Conatan Safran Foer: “Cavanlıqda insan elə bilir ki, zaman ona məxsusdur”

Fabula.az

conatan-safran-foer-cavanliqda-insan-ele-bilir-ki-zaman-ona-mexsusdur

Tənqidçilər “Everything is Illuminated” (“Hər şey işıqlandı”) və “Extremely Loud and Incredibly Close” (“Hədsiz gurultulu və inanılmaz”) romanlarının müəllifi Conatan Safran Foeri yekdilliklə “Amerika ədəbiyyatının ümidi” adlandırırdılar. “Here I am” (“Bu da mən”) romanı isə onun böyük yazıçı statusunu birdəfəlik möhkəmləndirdi. Yazıçı müsahibədə zaman, böyümə və yazıçılıq haqqında sualları cavablandırır. 

— “Here I am” romanının digərlərindən fərqi kitabda çoxlu qısa, xaotik, sitkomsayağı dialoqların olmasıdır. Bu, HBO (2012-ci ildə Foer və Ben Stiller “All Talk” sitkomun üzərində işləyiblər. Serial təxirə salınıb, onun bəzi aspektləri “Here I am” romanına köçürülüb. Red.) ilə əməkdaşlığınızdan əlaqəli deyil ki?  

— Həqiqətən, bu romanda dialoqlar digər kitablardan çoxdur, səbəbi barədə isə bir fikrim yoxdur. Bu məndə televiziya üçün ssenari yazanda vərdiş halına gəldi. Sonraları bundan zövq almağa başladım. Adama enerji verir. Bu cür dialoqlar yazmaq çətindir, amma maraqlıdır. İnsana bir şey maraqlı oldumu, çətinlikliyi problem deyil, fürsət görür. Kitabı böyük zövqlə yazdım. Bu mənim ən şən yazı təcrübəm idi.       

— Romanlarınızın ümumi teması qlobal fəlakətlərin fonunda fərdi tragediyadır. Sizcə insanın fərdi fəlakətini duyması üçün holokost və 11 sentyabr kimi hadisələrin baş verməsi şərtdir?
— Əlbəttə, yox. Yazdığımı nə üçün yazdığımı bilmirəm. Kitab üstündə işləyəndə ona kənardan baxmır, daha çox içində oluram. Çox xoşum gələn bir zərb-məsəl var: “Quş ornitoloq deyil”. Bir iş görürsənsə, vacib deyil ki, onun işləmə mexanizmini dərk edəsən. Yazıçılar çox vaxt bir işi məhz o cür barcardıqları üçün görürlər. Tənqidçilərin işi isə şərh və məna axtarışıdır. Məncə sizin müşahidəniz doğrudur, amma yazanda mənim belə bir fikrim yox idi.    

— İl içində tənqidçilərdən romanınız barədə bir şey eşitmisiniz?
— Tənqidləri oxuyan deyiləm. Onlardan qaçmıram, sadəcə qəsdən oxumuram. Odur ki, xeyr, kitabım barədə tənqidçilərdən bir şey eşitməmişəm. Daha çox tanış oxucuların, dostlarımın fikirlərinə əhəmiyyət verirəm. Onların görüşlərini isə kitab çap olmadan almışdım.   

— Sizin “Extremely Loud and Incredibly Close” romanınız təxminən on il əvvəl çap olunmuşdu. Bəs bu on il ərzində həyatınızda nəsə dəyişiklik oldu?
— Həyatımda ən böyük dəyişiklik uşaqlarımın dünyaya gəlməsi idi. Sözsüz, bununla əlaqədar hər şey dəyişdi. Dünyadakı dəyişikliklərlə şəxsi həyatımdakı dəyişiklikləri kəskin xəttlə ayırmaq çətindir. Amma ən böyük dəyişiklik, əlbəttə, ata olmağımdır.   

— Ata olmağınız yazarlıq dünyanızda bir şey dəyişdirdi?
— Əminəm ki, dəyişidirib, amma yenə də, bu, o demək deyil ki, necə dəyişdirdiyini başa düşürəm. Ən sadə təsiri: artıq vaxtımı başqa şeylərə sərf edirəm. Ən böyük təsiri isə... Bunu demək çətindir, çünki mənim indiki həyatımı müqaisə etmək üçün uşaqlarımın olmadığı başqa bir həyatım yoxdur. Bilmirəm, onlarsız həyatım necə olardı. Amma mən zamana tamamən başqa cür yanaşıram, onun haqqında başqa cür düşünürəm, başqa cür dəyərləndirirəm. Fikrimcə, zaman zaman keçdikcə anlaşılan bir şeydir. 

— Romanlarınızı oxuyanda bir şey diqqətimi çəkdi. “Everything is Illuminated” daha çox romanda keçən hadisələrdən yarım əsr əvvəl baş verən holokosta həsr olunub, “Extremely Loud and Incredibly Close” isə yaxın keçmişdə baş verən 11 Sentyabrın nəticəslərindən bəhs edir. “Here I am” isə hadisələr burada, indi baş verir...

—Bəlkə, yaşa dolduğuma, daha çox təcrübə qazandığıma görədir. Və mən indiki vaxtdan söz açmaq istəyirəm. Yəqin, insan yaşa dolanda zamanı daha dərindən duymağa başlayır: onun necə keçdiyini, zamanın içində harada olduğunu, nə qədər vaxtı qaldığını... İnsan cavanlıqda, elə bilir ki, zaman ona məxsusdur. Təkcə gələcək deyil, keçmiş də... Yaşlandıqca, başa düşürsən ki, belə deyilmiş...

— Yazıçılıq kurslarında dərs deyirsiniz. Tələbələrinizə hansı məsləhət verərdiniz?

— Coysun (Yazıçı Coys Kerol Outs (Joyce Carol Oates) mənə dediklərini deyərdim. Bir işi başa vurmağın əhəmiyyətindən danışardım. Yaxşı idea ilə yanaşı, onu başa çatdırma yollarının vacibliyindən deyərdim. Tamamlanmamış bir romanın nə qiyməti var?! Mən tələbələrə bax bunu öyrədirəm. Həmişə onlara soruşuram ki, bir aydan, üç aydan sonra yazdığınız roman hansı vəziyyətdə olacaq? Adama sadə gəlir, amma yazıçılığın əsası budur. Yazıçılıq təkcə kitab üstündə işləmək deyil, yazıçılıq həm də kitabı başa çatdırmaqdır.

Tərcümə etdi: Mustafa Ruşan

 

0