Kitabı bir günə bitirməyin yolları

Tomas Opponq

kitabi-bir-gune-bitirmeyin-yollari

Beyin üçün kitabdan daha yaxşı qida yoxdur. Axı oxu bir mövzunun və ya bir məsələnin dərindən və ətraflı anlamağın ən yaxşı yoludur. İnsan gündə bir kitab oxuya bilər, amma bundan ötrü səy göstərmək lazımdır.

Sizə mümkünsüz və əsassız gələ bilər, amma mənim üçün yox. Sürətli oxu üçün götürdüyüm kitabları çox diqqətlə seçirəm. Hər kitabda yararlı ən vacib ideaları müəyyənləşdirirəm.

Təkcə əhval-ruhiyyəm yaxşı olanda deyil, hər şəraitdə oxuyuram. Beş dəqiqə vaxtım olsa da, məkandan asılı olmayaraq, açıb oxuyuram. Belə hallarda telefonu uçuş-rejiminə qoyuram və imkan tapan kimi bir-iki abzas oxuyuram.    

Bəzi kitabları yalnız bir dəfə oxumaq kifayətdir. Bu cür kitabların effektini insan o saat hiss edir və oxucu dərhal onu kiminləsə bölüşmək istəyir. Elələləri də var ki, daha çox səy tələb edir. Əsas məsələ, sizin səy göstərməyinizdir? Əgər özünüzü inkifaş etdirmək və ya yeni nəsə öyrənmək istəyirsinizsə, bir kitabı bir gündə bitirmək mümkündür.

 Patrik Allan “Lifehacker” bloqunda günə bir kitab bitirməyin yollarını izah edir:

Bir kitabı bir neçə saata bitirmək insanı qorxuda bilər, amma riyazi olaraq bu mümüknsüz deyil. Orta səviyyəli bir insan dəqiqədə 200-400 söz oxuyur. Orta qalınlıqda bir romanda 60-100 min söz var. Əgər sürətiniz dəqiqədə 300 sözdürsə və orta ölçülü, məsələn, 80 min sözlü bir roman oxuyursuznusa, 5 saata, hətta daha qısa vaxta bitirə bilərsinz.

Əgər mütaliəni sevirsinizsə, çox guman, alıb yığdığınız, lakin oxumağa vaxt tapa bimədiyiniz bir qalaq kitabınız var. Siz buna bugündən son qoya bilərsiniz.

Əgər məqsədiniz müəllifi anlamaqdırsa, kitabı bitirməyiniz üçün çox vaxt lazım deyil. Kitabı anlamağın ən yaxşı yolu, onu sürətlə oxumaqdır.

Sənədli ədəbiyyat (non-fikşn) müəlliflərinin əksəriyyəti hesab edirlər ki, oxucular hökmən onlardan nəsə öyrənməlidirlər.

Əgər siz müəlifin əsas ideasını tutsanız, kitabı daha sürətlə oxuyar, daha tez informasiyanı qəbul edər və növbəti kitaba keçə bilərsiniz.

Frensis Bekon deyir:

“Bəzi kitablardan həzz almaq, bəzilərini “udmaq”, bəzilərini də çeynəyib həzm etmək lazımdır. Başqa sözlə, bəzi kitabları hissə-hissə, bəzilərini elə-belə, bəzilərini isə səylə, diqqətlə oxumaq lazımdır.”   

Bütün kitabları eyni əhval-ruhiyyədə oxumağınız mümkün deyil. Sırf sürətlə oxumaq üçün kitablar seçin. Nəzərə alın ki, hər kitab buna uyğun gəlmir. Kitabdan aldığınız həzlə, televiziya şousundan aldığınız həzz arasında fərq yoxdur. Əgər şou xoşunuza gəlmirsə, ona vaxt sərf etməzsiniz. Əgər ona bir şans vermək istəyirsinizsə, birinci epizoduna baxarsınız. Əgər kitabı bəyənmirsinizsə, oxumuğı kəsib başqa işə keçərsiniz. Oxuduğunuz kitab sizə gözəl hislər aşılamalı, sizə dəyərli nəsə öyrətməlidir, əks halda vaxt sərf etməyə dəyməz.

Çalışın kitabı diqqətlə seçin. Bu çox vacibdir. Mütaliə üçün əsaslı səbəb tapın. Bu, özünüzü təkmilləşdirmə, vaxtdan effektiv istifadə, yeni bir şey öyrənmək, karyeranız üçün faydalı biliklər əldə etmək və s. ola bilər.

Periferik görmədən istifadə edin.

Sürətli oxumağı öyrənin. Periferik görmə sayəsində diqqət üstündə dayandığı söz sayını azaldır, çünki bu zaman görmə diapazonu geniş olur və bir dəfəyə daha çox söz görür və oxuya bilirik. Periferik görmədə oxucu hər ikisini də oxumağa çalışaraq iki söz arasındakı sahəyə baxır və konkret bir sözə baxmaq əvəzinə növbəti iki sözün arasındakı sahəyə keçir. 

Maykl Benninqer “Blinklist” sosial bukmarkinqində deyir:

"Oxuda hünər qazanmaq isəyirsinizsə, periferik görmədən maksimum dərəcədə effektiv yararlanmağa çalışın. Cümlərin üstündən sürətlə keçin, sonra da oxuduğunuzu yada salmağa çalışın. “The indenting method”u (identing −əzbərləmək, iz qoymaq) məhz bunun əsasında qurulub. Bu metodda gözlər səhifə kənarlarındakı sözlərə fokuslanmadan sətirlərin ortasına yönəlir. "

Qrup şəklində oxumaq

Qrup bir dəfəyə oxunan və bir-birinə yaxın duran 4-16 sözdür. Qrup şəklində oxuyanda sürətinizi asanlıqla artıra bilərsiniz, çünki hər sözün tələffüzünə vaxt sərf etmirsiniz.  

Ən asası mühitdir

Əgər sürətli oxumağı öyrənmisinizsə və əlinizdə də oxunası kitablarınız varsa, bunun üçün sizə ideal mühit lazımdır. Ətrafda diqqət dağıdan amillər çoxdur, ona görə də sizə mane olan hər şeydən özünüzü təcrid edin. Nə qədər vaxta ehtiyacınız olduğunu müəyyənləşdirib onu iki qata çıxarın. Elə bir yerə gedin ki, sizə heç nə mane olmasın. Lazım gəlsə, qulaqcıqlardan istifadə edin. Ağ küyə qulaq asın. O sizə diqqətinizi cəmləməyə və sürətli oxumağa kömək edəcəkdir.

Əgər oxumaq üçün, həqiqətən, vaxt çatdıra bilmirsinizsə, audio-kitablara qulaq asmağa çalışın. Bir neçə saatınızı kağız kitaba sərf edib eyni kitabın davamına sükan arxasında, mağazada, yeməkdə, ev işləri görəndə və ya idman edəndə audio versiyasında qulaq asa bilərsiniz. Səsin sürətini dartıraraq kitabı daha tez bitirə bilərsiniz. İşinizi bitirəndə yenə kağız kitaba qayıda bilərsiniz.  

Hər andan istifadə edin

İşə gedir, ya da yemək fasiləsindəsinizsə, vaxtı hədər etməyin. Növbədə durmusunuz? Oxuyun. Lazım gəlsə, televizora baxma vaxtınızdan bir saat azaldın. Uzunmüddətli mütaliədən gələn fayda qısamüddətli zövqlə müqayisə olunmaz.

Oxuyun, başlıqlarla tanış olun

Piter Breqmanın bu məsləhəti çox faydalıdır:

“Adını və ilk bir neçə abzas və ya səhifəni oxuyun ki, müəllifin bu başlığı niyə yazdığını və kitabda hansı yeri tutduğunu öyrənəsiniz. Sonra başlıqlarla və alt başlıqlarla (əgər varsa) tanış olun ki, məzmununa nüfuz edə biləsinz. Hər abzasın birinci və sonuncu cümləsini oxuyun. Mənasını tutdunuzsa, davam edin. Əks halda, bütöv abzası oxuyun. Anlayanda ki, bölmənin məzmununu başa düşdünüz, qalan səhifələrə göz gəzdirib keçə bilərsiniz. Belə ki, əsas ideya artıq sizə aydındır və istədiyiniz vaxt onu təkrar edə bilərsiniz.” 

Bu metod bədii ədəbiyyat üçün keçərli deyil, amma digər kitablarda, daha çox müəllifin ideya aşıladığı əsərlərdə bu metoddan istifadə etmək olar.

Qeydlər aparın

Niyyətiniz kitabı bir günə bitirməkdirsə, sözsüz ki, nəyisə unudacaqsınız. Qeydlər aparın. Bu çox faydalı vərdişdir. Ya da cümlələrin altını xətləyin.

Tələsməyin

Hər gün bir kitab bitirməyə məcbur deyilsiniz, amma əgər mütaliənizi yaxşılaşdırmaq istəyirsinizsə, tələsməyin. Əgər günə bir kitabı bitirmədinizsə, eybi yoxdur. Bunun üçün praktika lazımdır. Bəyəndiyiniz, zövq aldığınız bir kitab seçin. Onunla tanış olun və üstündə çalışın. Bu sizə motivasiya verəcək.

İndi isə bir kitab götürün və səylə çalışmağa başlayın...    

Tərcümə edən: Mustafa Ruşan

0