"Otel Kaliforniya" və Nəcib Fazil

Xatirə Nurgül

quot-otel-kaliforniya-quot-ve-necib-fazil

Şeiri çox sevirəm. Fikrimcə, dünyanı xilas edəcək gözəlliklərdən biridir şeir.  Hə, dostum, şeir yaddaşını vərəqləyir, xatirələrini dilləndirir, səni sən edir (insan məhz xatirələri ilə bütövdü). Boz-bulanıq fikirlərdən arındırır beynini. Düşüncələrini gəmirən yalquzağın sərt üzündən uzaqlaşdırır. Ona görə də için qaraldısa, şeir oxu, kədərlisənsə, şeir oxu, heç nə düşünmək istəmirsənsə, yenə şeir oxu...

Bu cümlələri yazan zaman çox sevdiyim türk şairi Nəcib Fazili düşünürəm,  Nəcib Fazili və onun "otel odaları"nı. Bir merhamettir yanan, daracık odaların, İsli lambalarında, isli lambalarında.

Oteldəki kiçik otaqda nəhayətsiz kədərinə sığınan, bohem həyat tərzinə uyğunlaşsa da, hətta ətrafındakı közərən lampalardan da mərhəmət gözləyən şəxsin şeiridir bu. Sanki batmış gəminin sağ qalmış sonuncu sərnişininin sığındığı limandır bu otaq.

Bəs bu musiqi səsi hardan gəlir? Necə də xoşdur dinləmək... Sanki notlar otağın divarlarına toxunub döşəməyə səpilir. İşıq kimi dağılır hər tərəfə. Ah, bu ki Eaglesin "Hotel Californiya"sıdır. Bircə kəlmə gəlir dilimin ucuna "Əfsanə". Nədənsə hər dəfə mənə elə gəlir ki, bu mahnını yuxuda dinləyirəm, ya da mahnı özü yuxudur, mən də bu yuxunun seyrçisi. Nə qəribədir, musiqinin həqiqətən də, dili olmur. O, hisslərin dilindən süzülüb axır ürəyimizə, beynimizə. Qəribə suallar yaranır fikrimdə - görəsən, ən gözəl mahnılar hansı anlarda yazılır? Kədərli, yoxsa xoşbəxt zamanlarda?

Ya da şeirin oxucuya əta etdiyi gözəlliyinin vasitəçisi hansı vəziyyətdir?

Məsələn, fikrimcə, "Otel odaları" tənhalığın şeiridir, tənha adamın şeiri. Həyatı təklikdə yaşayan, ölümü tək-tənha qarşılayan adamın şeiri. Yəni bizim hamımızın, insanlığın şeiridi. Otel otağı tənha adamın məkanıdı. Bu otaq mərhəmət duyğusu ilə qarşılayır onu, bağrına basır, tənhalığını bölüşür...

Atılan elbiseler, boğazlanmış bir adam,

Kırık masalarında, kırık masalarında.

Nəcib Fazilin şeirindəki otaq həm də müvəqqəti yaşadığımız dünyadır. İnsanın dünyada qalıcı olmadığını xatırladan misralar həm də həyatın yalqızlıq rəngli örpəyə bürünməsini ifadə edir.

Ağlayın, aşinasız, sessiz, can verenlere,

otel odalarında, otel odalarında!..

Əksər hallarda insanın tənhalığı ya da fiziki təkliyi potensial faciəni gizləyir özündə. Sükuta bürünmüş vücudu ilə dörd tərəfdən mühasirəyə alındığı divarlara gah meydan oxuyurmuş kimi, gah da yazıqcasına baxıb yaşadığı ən xoşbəxt və ən bədbəxt günləri xatırlayır. Sonra da eyni ahənglə gözlərini yumub özünü sükutun ixtiyarına buraxır. Səssiz halda vidalaşır həyatla, gözlərində divarların əksi.

Gelip geçen her yüzden gizli bir akis kalmış,

Küflü aynalarında, küflü aynalarında.

Yalqızlıq epidemiya kimidir, toxunduğu yerdə izlərini buraxır. Əyləşdiyi masada, dincəldiyi divanda, hətta baxdığı güzgüdə belə cizgiləri qalır tənha adamın...

"Otel Kaliforniya" 1970-ci illərdə meydana çıxmış, qısa zaman ərzində populyarlıq və dinləyici sevgisi qazanmış nəğmədir. Rok üslubunda ifa olunan bu mahnının haqqında onlarla əfsanə yaranıb, fərqli baxışlar sərgilənib. Lakin mahnının  "siz istədiyiniz zaman otağı boşalda bilərsiz, amma birdəfəlik çıxıb gedə bilməzsiz" şəklindəki son misraları insanın həyata və ölümə məhkum olunduğunu bir daha nəzərə çatdırır. Yəni insan ən yaxşı halda mövcud olduğu yeri müvəqqəti olaraq, müəyyən zaman ərzində bir neçə addım məsafədə tərk edib, təkrar geri qayıtmağa məcburdur.

Nəcib Fazil türkdür, türk şairidir, ən çox  1928-ci ildə nəşr edilmiş "Kaldırımlar" adlı şeir kitabı ilə məşhurlaşmışdır.  "Eagles" 1971-1981-ci illərdə fəaliyyət göstərən, tərcümədə "qartallar" mənasını verən Amerika rok qrupudur.  "Hotel Californiya" həm də qrupun 1976-cı ildə buraxdığı musiqi albomlarından birinin adıdır.

Göründüyü kimi ilk baxışda onları heç nə birləşdirmir. Lakin... "Otel Kaliforniya" da Nəcib Fazilin "Otel odası"  kimidi, yalqız və səssiz. Unudulmuş şəxslərin və unudulmaq arzusunda olanların sığınacağıdır... son mənzilidir. Həm özü, həm də dünya ilə vidalaşıb axirətə gedərkən yolunu buradan salır insan, vida edir dünəninə, bu gününə. Ümidlərini, arzularını elə həmin otaqdaca dəfn edib  yol alır sonsuzluğa doğru.

Stanislavski demişdir ki, hər fikir əvvəlcə duyğu olur. İş başında, yol gedərkən, ya da sükutun boşluğuna yuvarlandığın zaman o müdhiş duyğular yapışır əllərindən, çəkib aparır adını belə duymadığın uzaqlara. Uzaqlarda onu nəyin və ya kimin gözlədiyini biləcək qüdrətdə bəsirət gözü yoxdursa, ixtiyarındakı hər anın gözəlliyinin fərqinə varmaq məcburiyyətindədir insan. Əks halda tənhalıq dənizinin dalğalarının onu hansı limana atacağını bilmədən uzaq diyarlara səyahətə çıxan sərnişinə çevriləcək../edebiyyatqazeti.az

 

0