Cavabsız sevgi

Ramiz Aymet

cavabsiz-sevgi

Fabula.az tatar şairi Ramis Aymetin şeirlərini təqdim edir...

 

Cavabsız sevgi
 
Olan oldu, gəl bağışla,
Hər şeyi unudaq getsin
O səhər mən hazır idim. 
Önündə diz çöküm eşqin. 
 
Hazır idim başı qarlı
Zirvələri fəth eyləyim
"Sevgimlə mən qazanaram
ürəyini” – söyləmişdim.  
 
Təki sən bağışla məni
Xətasız qul yoxdur axı.
Səndən başqa bu dünyada 
Kim körüklər bu ocağı. 
 
Mən uçdum sevgiyə doğru
Yenə gecikdim, yubandım. 
Qışın şaxtalı çağında
Buz heykəl tək qarşılandım. 
 
Gec idi səni sarmışdı
Tufan, boran, şaxta, sazaq. 
Bağışla məni, nə olar,
Donuq gözlər, soyuq qucaq...
 
Bağışla, bağışla məni 
Yalvararam təkrara-təkrar
Ahımdan əriyər bu qış
Dekabrda yağan bu qar. 

2003
 
 
  Sənsizlik 
 
Yatırsan... mənə sarılan
Qayğı dolu bir yaşamsan
Sən gecədən şölənənən 
İncə, sərvi boylu şamsan.
 
Gözləyirmişsən yolumu
Açıb qapı-pəncərəni
Dönmüşəm gedər-gəlməzdən
Bəs necə oyadım səni? 
 
Yuxusu şirin olanım,
Səsləməyə gəlmir dilim.
Gün görsə nəzəri dəyər
Ax, şəfəqləri nə deyim!
 
Açıqdı pəncərən, gülüm, 
Kim dərəcək bu qönçəni? 
Hüzuruna bulud gəlib
Bəd gözdən qorusun səni.
 
Yat gözəlim, bu cahana
Röyalardan nur səpərək.
Sinəmdə kövrək quş kimi 
Fərəhlə çırpınsın ürək. 
 
Yadlardan qorusun deyə
Keşikçi qoydum gecəni
Qanadları yorğan olub
Mələklərmi qucub səni? 
 
Dinc durmursan, dəcəl şəfəq
Gülümsəyir dodaqların.
Sənlə birgə üzü gülür
Gələcəyin, uzaqların. 
 
Yuxusu şirin olanım,
Noolar, oyanma hələlik,
Qorxuram ki qaçıb gedər
Bu əsrarəngiz səssizlik...
1998

 
  Gediş 
 
Gəlmişdin ilk bahar kimi
Payız kimi tərk elədin. 
Uzandıqca hey uzandı
Məsafələr... Ah, neylədin? 
 
Unuduldu andlar, vədlər
O baxışların istisi. 
İndi canında dolaşır
Bir şaxtalı qış nəfəsi. 
 
Payız kimi tərk elədin
Düşdü eşqin son yarpağı.
Alovlandı ürəyimdə
Kövrək notlarla bir ağı. 
 
Dindi, dindirdi ruhumu
O günlərin xatirəsi
Nə tez bitdi bu məhəbbət
Neylədik o müqəddəsi? 
 
Xatirələr sağaldarmı
Yaraları, həsrətimi?
Gəlmişdin ilk bahar təki
Tərk elədin payız kimi.

2003
 
 
  Ağ yaxalıq tək uzanan gecə cığırı
 
Ağdı gecənin yaxası
Məni bu cığır aparır.
Nazlı yarımın yanından 
Yenə qoparır, aparır.
 
Hamı dərin yuxudadır,
Kölgələr də yuxu görür
Başucumda mənə yoldaş
Gecədi, bir də Ay gülür. 
 
Eşq qoxuyan bu cığırdan
Sanki son dəfə keçirəm,
Qəlbimdə nazlanıb yatır
ruhu, ətri də, bilirəm. 
 
Nə şirin yorğunluqdu bu
Tozam, uçuram, yatıram.
Məni ondan alan cığır,
Heç vaxt azdırma, qorxuram.
 
Ayağımın dostu cığır,
Azsam, tapa bilərəmmi? 
Yer kürəsi yuvarlaqdır
Dönüb sənə gələrəmmi? 

2003
 
 
  Ulduz 
 
O ulduzu uzun illər
Səmada tapa bilmədim.
Nilufərli göllərinə
Əksi düşmüşdü, bilmədim. 
 
O ulduza şahid seçib
Əhdi-peyman bağlamışıq
Onun işığında sənlə 
Əl-ələ addımlamışıq.
 
Sən getdin... Gəncliyimin də
Yolları dolanbac oldu
Xəbər varmı ulduzumdan,
Bilən yoxdu, o nə oldu? 
 
Yer tapmırdım ki özümə
Ümidsizcə vardım yenə
Bizə bir ömür vəd edən
Həmin sehrli çəmənə. 
 
Çəməndən bir daş götürüb
Atmaq istədim dünyama.
Dilə gəldi ulduz-daşım:
"Qutsal eşqə əl qaldırma!”
2002
 
 
  ***
 
Salam! Bu sənsənmi, söylə
Niyə solub üzün yenə? 
Gəldim, bax, röya deyiləm
Peyğəmbər tək baxma mənə
 
Nə xəbər var, danış görüm,
Niyə üzün-gözün kədər? 
İnan mənə dünyanın da 
Səhvləri var bizim qədər. 
 
Ağlama, bircəm, ağlama,
Səmaya ver göz yaşını
Göyün yeddinci qatına
Yazaq bu eşq dastanını. 
 
Yazımız Tanrı qatında 
Fırtınalar silməz onu. 
Söhbət deyil, qeybət deyil
Dilə düşüb ölə bilməz. 
 
Ağlama, bircəm, ağlama
Gözlərini yorma hədər
İnan mənə dünyanın da 
Səhvləri var bizim qədər. 
1994
 
  O gecə
 
Gecənin davamı kimi
Qara-qara yağış yağdı,
Külək qırdı fidanları
Bağrıma illəri yıxdı. 
 
Yıxıldı, bağrım yarıldı
Bir şimşək sevgisidir bu? 
Yağışın rəqsi diddikcə
Torpaq qəlbim kimi oldu. 
 
Bu yağış yuya bilərmi
Keçmiş günahları barı
Ağlasan da hönkür-hönkür,
Tale yıxar günahkarı. 
1997
 
 
  Röya 
 
Sükut bağında gecəydi
Almalar töküldü bir-bir.
Yatdım səmaya baxaraq
Könül dedi: səbir, səbir... 
 
Bəs kimdir o? Göydən endi? 
Nizaminin gözəlidi? 
Çiynində hörükləri də 
Dalğalanıb rəqs elədi.
 
Qaçıb qeyd oldu anidən
Al üfüqün qucağında...
Gecələr də bəyaz idi
Ömrümün bəyaz çağında
 
Baxışının izi qaldı
Almalarda qubar kimi
Ey doğan gün, noolar məni
Saraltma almalar kimi. 
 
Onsuz Allahın hər günü
Ürəyimə huzur çökür,
Gecələr zülmətdə kimsə 
Ürəyimə alma tökür.
 
Almalar dəydikcə yerə
Bütün gecə səsi gəlir.
Kimdir sahibi bu barın
Burda sanki kimsə gəzir.

1994


  Yalvarış 
 
Apar məni o günlərə
Yalan söylə, inandır
Xatirələr əzabında
Alovlandır, alovlandır. 
 
Yandır yenə məhəbbəti 
Közüm yaşamaq istəsin.
Ümid də bir qığılcımdır
Onsuz dinməz qəlb bəstəsi.
 
Kaş kağızlarla qələmim
Həmdəm ola, sirdaş ola
Sonra ruhum da inciməz 
Hər şeyimi odlar o da. 
 
Getmək istəmişəm bəzən
Ümidsizlikdən sıxılıb.
Neyləyək bəxt sınağında
Hətta meşələr yıxılıb...
 
Bəxt vurmuş ağaclar kimi
Çarəm yox, yerdə yatıram.
Qanadım kök salır artıq

Kökdən qanad çıxarıram...

 

1999

 

Rus dilindən tərcümə edən: Xanım Aydın

/Artkaspi.az/

0