Nobel mükafatlı şairin şeirləri

Yorqos Seferis

nobel-mukafatli-shairin-sheirleri

ƏDƏBİYYAT ÜZRƏ 1963-CÜ İLİN NOBEL MÜKAFATÇISI

Yorqos Seferis 1900-cü ilin 29 fevralında keçmiş Osmanlı imperiyasının Urla şəhərində - İzmir yaxınlığında dünyaya gəlib. Əsl soyadı Seferiadisdir. Çağdaş yunan ədəbiyyatının ən möhtəşəm şairlərindən biri hesab olunur. Atası universitet professoru olub, Bayronu yunan dilinə tərcümə edib. Y.Seferis Sarbon universitetinin hüquq fakültəsində təhsil alıb. 1922-ci ildən - Smirnə (İzmir) türklər tərəfindən işğal olunandan sonra bir çox yunan köçkünləri ilə birlikdə - Afinada məskunlaşıb. 1950-ci ildə işi ilə əlaqədar olaraq, Yunanıstanı tərk edib və bir daha vətənə qayıtmayıb. Peşəkar diplomat kimi Yunanıstanın diplomatik nümayəndəliklərində çalışıb. 1957-1962-ci illər ərzində Yunanıstanın Böyük Britaniyadakı səfiri olub.
Yunan poeziyasındakı köhnə ənənələrdən imtina edərək, onu yeni və müasir poeziya ilə əvəzləyib. 1963-cü ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb.
Seferis Henri Millerin 1941-ci ildə qələmə aldığı "Marussiyalı nəhəng" romanının qəhrəmanlarından biridir. Əsərdə müəllif 1941-ci ildə Yunanıstana səfərə çıxır və orada Georqos Seferiadislə tanış olur. Birlikdə ölkəni gəzib-dolaşır, ədəbiyyat və həyat haqqında müxtəlif söhbətlər edirlər.
Yorqos Seferis yunan ədəbiyyatı tarixində əsasən lirik və ictimai mövzulu şeirlər müəllifi kimi xatırlansa da, onun yeganə - "Akropolda altı gecə" romanı da maraqla qarşılanıb. Yunan ədəbiyyatının ünlü siması, yunan ədəbiyyatına Nobel gətirən iki yazardan biri və birincisi olan Yorqos Seferis 1971-ci ilin 20 sentyabr tarixində vəfat edib, Afinada dəfn olunub.

İNKAR

Sən ey mavi sonsuzluq!

Sahildə qumlar ağ-ağ!

Susuzluqdan quruyub

Yenə burda dil-dodaq.

 

Sahilə cızıb yazdım.

Sənin də ağ adını.

Külək yazını görcək

Söylədi "unut onu".

 

Danlaqlar, qəbahətlər -

Belədir həyat yolu.

Bu yol çətin olsa da,

Onu dəyişmək olmur.

 

SƏSİNİ BATIRDI

Səsini batırdı bu, gecə işığı,

Şəfəqlər pərən-pərən - yox oldu getdi.

Bilo, həyatım mənim! Gecə düşdü, bax,

Amma yoxsan, sən yoxsan - sevincim bitdi.

 

Cəmi bircə dəfə biz verdik baş-başa -

Dünya boşalıb yenə. Tənhalıqdır bu.

Sevgimiz ölüb getdi, bardaqlar bomboş; 

Nə bir qətrə şeh qalıb, nə bir qaşıq su.

 

Gecə düşdü - zülmətə qərq oldu o yer,

Bir vaxtlar ayaqların çimərdi orda.

Harda qaldı o yerlər, hanı o sahil,

Ey mənim səadətim - sağ ol, əlvida!

***

Dənizlərin qoynunda gizlənər

təşnəlik və sevgi,

ürəyim narahatdır -

bu boşluqda hər şey tənhalıqdan

yaranıb sanki,

amma bir ovuc içində qızınmaq yetər.

 

Dənizlərin qoynunda gizlənər

sevdiyimin gözləri.

Baxaram o gözlərə,

amma tanıya bilmərəm tənhalığın rəngini,

elə sən də məni...

 

AKTYORLAR

Səhnələr yaradırıq, sonra sökürük -

Hara getsək, hər yerdə budur işimiz;

Şəhərlər ucaldırıq, qalalar, kaşanələr,

Bilirik ki, onlardan qalmayacaq iz.

 

Tamaşaçı pyesə lənət yağdırır,

Günah rejissordadır, aktyorlar yazıq.

Musiqi kəsiləndə hamı gülüşür;

Tale üz çevirib bax, hər kəs narazı.

 

Qrim, kostyum, qasırğa, tufan, ildırım,

Xəyallar, düşüncələr - ruhun kədəri.

Nəvazişli - maskalar, əzab, bir də qan,

Kiminsə məhəbbəti, kiminsə məkri.

 

(Kimsən, hardan gəlmisən, nə danışırsan?) -

Dünənki yuxu kimi hər şey itəcək.

Əsəblər də sim kimi tarım çəkilib,

Tale təkəri çönüb - bax, budur gerçək. 

 

Tükənmək üzrəyik biz, lap unutmuşuq

(Nə vaxt doğulmuşuq biz? Ölüm çox yaxın?)

Sehrli liraların həzin nəğməsi:

"Rədd olun göz önündən, qəlblərdən çıxın!"

 

Beləcə, ürəyimiz yuxadan-yuxa,

Bu küçələr, bu üzlər - yox olub sanki.

Ölümün sarı üzü, qurbangahda qan,

Ayırmaq olmur burda şah kim, nökər kim.  

 

Tərcümə etdi: Əyyub Qiyas

/Edebiyyatqazeti.az/

0