Mütaliənin effektivliyini necə artırmaq olar?

Fabula.az

mutalienin-effektivliyini-nece-artirmaq-olar

Rəqəmsal texnologiya və sosial medianın geniş yayıldığı bir dövrdə diqqəti bir yerə cəmləmək gündən-günə çətinləşir. Sürrətlə baxıb keçdiyimiz informasiya axınına vərdiş edən beyin uzun müddətli oxudan yorulur, diqqət bir neçə səhifədən sonra zəifləyir, informasiya praktiki olaraq qavranılmır. Beləcə, nəinki mütaliənin fayda və zövqü azalır, hətta oxuma vərdişinin özü sual altında qalır.

Mütaliə zamanı diqqəti artıran bir neçə məsləhəti sizinlə bölüşmək istəyirik:

Diqqətinizi dağıdan hər şeydən uzaqlaşın

Bu birinci məsləhəti hamı bilir, ancaq yerinə yetirəni azdır. Oxuya başlamadan əvvəl bütün qadjetləri (smartfon, planşet, kompüter, peycer və s.) söndürün. Yaxşısı, gözdən uzaq bir yerə qoyun. Ən idealı texnikanın olmadığı, özünüzü rahat hiss etdiyiniz, sakit bir yer seçin.

• Nizam-intizama vərdiş etməyə çalışın

Özünüzə bir məqsəd qoyun və məqsədə aparan ən asan işdən başlayın. Minimal fasiləsiz mütaliə vaxtı müəyyənləşdirin. Məsələn, əvvəlcə 10 dəqiqə ilə başlayın, sonra hər gün 5 dəqiqə artırın. Bu vaxt diqqətinizi yayındıran hər şeydən, hətta öz düşüncələrinizdən belə uzaq olsanız, yaxşı olar.

• Təfəkkür üçün vaxt ayırın

Əgər mütaliə zamanı fikrinizin yayındığını hiss edir və oxuduğunuzdan məna tuta bilmirsinizsə, kağız və qələmlə "silahlanıb" oxuduğunuzu aydınlaşdırmağa çalışın. Personajların siyahısını çıxarın, məkan və zamanı qeyd edin, müəllifin sizə nə çatdırmaq istədiyini düşünün. Oxuduğunuz hissəni mənimsədikdən sonra oxuya davam edin.

• Gündəlik beyninizi məşq elətdirin

Xüsusi məşqlər var ki, təfəkkür qabiliyyətini inkişaf etdirir. Texnologiya əsrində bu heç də çətin deyil. Bu cür inkişaf oyunlarını "GooglePlay" və "AppStore"dan da tapmaq mümkündür, ancaq "wikium.ru" saytındakı xüsusi onlayn-trenajorlar daha effektivdir. Bu saytda kompüter proqramları ilə yanaşı, siz həm də individual gündəlik məşq proqramları da əldə edə bilərsiniz.

Bu baxımdan onlayn-trenajorlar çox effektiv olub istifadəsi asandır. Diqqət dağınıqlığını bir dəfəyə aradan qaldırmaq mümkün deyil. Beyin funksiyasını yaxşılaşdırmaq üçün onu mütəmadi inkişaf etdirmək lazımdır.

 

Tərcümə etdi: Mustafa Ruşan

 

0