Üsyankar şairə – Füruğ Fərruxzad

Elif Şafak

usyankar-shaire-furug-ferruxzad

1935-ci ildə Tehranda bir qız uşağı dünyaya gəlir. Yeddi uşaqlı ailədə böyüyür. Qardaş- bacılarından, həmyaşıdlarından fərqli olur. Sual dolu baxışları, çoxbilmişliyi və maraq hissi ilə hövzəsinə sığmayan coşqun çaylara bənzəyir. Kitab oxumağa, şəkil çəkməyə, dünyanı dərk ətməyə, ən çox da incəsənətə vurğun olur. Bu qız böyüyür və Füruğ Fərruxzad olur.        

O dövrdə İranda rejim indikindən fərqli olsa da, cəmiyyət qapalı idi. Füruğ ərə gedəndə yaşı az idi. On altı yaşı vardı. Əri ziyalı insan idi. Evlərini kitablarla doldurmuşdular. Bir ildən sonra oğlu dünyaya gəlir. Adını Kamyar qoyurlar. Ancaq onun ailə həyatı uzun çəkmir. İki il sonra ailədaxili münaqişələrdən boşanır.

Füruğun o dövrün İranında yazıb dərc etdirdiyi çox cəsur bir şeiri var. Günahlar və günahkarlar haqqında... Birinci misrası belədir: "Mən bir günah işlədim". Bu şeirdə cavan şairə başqa bir kişiyə olan məhəbbətindən və gizli eşqindən bəhs edir. Bir mənada özünü ifşa edir, öz-özünü sorğuya çəkir. Şeir dərc olunan kimi aləm bir-birinə dəyir. Həm cəmiyyətin müxtəlif təbəqələrindən təhqiramiz tənqidlərə məruz qalır, həm də ailəsindən, xüsusilə də qaynanasından ağır ittihamlar eşidir. Oğlunu görməyə qadağa qoyulur, himayədarlığı əlindən alınır. Cəmiyyət ona çirkli, namussuz bir qadın gözü ilə baxır. Füruğu ən çox tənqid edən və onu cəmiyyətdən təcrid edənlər isə ziyalı təbəqə olur. 1955-ci ildə birinci şeir kitabı çapdan çıxır. Ürəkdən, səmimi sözlərlə yazan Füruğun hər misrası bir fəryaddır.

Cavan və dul bir qadının patriarxal bir cəmiyyətdə yaşaması çox çətindir. Füruğ kimi çərçivələrə sığmayan, azadlığa vurğun olan bir qadın üçün isə dözülməzdir. Lakin o mətənaətini əldən vermir. Yazmağa davam edir. Dalbadal iki kitab daha çap elətdirir. Birinin adını  "Divar", o birinin isə "Üsyan" qoyur.

Füruğun yazıdan başqa incəsənətin digər sahələrinə də marağı və istedadı vardı, xüsililə də, rəsm və kino sahəsinə. 1962-ci ildə o, sənədli film çəkir. Mövzusu: "İranda cüzamlı olmaq!" Filmdə cüzamlı insanların həyatından bəhs edir. Sənədli film dəfələrlə beynəlxalq mükafatlara layiq görülür. Füruğ bu sənədli filmin çəkimləri zamanı, həqiqətən, cüzamlı insanlarla yaşayır, onlarla birlikdə qalır. Üstəlik, cüzamın keçici olduğuna inandıqları bir dövrdə. Çəkimlərdə bir oğlan uşağı ilə qarşılaşır. Hüseyn adlı bu şirin oğlanın atası da, anası da cüzamdan əziyyət çəkirdilər. Füruğun ana ürəyi yanır. Onu övladlığa götürməyə qərar verir. Ailəsindən razılıq alır. Onu evinə gətirir, yedirir, içirir, oxudur, böyüdür. Füruğ dəlisov qadındır. Ürəyi geniş, xəyalları hüdudsuzdur. Ona "günahkar" deyənlər onun dünyasını anlaya bilməzlər.  

Rəssam: M.K.Perker

1963-cü ildə bir kitabı daha işıq üzü görür. Adını "Başqa bir doğum" qoyur. Bu kitab İran şeirinin ən böyük nümunələrindən hesab edilir. Avropada bir iranlı, İranda bir avropalı kimi yaşamalı olur. Sənətkardır və yalqızdır... Övladlarına biganədir, amma onları çox sevir. Kişilərlə əlaqələri enişli-yoxuşludur, ümidləri puçdur. Yanan, özünü əridib yox edən şam kimidir. Bir də sürəti çox sevir Füruğ. Ən sevdiyi şey maşını maksimum sürətlə sürməkdir. Yaşadığı cəmiyyəti ləng, qapalı və yeknəsək görür, heç nə onu qane etmir. Qane olmağı bacarmır. Həmişə yüksək sürət tələb edir. Sərhədlərin o üzünə keçmək istəyir. Və bir gün yüksək sürət həyatına son qoyur.

Şəriət rejimi gəldikdən sonra İranda bütün kitablarına qadağa qoyulur. Onu öyrənmək, anlamaq istəyənlərə tədqiqatçı professor Farzaneh Milaninin araşdırmalarına müraciət edə bilərlər. Amerika vətəndaşı olan Farzaneh Milaninin böyük əmək verərək apardığı tədqiqat işlərində alim, Füruğ haqqında böyük məhəbbətlə bəhs edir. Maraqlananlar üçün əsərinin adı "Veils and Words: The Emerging Voices of Iranian Women Writer."

Cavan qızlardan məktublar alıram. Haqlı şikayətləri var. Yaşadıqları şəraitdən və ya qarşılaşdıqaları çətinliklərdən gileylənirlər. Əgər bu yazını oxuyan, oxuyub yazıçı olmaq, şair olmaq, rejisor olmaq, musiqiçi olmaq, incəsənətlə məşğul olmaq istəyən, lakin insanların təzyiqlərindən, ya da tolerant olmamağından həvəsini itirən qızlar varsa, onlara kiçik bir tövsiyəm var. Füruğ adlı dəlisov qadın bütün bunları 40-cı illərin, 50-ci illərin İranında bacara bildisə, çıxıb: "Mən şairəm" dedisə, sözünün arxasında dayandısa, bu gün Türkiyədə qadınlar qat-qat çox iş görə bilərlər. Bir-birimizin həyatlarından, başından keçən əhvalatlarından, sənətindən, savablarından və bəzən xətalarından dərs çıxarıb həzz alaraq irəli gedə bilərik.

"Firarperest", Elif Şafak, səh.: 168

Hazırladı: Mustafa Ruşan

0