Dostoyevski və Tolstoy − nəhənglərin qısqanc münasibəti

Fabula.az

dostoyevski-ve-tolstoy-nehenglerin-qisqanc-munasibeti

Yeddi yaş böyük olan Dosteyevski (1821-1881) Peterburqda, Tolstoy (1828-1910) isə Moskva yaxınlığında Yasnaya Polyanada yaşayırdı. İkisi də ortaq dostlarının çox olduğu bu şəhərlər arasına özləri üçün səd hördülər.

Cəmisi bircə dəfə eyni məkanı bölüşdülər. 1878-ci ildə filosof Vladimir Solovyofyevin “Tanrının insanı” adlı konfransında. Ancaq heç kim onları bir-birinə təqdim etmədi.

Dostoyevski 1880-ci ildə Puşkin abidəsinin açılış çıxışı üçün Moskvaya gəlir. Buradan Yasnaya Polyanaya getmək istəyir. Ancaq Tolstoyun “dəli olduğunu" eşidir və fikrindən daşınır.

Dostoyevski dövrün məşhur tənqidçilərindən Straxova yazdığı bir məktubda Tolstoyu bəsit bir kənd romançısı kimi tanıdır. Və onun daha deyiləsi sözünün qalmadığını bildirir. Bununla ona “Rusiyanın yeni ikonası mənəm” demək istəyib.

Tolstoy da ölmədən bir müddət əvvəl: “"Karamazov qardaşları”nı oxudum. Hər yerdə Dostoyevskinin özü danışır, əsərin ayrı-ayrı obrazları yoxdur. Obrazların nitqi özünəməxsus deyil".Üstəlik, hamı tək və eyni cür danışır”, demişdi.

Dostoyevski əvvəl sosialist və çar düşməni, daha sonra qatı dindar, çar müdafiəçisi, qərb düşməni və millətçi oldu. 1849-cu ildə Peterburqdakı sabit rejimə qarşı bir tədbirdə iştirak etdiyi üçün qaranlıq zindana atılır. İstintaq səkkiz ay davam edir. Bu müddət ərzində o, yuxusuzluq, babasil, zehin qarışıqlığı və epilepsiyadan əziyyət çəkir.

Sonra 15 nəfərlə birlikdə güllələnmək üçün Semyenovsk meydanına gətirilir. Əsgərlər atəş edən vaxt əfv fərmanı gəlir.

Ölüm cəzası həbsə çevrilən Dostoyevski Sibirdəki Omsk həbsxanasına göndərilir. Peyin içində 150 oğru və qatillə birgə ömrünün dörd ilini keçirir. Bu müddətdə buradakı insanların həyatlarını, xarakterlərini mənimsəyir. Aşağı təbəqənin həyat şəraiti ilə tanış olur və rus həyatını öyrənir.

Dostoyevskinin “Ölü evdən qeydlər” əsəri Tolstoyun ən çox bəyəndiyi kitab idi. Qismən avtobioqrafik səciyyə daşıyan kitabda Dostoyevskinin sürgün həyatı təsvir olunurdu.

Tolstoy Straxova belə yazır: "Bir neçə gün əvvəl özümü pis hiss etdim. Sonra "Ölü evdən qeydlər”i oxudum. Ona görə ki, çox şey yadımdan çıxmışdı. Və təzədən oxudum. Puşkin də daxil müasir ədəbiyyatımızda bundan daha yaxşı bir kitab olmadığını deməliyəm. Dostoyevskiyə əgər rast gəlsəniz, nə olar, onu sevdiyimi deyin.”

Kitabdakı həbsxana, məhkum və nəzarətçi obrazları Tolstoya çox təsir etmişdi. O, həmişə yoxsul və təzyiq altında olan insanlardan  yazmaq istəyirdi.  Buna bir neçə il sonra "Dirilmə" romanında nail olacaqdı... 

Dostoyevskinin ailəsi Moskovada yaşayırdı. Atası alkoqolik idi. Həm də epilepsiya xəstəsiyi var idi. 3 qardaşının da ikisi sonradan atası kimi alkoqolik oldu.

Anasını vərəmdən itirəndən sonra Peterburqa, hərbi mühəndislik məktəbinə göndərilir. Atası tarlalarında çalışan muzdurlara pis davrandığı üçün qızı ilə birlikdə öldürülür. Bu xəbərdən sonra 18 yaşlı Dostoyevski epilepsiyaya tutulur.

Dostoyevski sürgündən sonra Peterburqa qayıdır. Burada 21 yaşlı Polina Suslova  tanış olur. Onlar 1863-cü ildə Avropa səyahətinə çıxırlar. Berlin, London, Florensiya, Köln, Paris, Venesiyaya gedirlər. dayanmadan bir şəhərdən o birinə gedirlər.

Həyatında ilk dəfə qumar oynayır və 10 min mark udur. Günlərlə davam edən içki məclisindən sonra qazandıqlarını qumar masasında qoyur. Ancaq yenə oynamağa davam edir. Nəticədə, borca batır.

Vəziyyətdən çıxmaq üçün kitablarının müəllif hüquqlarını bir redaktora satır. Üstəlik, müqaviləyə görə 26 gün ərzində yeni bir roman da yazmalı idi.

Bu işə görə stenoqraf tutur. 26-cı günün axırıncı saatında "Qumarbaz" romanını bitirir. Həm də xoşbəxtliyə qovuşduğu stenoqraf Anna Qriqoryevna Snitkina ilə 1867-ci ildə evlənir. Aralarındakı yaş fərqinə baxmayaraq, birlikdə xoşbəxt günlər keçirirlər.

Tolstoy iki yaşında anasını, doqquz yaşında da atasını itirir. Qraf olan atası 1812-ci ildə Napoleona qarşı vuruşmuşdu. 16 yaşında hüquq və şərq dilləri oxumaq üçün universitetə başlayır, amma universiteti bitirə bilmir.

Gənclik illərində dərslərə baş qoşmur. İçki məclisləri və qadınlara üstünlük Verir. Yaxşı bir qumarbaz olur.

1854-cü ildə Krım müharibəsinə (1853-1856) zabit kimi qatılır. Dostoyevski kimi ölümlə üz-üzə gəlməsə də, 1857-ci ildə Parisdə gördüyü edam səhnəsini ömrünün axırına kimi xatırlayır.

Avropaya etdiyi ikinci səfər (1860-1861-ci illər) Tolstoyun həm siyasi, həm də ədəbi düşüncələrini köklü şəkildə dəyişir. Parisdə Viktor Hüqo ilə tanış olur. "Səfillər" romanından çox təsirlənir. “Hərb və sülh”də “Səfillər”in izlərini görmək olur.

Brüsseldə sürgündə olan Proudxonla da tanış olur. Onun anarxist fikirlərinə rəğbət bəsləyir.

Tolstoy dövlətlərin təbiətlərinə uyğun təcavüzkar olduğunu düşünürdü. Buna görə inamlı pasifist oldu. Mülkiyyət hüququnu mühakimə etdi. Torpaqlarında fəhləlik edən kəndlilərin həyat şəraitini yaxşılaşdırmaq üçün işə başladı. Onların uşaqları üçün mktəblər tikdi. Özü də onlar kimi fəhlə paltarı geyinib tarlada işlədi.

Tolstoydan fərqli olaraq Dostoyevski həyata qarşı optimist idi. Bəzi vərdişləri var idi. Zərif paltarlarını geyinmədən yazı masasına oturmazdı.

Tolstoyun da cavanlığında Dostoyevski kimi qumarbaz olduğunu görürük. Hətta qumar ucbatından Tolstoy Yasnaya Polyanadakı bağ evini satmaq məcburiyyətində qalır.

Yeni sahib ərazidəki kiçik bir binada qalmasına icazə verir. Bu dəfə Tolstoy bilyardda uduzur. Borc müqabilində "Kazaklar" romanını (1863) bir naşirə müftə verir.

Tolstoy 34 yaşında özündən xeyli kiçik Sofya Andreyevna ilə evlənir. Bu evlilikdən 13 uşaq dünyaya gəlir.

Sofya onun əl yazımalarını kağıza köçürür, (Hərb və sülhü yeddi dəfə köçürmüşdü), pul işlərinə baxırdı. Ancaq ərinin pullarını boş yerə xərcləməsinə, siyasi baxışlarının radikallaşmasına və rus kəndlisi kimi geyinməsinə tab gətirmirdi.

Xüsusilə, Tolstoyun “İsanın dağdakı vəzi”ni oxuyandan sonra bütün müəllif hüquqlarından imtina etməsi Sofyanın səbir kasasını daşdırmışdı.

Amerikalı yazıçı Cey Pariniyə görə, Tolstoyun o vaxt üçün "dəlilik" kimi görünən din, pasifizm, vegeteryanlıq məsələləri ilə bağlı sorğulayıcı mövqeyi bu gün də çox aktualdır.

Tolstoyun “Tanrının səltənəti qəlbimizdədir” əsərini oxuyan Mahatma Qandi bu əsərdən çox təsirlənir. Tolstoyla məktublaşmaya başlayır. Qısa vaxtda isə mehriban dosta çevrilirlər.

Tolstoyun məktubların məzmunu Çar və kilsənin ürəyincə deyildi. "Dirilmə" əsəri isə (1901) əlaqələri tamam korlayır və,  Tolstoy kilsə tərəfindən Pravoslavlıqdan kənarlaşdırılır.

Pravoslavlıqdan xaric olunanda Tolstoy Müqəddəs Sinodun ruhanilərinə cavab məktubunda yazırdı:

"Hər şey ondan başladı ki, mən öz pravoslav dinimi öz rahatlığımdan çox sevdim, daha sonra xristianlığı öz Kilsəmdən çox sevdim, indi isə həqiqəti dünyada hər şeydən çox sevirəm. Və hələ də mənim üçün həqiqət mənim anladığım xristianlıqla üst-üstə düşür.”

Əslində, Dostoyevski bir başqa Tolstoyla müntəzəm görüşürdü. Bu, çariçaya yaxınlığı ilə bilinən qrafinya Aleksandra Andreyevna Tolstaya idi. Andreyevnanın fikrincə, əgər onlar qarşılaşsaydılar, Dostoyevski Tolstoyu Pravoslav kilsəsində qalmağa razı salardı.

Dostoyevski Epilepsiyadan öldü. Dini görüşü məzardaşınakı sitatda əks olundu: “Sizə doğrusunu, ən doğru olanı deyirəm: əgər torpağa düşən buğda dənəsi ölməsə, tək qalacaq; ölsə, bol məhsul verəcək.”

Onun ölümdən sonra Tolstoy yazdı: “İndi sizə Dostoyevski barəsində nə hiss etdiyimi deyim. Düzdür, onunla heç vaxt qarşılaşmadıq. İndi başa düşürəm ki, o, mənə ən yaxın, ən əziz, ən doğma, ən vacib adam imiş.”

Tolstoy get-gedə ailəsinə olan marağı itirir. Namizəd göstərildiyi Nobel mükafatından imtina edir. “Nobel mükafatı”nın, ümumiyyətlə, yığışdırılması üçün mübarizə aparır.

Tolstoyun ölümü də həyatı və yazdığı kitablar kimi epik, komik və faciəli idi. Kitablarının müəlliflik hüquqlarından imtina etdiyini deyəndən sonra arvadıyla şiddətli mübahisə edirlər. Bundan bir neçə həftə sonra gecə yarısı kəndli paltarını geyinir, qatara minib yola çıxır. Arxasınca isə məktub qoyur:

“Bütün mən yaşda olan qocaların etdiyi hərəkəti edirəm. Mənim kimilər həyatın son günlərini sakit və tənha keçirmək üçün fani dünyadan uzaqlaşmağa çalışırlar.”

Tərk etdiyi evdə Dostoyevskinin “Karamazov qardaşları” kitabının birinci cildinin 389-cu səhifəsi açıq qalmışdı.

Qatarda sətəlcəm olur. Moskvanın cənubundakı “Astapovo” stansiyasında düşür. Stansiya rəisinin iş otağında dünyasını dəyişir.

İkisi də Rusyanın ən böyük yazıçısı olmaq istəyirdi. Buna görə bir-birlərini qısqanırdılar.

Mixail Baxtin iki yazıçını belə müqayisə edir:

“Tolstoyda bitkin fikir var. Adətən bir qəhrəman vasitəsilə bu fikir çatdırılır. Tolstoy monoloqçudur. Dostoyevski isə dialoqçudur. Tolstoy avtoritardır, Dostoyevski qəhrəmanlarını və oxucunu sərbəst buraxır.

Fərd kimi Dostoyevski çar tərəfdarıdır, yəhudilərin düşmənidir və millətçidir. Tolstoy isə hakimiyyətə qarşıdır, sərbəst və beynəlmiləldir. Tolstoy Dostoyevskini qəhrəmanları eyni cür danışmaqla tənqid edir. Ancaq Tolstoyun özü də bunu edir".

İkisini birləşdirən bir şey də vardı: ədəbi ustalıq

 

Tərcümə etdi: Fəhmin Mirzə

 

 

0