Yazıçılarını sevən şəhərlər

Elif Şafak

yazicilarini-seven-sheherler

Şotlandiya balaca ölkədir. Amma elm, fəlsəfə, incəsənət və ədəbiyyat sahələrində çox böyük şəxsiyyətlər yetirib. Edinburqa dünyanın hər yerindən turistlər axışır. Və bu turistləri gəzdirən əksər bələdçilərin dediyi bir söz var: "Bura yazıçılar və şairlər şəhəirdir. İnsana ilham verir."

Girdiyimiz hər küçədə, hər meydanda, ayaq atdığımız hər məkanda hökmən bir yazıçının, mütəfəkkirin, ya da şairin izinə rast gəlirik. Məsələn, qədim daşdan tikili bir evin üzərində "Robert Berns birinci dəfə şəhərimizə gələndə bu evdə yaşayıb və yaradıb" yazılıb. 1759-ci ildə dünyaya gələn və 1796-cı ildə vəfat edən Rober Bern, bir mənada, şotlandların milli qəhrəmanıdır.  
Məsələn, bir restorana giririk. Bu məkan da bir yazçının əsərlərinə həsr olunub. Yemək yeyərkən onun həyatından oxuyur, əsərləri haqqında məlumat alırıq. Hər tərəfdə ədəbiyyat, incəsənət və mədəniyyətdən söhbət açılır. Çünki şotlandalar bir məqamı yaxşı dərk ediblər. Müasir dünyada, bu yeni yüz ildə ölkələrarası üstünlük ancaq mədəniyyətlə mümkündür. Nə elm, nə iqtisadiyyat, nə siyasət, nə ideoloji konfliktlər... Bu dövr mədəniyyətin böyük əhəmiyyətə mindiyi və əsas meyara çevrildiyi bir dövrdür. İndi cəmiyyətləri mədəni dəyərlərinə görə ya tənqid edir, ya da alqışlayırlar.  
Keçmişdə olduğu kimi, bu gün də Edinburq yazıçılarına arxa çıxır və onlara ehtiram göstərir. Tez-tez "Harri Potter" silsiləsinin müəllifi C.K.Roulinqin adı hallanır. Şəhərə gələndə qaldığı hotel, əsərlərini yazdığı kafelər, yemək yediyi restoranlar, dərs dediyi sinif... Hər yerdə bu cür kiçik, amma maraqlı detalları göstərən lövhələr görürük.

Gəzinti zamanı bir dostum deyir: "Əhsən! Gör Edinburq nə qədər sənətkar yetirib!"
Düzdür. Amma gəlin bir düşünək. Osmanlı dövründən indiyədək İstanbul az yazıçı, şair, mütəfəkkir, xəttat, məddah, teatr sənətkarı, karikaturaçı və rəssam yetirib? Sayı-hesabı yoxdur. Yetirməyinə, yetirib, amma onların izləri hanı? Yaşadıqları evlər, dərs dedikləri fakültələr, yazılarını yazdıqları masalar, gəzdikləri parklar, ilham aldıqları məkanlar hanı? Tarixdəki qızıl izləri hanı? Mədəniyyət damcı-damcı toplanan gölə bənzəyir. Kərpic-kərpic tikilən binaya oxşayır. Bir də mədəniyyət bizdən vəfa gözləyir. Bizdən onu öyrənməyimizi, ona sevgi, qayğı göstərməyimizi, haqqında təfəkkür etməyimizi və əmək verməyimizi istəyir! Mədəniyyəti inkişaf etdirməyin yeganə yolu budur.

Bu açıq məktubdur. İstanbul Böyükşəhər Bələdiyyəsinə xitab edilir. Niyə də yox? Niyə bölgələrdə, küçələrdə, ictimai məkanlarda kampaniyalar keçirilməsin? Məsələn, hamı həmin bölgədə yaşayıb-yaradan incəsənət xadimlərinin izlərini axtarıb tapsa, pis olar?

Niyə Hüseyin Rahmi Gürpınarın, Yahya Kemal Beyatlının, Halide Edip Adıvarın, Ahmet Hamdi Tanpınarın və digər yazıçı, şair, rəssam və mütəfəkkirin adlarını şəhərə səpələmirik? Niyə yaşadıqları evlərə lövhələr vurmyaq, küçələrə heykəllərini qoymayaq, məkanlara adlarını verməyək, baş çəkdiləri, yazılarını yazdıqları, ya da fikir mübadiləsi apardıqları kafeləri üzə çıxarmayaq. Xülaseyi-kəlam, niyə bir "İstanbul ədəbiyyat xəritəsi"ni çıxarmayaq?

Vəfa borcunu ancaq turistlərə "Əhsən! İstanbul nə qədər sənətkar yetirib!" dedirtməklə ödəmək mümkündür.

Elif Şafak, "Şemspare", səh.: 185

Tərcümə: Mustafa Ruşan

0