Eynşteynin ailə müqaviləsi

Fabula.az

eynshteynin-aile-muqavilesi

Eynşteynin 11 illik həyat yoldaşı Mileva Mariçlə münasibətləri 1914-cü ildə az qalsın sona çatacaqdı. Buna görə də o, evliliyi davam etdirmək üçün müəyyən şərtlər təklif etdi.

“Atam haqda danışarkən niyə dilimdən zəhər tökülür? Yəqin, xəbəriniz var. Elə bilirəm bunu çox adam bilir. Atam anamı, qardaşımı və məni 1914-cü ilin avqustunda Berlindəki dəmiryol vağzalına qoyaraq bizdən ayrıldı. Elə həmin gündən sonra müharibə başladı.”

Bu fikirlər Lavrent Seksikin Eynşteyn haqqında qələmə aldığı kitabdandır. Eynşteynin 11 illik həyat yoldaşı Mileva Mariçlə münasibətləri 1914-cü ildə az qalsın, sona çatacaqdı. İsveçrənin Sürix şəhərində yerləşən Sürix Federal Texnologiya İnstitutunda tələbə olarkən tanış olan cütlüyün münasibətləri dağılmaq üzrə idi. Ancaq Eynşteyn oğulları Hans Albert və Eduarda görə ailəsini dağıtmaq istəmirdi. Elə buna görə də müəyyən şərtlər irəli sürərək evliliyi davam etdirməyi təklif etdi. Həmin şərtlər belə idi:

A. Bunlardan cavabdehsən:

1. Paltarlarımın səliqəli və təmiz olması.

2. Gündə üç dəfə yeməyimi vaxtında və otağıma gətirmək.

3. Yataq və iş otağımın səliqəsi və iş stolumu məndən başqa heç kimin işlətməməsi.

B. İctimai səbəblərə görə məcbur olmadıqca mənimlə bütün şəxsi münasibətlərini kəsəcək və aşağıdakıları məndən tələb etməyəcəksən:

1. Evdə səninlə birgə oturmağımı

2. Səninlə gəzintiyə çıxmağımı

C. Mənimlə münasibət qurarkən aşağıdakılara riayət etməlisən:

1. Məndən fiziki yaxınlıq gözləməyəcək, mənə gileylənməyəcəksən.

2. Mən istədikdə mənimlə ünsiyyəti kəsəcəksən.

3. Mən istəyəndə yataq və iş otağımdan gedəcəksən. Buna görə də şikayət etməyəcəksən.

D. Məni uşaqların yanında söz və hərəkətlərinlə təhqir etməyəcəksən.

Mileva bu ağır və birtərəfli şərtləri qəbul etdi. Ancaq bu razılaşma ilə evliliyi qurtarmaq mümkün olmadı. Buna görə də Mileva bir neçə ay sonra ərindən ayrıldı. İki oğlu ilə birgə Sürixə köçdü. Beş il ayrı yaşadıqdan sonra 1919-cu ildə boşandılar. Eynşteyn həmin il uzaq qohumlarından Elza Lövental ilə ailə qurdu. Dul qalan Mileva isə heç vaxt evlənmədi.

Mənbə: Shaun Usher, Lists of Note

Tərcümə etdi: Tahir Ağa

0