablardan ibarət idi. Bu sözlər Borxes dünyasını necə də gözəl təsvir edir: "Uşaqlıq illərimin ən böyük hədiyyəsi nədir, bilirsiz? − Atamın kitabxanası." Evdəki kitabxanadan romanlar götürüb oxumaq, yaşı çatmasa da, onların dəryasına dalmaq ona verilən ən böyük hədiyyə idi. Uşaqlıqda mütaliə Borxesin ən sevdiyi məşğələ olub. Böyüyəndən sonra da kitablara olan marağı heç vaxt sönməyib. Təsadüfi deyil ki, onun birinci işi kitabxanaçılıq olub.

Anadangəlmə gözləri zəifdi, yaşı irəlilədikcə vəziyyəti daha da pisləşmiş, daha sonra tamamən gözünün nurunu itirib. Tənqidçi və ədəbittarşünaslar korluğun onun xəyal gücünü daha da qüvvətləndirdiyini deyirlər. O bu "gerçək" dünyanı görmürdü, amma xəyal aləmində qanad açıb uçurdu. Bəlkə də, ona görə yazıları fövqəlreal hadisələr, obrazlar və məxluqlarla doludur. "Biz korlar qədər həyatı kim sorğulayıb?" deyirdi. İki gözü bağlı olsa da, üçüncü gözü daim açıq idi.

 

Rəssam: M.K.Perker

Sevənləri, yaxınları ona kitab oxuyardılar. Borxesə ən çox kitab oxuyan isə anası idi. Yeganə oğlunun romanların dünyasından ayrı qalmaması üçün böyük fədakarlıqlar göstərər, saatlarla yanında oturub kitab oxuyardı. Borxes isə xəyallar quraraq kəlmələri su kimi ruhuna hopdurub onu dinləyərdi.  

1961-ci ildə Semyuel Bekket (Samuel Beckett) ilə birlikdə Beynəlxalq Qran-Pri mükafatına layiq görülüb. Uzun illər subay yaşayıb, ailə qurmayıb. Anasına bərk bağlı olub. Anası doxsan yaşına çatanda ailə qurması üçün təzyiq göstərməyə başlayıb. Qocalan ana dünyaya vida etmədən əvvəl oğlunu onu sevən bir qadına əmanət etmək istəyirdi. Lakin Borxesin ailə həyatı üç ildən artıq çəkməmişdir. Boşanar-boşanmaz yenə anası ilə yaşamağa başlayır. Ta, anası doxsan doqquz yaşında vəfat edənədək.

Bu illərdə Latın Amerikada komunizm ideologiyası həm nəzəri, həm də əyanı baxımdan "şaha qalxmışdı". Borxes isə özünü heç bir siyasi hərəkata yaxın hiss etmirdi. Fərdə, fərdiyyətçiliyə üstünlük verir, bir sənətkar kimi dövlətin və kollektiv mənsubiyyətin hökmranlıq etdiyi sistemlərdə özünü rahat hiss etmirdi. Peron hakimiyyətə keçəndə Borxes nəinki yeni iqtidara dəstək verməmiş, hətta onu kəskin şəkildə tənqid etmişdir. Xuan Peronu "zalım", arvadını isə "ləçər" adlandırmışdır. Borxesin Nerudadan da xoşu gəlməzdi. Onun yaxşı şair olmağına baxmayaraq, zəhləsiz adam olduğunu deyərdi.

Latın Amerikanın Sovet Birliyinə verdiyi qeyd-şərtsiz dəstəyi heç vaxt qəbul etməmişdir. Gəl gör ki, Borxesin komunizmə olan böyük nifrəti onu 1970-ci illərin əvvəlində hərbi xuntaya dəstək verməyə sövq etmişdir. Lakin çox keçmədən Borxes səhvini anlamış, bu dəfə də xunta əleyhdarlığına başlamışdır. 1934-cü ildə Argentinanın radikal millətçilləri, eynilə bizdə olduğu kimi, Borxesin "əsl argentinalı" olmadığını irəli sürdülər. Onu gəlmə adlandırdılar. "O, əsl argentinalı deyil, çox güman, damarlarında yəhudi qanı da var", − dedilər. Bu çıxışlara Borxes, kimlik və ayrı-seçkilik anlayışlarını alt-üst edən güclü bir şeirlə cavab vermişdir. Eyni kəskinlikdə Nasizm ideologiyasını da tənqid edərdi. Nifrət aşılamağı cinayət hesab edər, Almaniyada faşist ideologiyasının sürrətlə yayıldığını görüb dəhşətə gələrdi. Nasizmin həyat deyil, ölüm fəlsəfəsi olduğunu deyərdi. “Çünki uğrunda ya ölməli, ya da öldürməlisən." Borxes qadınları təsvir etməkdə və anlamaqda aciz idi. Nəhəng əsərlər ərsəyə gətirmiş, bir o qədər də çoxlu xətalar işləmişdi. Diktator Pinoçetin əlindən mükafat almağı bu xətaların, bəlkə də, ən böyüyü idi. Yenə də Borxes günah və savabları ilə oxucuların yaddaşında əzəmətli bir çinar, nəhəng bir yazar kimi həkk olunub. 

Elif Şafak, "Şemspare", səh.145

Mustafa Ruşan

0