Gündəliyim məni yazara çevirdi

Yelena Ferrante

gundeliyim-meni-yazara-cevirdi

Cavan qız idim. Bir gün gündəlik tutmağa başladım. Bu maraq məndə bir neçə il çəkdi. Qorxaq uşaq idim. Yeganə dilə gətirə bildiyim söz “bəli” kəlməsi idi, qalan vaxtları ancaq susurdum. Gündəlik yazanda isə sərbəst idim: hər gün başımdan keçən hadisələri, sirlərimi və heç kimə demədiyim fikirlərimi təfərrüatı ilə yazırdım. Və ailəmin, ələlxüsus da anamın əlinə keçməsindən çox qorxurdum. Onun heç kimin bilmədiyi yerlərə gizlətsəm də, yenə də içimdə bir narahatlıq var idi.

Niyə narahat idim? O qədər utanqac və ürkək idim ki, nəfəs almaqdan belə qorxurdum. Gündəlik məndə həqiqətə qarşı maraq oyatdı. Fikirləşirdim ki, yazanda gizlənməyin, özünə senzura qoymağın mənası yoxdur. Susmağa üstünlük verdiyim şeylər yazırdım. Üstəlik, danışıq dilimdən uzaqlaşmış, tamam başqa dildə yazırdım.

Çox keçmədən bu, mənə “əzab verməyə” başladı. Bir tərəfdən özümü ifadə etməkdən, amansızca dürüst olmaqdan və özümə ürək-dirək verməkdən ötrü dəridən-qabıqdan çıxırdım. Digər tərəfdən isə, birdən kimsə fikirlərimi oxuyar deyə ürəyim ağzıma gəlirdi. Bu zidiyyət uzun müddət əlini yaxamdan çəkmədi. Hələ də ondan tam qurtula bilməmişəm. Ağlımda gizli olanları üzə çıxarmağa qərar vermişdimsə, niyə bu qədər qorxurdum?

İyirmi yaşa çatanda məsələnin həllini tapdım. Gündəlik yazmağı tərgitdim və həqiqəti, daha doğrusu, sirlərimi hekayələrə köçürməyə başladım. Bu yolu tədricən tapdım, çünki, gündəlikdə yazdıqlarım get-gedə yalana, uydurmağa çevrilməyə başlamışdı. Çünki hər gün yazmağa vaxt tapa bilmirdim və beləcə də, səbəblə nəticə arasındakı əlaqə pozulurdu.     

Yazmadığım günləri sonrakı tarixlərdə yazdığım səhifələrlə doldururdum. Ona görə də gündəlik yazdıqlarımla fakt və fikirlərin ardıcıllığı pozulurdu. Beləcə, gündəlik və ondakı ziddiyyətlər məni yazara çevirdi. Artıq uydurduğum hekayələr və etiraflarım təhlükədə deyildilər.

Bu yeni yazı tərzim güc toplayan kimi, gündəlikləri bir kənara atdım. Ona görə tulladım ki, tutarsız fikirlər, uşaqvari fantaziyalar və cavanlığım indiki təəssüratlarımla təzad təşkil edir, yazılarım çox kobud görünürdü.

The Guardian

Tərcümə etdi: Mustafa Ruşan

0