Qəribə meyvə

Əlif Şəfəq

qeribe-meyve

Mark Tven: “Üzü qızaran yeganə canlı insandır”, − deyir və sözü belə bitirir: “Yəni qızarmağa məcbur qalan...” Deyəcəksiniz ki, əlbəttə, axı bizim heyvanlardan fərqli olaraq, vicdan və şüurumuz var. Razıyam sizinlə, amma insanın üzü təkcə buna görə deyil, həm də həmcinsini əzdiyinə, incitdiyinə, istismar etdiyinə, sui-istifadə elədiyinə görə qızarır.

Bu yazını yaza-yaza unudulmaz diva Billi Holideyin (Billie Holiday) köhnə bir mahnısına qulaq asıram. Mahnının adı “Strange Fruit”dir. “Qəribə meyvə” şəklində tərcümə etmək də mümkün, bir az düzəliş verib “Acı meyvə” şəklində də... İndiyədək bəstələnmiş mahnıların, yazılan şeirlərin, deyilən əfsanələrin arasında xüsusi yeri var “Qəribə meyvə”nin. Dinləyənlərdə tamam başqa bir hiss oyadır. Əgər onun hekayəsini bilsəniz və gözlərinizi yumaraq təkbaşına bir otaqda qulaq assanız, özünüzü musiqinin axarına və ağrısına buraxsanız, bir neçə saniyə içində tükləriniz biz-biz olar. Hər notu ürəyinizdən bir parça qoparar, paslanmış fikirləri yerindən oynadar. İrqçilik və yas, ayrı-seçkilik və kədər, faciə və ümid, insanın insana elədiyi zülm heç bu qədər gözəl dilə gətirilməmişdir...           

1930-cu il. İndiana. Amerikada irqçilik və nifrətin ayaq açıb yeridiyi dövrlər. İki qaradərili cavan sırf dərisi qara olduğu üçün bir qrup ağ dərillər tərəfindən təqib edilirlər. “Rədd olsun, qaralar!” deyə arxasınca qışqırırlar, “Rədd olun, bu torpaqlardan!” İki qaradərili qorxudan qaçmağa başlayır, amma qovalayanlardan qurtula bilmirlər. Onlarla insan iki nəfərin üstünə düşüb təpikləməyə başlayır. Vəhşicəsinə döyüb onları öldürür, sonra da cansız bədənlərini bir ağacın budaqlarından sallandırırlar ki, bütün qaradərililərə dərs olsun. İki cavanın bədəni yarpaqlar kimi küləkdə titrəyir. Hadisə yerinə gələn jurnalistlər şəkillərini çəkir, qəzetlərdə dərc edirlər. Polis qatilləri axtarmağa başlayır. Bir neçə nəfər tutulur, qalanları azad buraxılır. Və beləcə, hadisə unudulur. Daha doğrusu, ürəyi yananlardan başqa bu hadisəni hamı yaddan çıxarır.

İllər sonra bir gün amerikalı şair Abel Miropol (A. Meeropol) bir kitab səhifələrinin arasından hadisə günü çəkilən ağ-qara bir fotoşəkil tapır. Uzun-uzadı ona baxır. Ağacda sallanan cavanlardan gözünü ayıra bilmir. Həmin gün evə gəlib bir şeir yazır:

“Güney ağaclarlarının qəribə meyvələri var,


Yarpaqlarından qan, köklərindən qan damlar,


Güney rüzgarlarında iki bədən sallanar


Qəribə meyvələr kimi, qəribə meyvələr kimi...”


Həmin illərdə Nyu-York caz klublarında gündən-günə yüksələn və məşhurlaşan bir qadın var − Billi Holidey. Səsi, üslubu, ifa edəndə dinləyicilərə ötürdüyü həyəcan... O, hər cəhətdən misilsizdir. İrqçliyin normal qəbul ediliyi bir dövrdə o nəğmələri ilə düşüncə şablonlarını qırır, tabulara meydan oxuyur. Mahnı, şeir, hekayə, roman oxumağı çox sevir. Bir gün bir şeirə rast gəlir. Dərindən təsirlənir. Bəstələyir və söyləməyə başlayır. Hər gecə caz klubunda konsertin son mahnısı artıq “Qəribə meyvə” olur. Ofisiantlar xidməti dayandırır, dinləyicilər diqqət kəsilir, kluba səssizlik çökür, işıqlar söndürülür... Yalnız Billi işıq saçır. Zil qaranlıq və səssizlik içində nəğməsini söylməyə başlayır. Bu nəğmə 1930-cu ildə qətl edilən iki qaradəriliyə həsr olunur. Səsyazma şirkətləri və klub sahibkarları buna etiraz edir. “Müğənni hara, siyasi fikirlərlər hara?!” deyirlər. Sadəcə insanları əyləndirsin, xoş dəqiqələr bəxş etsin, kifayətdir, eşqdən, ayrılıqdan bəhs etsin, amma siyasi məsələlərə qarışmasın, − deyə düşünürlər. Billi Holidey inadından dönmür, heç kimin sözünə baxmır. Axırda görür ki, alnmır, başlayır öz imkanları ilə nəğmələrini söyləməyə. Və beləcə, mahnıları ölümsüzləşir.   

İncəsənətin və sənətçinin işi başqalarının görmədiyini görmək, dilə gətirmədiyini söyləməkdir. Harada zorakılıq kök salıbsa, harada nifrət, irqçilik, cinsiyyət ayrı-seçkiliyi, ümumiyyətlə, ayrı-seçklik varsa, bunu şeirə köçürmək, romana çevirmək, katanda, ya da bir karikaturada təsvir etmək, əleyhində mahnılar bəstələmək lazımdır. Vicdanımızın budaqlarından “qəribə meyvələr” sallanır. Acılarını dilə gətirməyən, keçmişi və bu gününə tənqidi yanaşmayan bir ölkə heç vaxt inkişaf etməz.  

“Şemspare”, Elif Şafak, səh.:201

Çevirdi: Mustafa Ruşan

0