Daha çox öyrən, daha çox yadda saxla!

Darius Foru

daha-cox-oyren-daha-cox-yadda-saxla

İnteraktiv mütaliə metodları

Mən uşaq olanda kitab oxumaq üstünlük sayılmırdı. İndi isə bütün kafelər “latte”ni qurtumlaya-qurtumlaya kitab oxuyanlarla doludur. Bu, sevindirici haldır. Mən özüm də indi əvvəlkindən daha çox oxuyuram. Əsas məsələ oxunan kitab sayı deyil, oxunanı yadda saxlamaqdır.   

Tanıdığım əksər insanların oxu strategiyası yoxdur. Təsadüfi bir kitab seçir, oxumağa başlayırlar. Əvvəllər mən də belə idim. Əlbəttə, xoş vaxt keçirmək üçün roman oxumağa etirazım yoxdur. Amma non-fikşn (sənədli ədəbiyyat) oxuyanlar onu niyə oxuyur? 

Düzdür, nəticə çıxarmağa çalışırlar. Nəsə öyrənmək istəyirlər. Elə əsas məsələdə budur. Mənə tez-tez sual verirlər: “Oxuduğunu necə yadda saxlayırsan?” Bu dəqiqə izah edim:

1. Bir məqsədiniz olsun

Kitabı seçmədən əvvəl nəyə nail olmaq istədiyimi düşünürəm. Seçilən kitabın məzmunu ilə həyatınız üst-üstə düşməlidir. Məsələn, 2011-ci ildə bir şirkət rəhbəri mənə Mihay Çikesentmihayinin “Axın”ını (“Flow: The Psychology of Optimal Experience”, Mihaly Csikszentmihalyi) oxumağı məsləhət gördü. Kitabı aldım. Oxumağa başladım. Amma başa düşmədim. Bu, o demək deyil ki, kitab pis idi. Xeyr! Bu yaxınlarda onu bir də oxudum və çox bəyəndim. Vərdişlər haqqında oxuduğum ən yaxşı kitabdır. Lakin 2011-ci ildə mən belə mövzular haqda heç düşünmürdüm. Təzəcə universiteti bitirmiş və yeni biznes qurmuşdum. Özümü axmaq kimi aparır, ancaq biznesin inkişafını düşünürdüm. Məhz buna görə də kitab seçmədən əvvəl insanın gərək bir məqsədi ola.    

Həyatınızda nələr baş verir? Biznes qurmaq istəyirsiniz? Boşanma ərəfəsindəsiniz? İş axtarırsınız? Karyeranızda yüksəlmək istəyirsiniz? Vaxt çatdıra bilmirsiz? O halda elə kitablar seçin ki, bu problemlemlərinizi aradan qaldırmağınıza kömək eləsin.

2. Özünüzü müəllim kimi təsəvvür edin

İstifadə edilən bilik yararlıdır, elə deyil? Bir məqam var ki, çoxu buna diqqət eləmir: biliyi başqaları ilə bölüşmək. Bu, bilikdən istifadənin ən yaxşı yoludur!

Müəllim olmaya bilərsiniz, amma müəllim kimi hərəkət eləsəniz, bilik həyata keçməyə başlar. Yeganə lazım olan şey düşüncə tərzini dəyişdirməkdir. Oxumaqdan ötrü oxumayın. Oxuyun, sonra da oxuduğunuzu başqaları ilə müzakirə edin. Öz-özünüzə: “Gərək diqqətli oxuyum, çünki öyrəndiyimi başqaları ilə bölüşəcəm”, − deyin. 

3. Qeydlər alın və onlar arasında əlaqə qurmağa çalışın

Beyin informasiyalar arasında assosiasiya qurmağa çalışanda onu daha yaxşı yadda saxlayır. Mən bunun üçün çoxlu qeydlər alıram. Əgər kitabları toxunulmaz hesab edib üstündə qeydlər aparmır, cümlələrin altını xətləmirsinizsə, çox şey öyrənə bilməzsiniz. Qeydlər götürmək, kitab vərəqlərini qatlamaq və cümlələrin altını xətləmək sadə, lakin efektiv yoldur. Ona görə həmişə yanımda marker, ya da qələm saxlayıram. Əgər elektron variantda oxuyursunuzsa, barmağınızı tərpətməyiniz kifayətdir.   

4. Vizuallaşdırın

İnformasiyalar arasında assossiasiya qurmaq üçün bir metod daha: öyrəndiyinizi vizuallaşdırın. İnsan vizualdır, xatirələri isə vizual obrazlardır. Oxu zamanı oxuduğumu kiminləsə müzakirə etdiyimi təsəvvür etməkdən xoşum gəlir. Özümü bir dostla oturub mövzu müzakirə etdiyim yerdə təsəvvür edirəm. Və ya, məsələn, faydalı bir məsləhətə rast gələndə onu necə həyata keçirdiyimi canlandırıram.

Deyl Karneqinin “Dost qazanmağın və insanlara təsir göstərməyin yolları” kitabını birinci dəfə oxuyanda müəllifin verdiyi bir məsləhəti: “insanlarla səmimi ünsiyyət qurmağ”ı gözümdə canlandırırdım. Vizuallaşdırılan hər şey reallığa bənzəyir. Bu yaxınlarda NBA-dan istefa edən basketbolçu Pol Pirs baxın bu metoddan necə istifadə edir:       

“Oyundan əvvəl gah toplanan xalları, gah müdafiədəki manevrləri, gah da ən güclü rəqibimi gözümdə canlandırıram.”

5. Oxunanı o dəqiqə həyata keçirin

Həyatınıza bir baxın. Özünüzə sual verin: “Özümü necə inkişaf etdirə bilərəm?” Bunu qəbul edin ki, inkişaf öz-özünə baş vermir.

Yeni vərdişlər, yüksək gəlir, yaxşı əlaqələr – hamısı əmək tələb edir. Əgər kitablardakı bilikləri həyata keçirsəniz, inkişaf asanlaşar. Unutmayın, əmələ keçməyən biliyin faydası yoxdur.

Dörd divar arasında qalan bilikli insandan daha bədbəxti yoxdur. Çölə çıxmalısınız və biliyinizi həyata keçirməlisiniz. Bunu eləsəniz, tezliklə inkişaf edərsiniz. Buna şübhəniz olmasın. Hər dəfə kitab oxuyanda özünüzə sual verin: “Kitabı bitirəndən sonra öyrəndiyim hansı informasiyanı həyata keçirəcəm?” Unutmayın, məsələ bilikdən faydalanmaqdır, biliyin özü deyil. Çoxlu deyil, şüurlu şəkildə oxuyun.

Nə oxuyursanız-oxuyun bu metodu mütləq tətbiq edin. Hətta bu qısa məqalədən sonra belə aldığınız informasiyanı həyata keçirməyə çalışın. Hələ başlamamısız?!

Tərcümə etdi: Mustafa Ruşan 

 

0