Bonjur, Anna!

Qəfər Rüstəm

bonjur-anna

“Anna Karenina” romanı insan adlı müəmmanı çözməyə cəhd edən romanlardandır. Bu əsər haqqında saysız-hesabsız şərhlər, yazılar, yazılıb, əlbəttə. Mənim bu əsərdə diqqətimi çəkən başqa bir mətləb var.

Tolstoyun məharətli təsvirlərindən biri də rus elitasının həyat tərzinə aiddir. Elə Anna da bu təbəqənin nümayəndəsidir. Romanda təmtəraqlı ballar, at yarışları, kübar təbəqənin əyləncələri ustalıqla qələmə alınıb.

Annanın oxuduğu kitab ingilis dilindədir. Oğlu Qrişanın dayəsi fransızdilli bir qadındır. Anna da çalışır ki, oğlu ilə həmişə fransızca danışsın.

Zadəganlar öz aralarında fransız dilində danışır. Ana dilində danışanda da nitqlərini fransızca idiomlarla, bərbəzəkli firəng deyimləri ilə bəzəməsələr, olmur. Fəlsəfi diskusiyalarda, ciddi debatlarda fransız terminləri köməklərinə çatır. Getdikləri restoranda belə, yemək adları fransız dilindədir.

Romanda təsvir olunan mənzərə bizə nə qədər də “doğmadır”, elə deyilmi?! Bəli, Tolstoy o zamankı Rusiyanın kompassız qaldığı vaxtları gözəl təsvir edib. Eynən indi Azərbaycanın düşdüyü vəziyyət kimi.

İnsanlar ölkələrinin düçar olduğu mərəzdən, dirəndiyi dalandan qurtula bilmədiyini görüb bir çarə axtarır. Həm özünün, həm də övladlarının özünəinamlı, başıuca olmasını istəyirlər. Rus dilində danışsalar, rus mədəniyyəti ilə böyüsələr, hər gün qarşılaşdıqları barbarlıq, kobudluq, aqressivliyin onlara aid olmayacağını fikirləşirlər. Bizim xalq üçün bir növ pisxoloji izolasiyadır rus dili. Canımızın azarı mədəniyyətsizlikdən təcrid olunmaqdır.

Rus dilini hava-su kimi görmək, həyat mənbəyi bilmək qəbahət deyil. Nə etmək olar, vəziyyət budur. Ya gərək ölkədən çıxıb gedəsən, ya da ölkə içində özünü təcrid edəsən. Yəni “baxın, mən bunlardan deyiləm. Küçəni zibilləyən, yol mədəniyyəti olmayan, haqq-hüquq bilmən insanlardən deyiləm” deyəsən. Bütün bu özünüinkar cəhdləri eksiztensianal böhrandan qurtuluş səyləridir. Bəs bu cür adamlar ekzistensianal böhrandan qurtula bilirlərmi?

Qətiyyən yox, əsla. Çünki insan nə qədər inkar etsə də, aid olduğu gen var, irsiyyət var. Təhtəlşüur onları bu vətənə çağırır. Mövcud vəziyyət isə “dayanma, qaç” deyir. Belə insanlar ikili həyat yaşamaq məcburiyyətində qalır. Ərafda gah ora, gah bura boylanan bəndələr kimi hara gedəcəyini kəsdirə bilmir. Nə getdiyi yer onları özününkü kimi qəbul edir, nə də geri qayıtmağa ürəyi gəlir. Bax, əsl fəlakət belə başlayır. Nə qədər gizlətsək də, içimizdə belə bir arada qalmışlıq var.  Anna Kareninadan nümunə vermişkən bu vəziyyəti elə Annanın vəziyyətinə bənzədə bilərik. Bir tərəfdə qatı, hissiyatsız əri, digər tərəfdə aşiq olduğu gənc, yaraşıqlı sevgilisi, nəticə isə intihar, kataklizim.

Bu məsələ məni çoxdan düşündürürdü. Bir anda ölkə düzələ, bir gecədə millət mədəniyyət qiyafəsi geyinə bilməz (Elə bir gecədə gələn mədəniyyəti də mədəniyyət saymaq olmaz). O zaman dual həyat yaşayan millətə hansı çıxış yolunu göstərmək olar? Milli mənsubiyyətinə görə əziklik və natamamlıq hissi keçirən insan bu böhranın öhdəsindən necə gəlsin! Axı, pənah apardığı yerdə də onu əzik kimi görürlər, ağız əyirlər, “çernomazı” deyirlər.

Mövcud sekulyar, avropasentrik mədəniyyət fərdiyyətçiliyin üzərində qurulub. Avropa kilsə və kralın diktəsinə boyun əymə zillətindən tədricən fərdiyyətçiliyə keçməklə qurtulub. Qaranlıq dövr saydıqları barbarlıqdan belə xilas olublar.

Biz ona görə sudan çıxmış balıq kimi çapalayırıq ki, gedəcəyimiz yerə necə gedəcəyimizi bilmirik. Kökündə  fərdiyyətçilik dayanan bir mədəniyyətə kütlə psxologiyası ilə çatmaq istəyirik. Mənsub olduğu millətlə, qrupla, sektayla öyünən, öz şəxsi keyfiyyətləri ilə var olmağa çalışmayan, özünü çayda bir damla kimi görən, insan mövcud sivilizasiya ilə ayaqlaşa bilməz. Mövcud deyirəm, çünki kimin xoşuna gəlsin, ya gəlməsin mövcud vəziyyət belədir.

Mənsub olduğu milləti çarəsizlik içində görüb ondan qaçmaq istəyən insanlar gedib fərdiyyətçiliyin məbədi olan ölkələrdə var ola bilməyəcəklər. Çünki qaçdıqları ölkələr, (bu ölkələrə Rusiya da daxildir) individuallığı ön plana çəkən ölkələrdir. Onların vətəndaşları ölkədən qaçmaq əvəzinə, öz şəxsi keyfiyyətləri ilə ayağa qalxdılar, ölkə pis vəziyyətdə olsa da, hər yer zorba barbarlarla dolub daşsa da, “mən elə deyiləm, mən hamıdan fərqliyəm” deməyi bacardılar. Və həmin ölkələr, o mədəni cəmiyyətlər  bu cür təkbaşına var olmağı bacaran fərdlərdən təşəkkül tapdı.   

Adamın ağlına gəlir ki, elə bu adamlar da bunun üçün çalışır, öz cəmiyyətlərini inkar edirlər, rus mədəniyyəti ilə böyüyürlər. Elə vurğulamaq istədiyim də budur, belə bir seçim etməklə eyni yanlışa düşürlər. Fərd kimi ayaqda durmaq əvəzinə, başqa bir yerə sığınırlar. İnsan öz əzmiylə özü-özünü ərsəyə gətirməli, heykəltaraş olub öz əzəmətli heykəlini ucaltmalıdır. Belə bir abidə harda olur olsun, özü kimi var olacaq, başqalarını da özü olmağa cəsarətləndirəcək. Axtardığımız özünəinam da məhz budur.

Tolstoy əsərlərində xeyli fransız idiomlarından istifadə etsə də, şəxsiyyət kimi var olmağı bacardığı üçün rus dilində dünya klassikini ərsəyə gətirə bildi. Çünki o, Annadan əvvəl Tolstoyu yazdı. Gəlin əlimizə qələmimizi alıb biz də öz-özümüzü yazaq. Onda bütün böhranlar öz həllini tapacaq.       

0