“Cinayət və cəza” haqqında 9 fakt

Fabula.az

cinayet-ve-ceza-haqqinda-9-fakt

Fyodor Dostoyevskinin məşhur romanının baş qəhrəmanı tələbə Rodion Raskolnikov “fövqəlinsan” olduğuna dair fikrini sınaqdan keçirmək üçün sələmçi qadını amansızca qətlə yetirir. Cinayəti törətdikdən sonra Roskolnikovun çəkdiyi iztirablar və bu iztirabların təsviri əsərə rus ədəbiyyatının ən dərin psixoloji romanı ünvanı qazandırmışdır.

Bütün bunları biz məktəbdə, ədəbiyyat dərslərində öyrənmişik. Biz isə sizin üçün roman haqqında müəllimlərin öyrətmədiyi 9 faktı toplamışıq.   

1. Dostoyevski bu romanı yazmaya da bilərdi, çünki ona edam hökmü verilmişdi

1840-cı illərin ortalarında Dostoyevski özü kimi təhkimli kəndlilərin əziyyətlərini dilə gətirən, torpaq sahibkarlarını və sistemi tənqid edən gənclərlə və onların toplandığı dərnəklə tanış olur. 1849-cu ildə dərnəyin üzvləri, habelə Dostoyevski inqilabi fəaliyyət şübhəsilə həbs edilir. Yazıçı bir neçə ay türmədə yatır, ardınca ölüm hökmü oxunur və güllələnmə üçün şəhər meydanına gətirilir. Lakin edamqabağı çar əfv fərmanı verir və yazıçı katorqaya göndərilir. Bütün bu hadisələr Dostoyevkidə dərin izlər qoyur və o, dinə meyil göstərməyə, əxlaqi məsələlər barədə düşünməyə başlayır.      

2. Kitabı yazarkən yenə həbs edilmə təhlükəsi ilə qarşılaşır

Lakin bu dəfə səbəb başqa olur. Dostoyevski əsl qumarbaz idi və kazinoda hər şeyini, hətta tanış qadınların pullarını belə uduzurdu. 1865-ci ilin yayında xarici ölkələrin birində, balaca bir mehmanxanada yenə hər şeyini uduzaraq pulsuz-parasız, ac-susuz qalır. Beləcə, yarıda qoyduğu yeni roman üstündə işləməyə məcbur olur. Nəşriyyatdan beh alaraq Peterburqa qayıda bilir. Vəd etdiyi vaxtadək kitabı çatdırmaq üçün gərgin işləyir. Çünki vaxtında kitabı təhvil verməzsə, uduzduğu pulları qaytara bilməyəcək, qaytarmasa həbs ediləcəkdi.

3. “Cinayət və cəza”nın ilk versiyası birinci şəxs adından yazılıb

Dostoyevski istəyirdi ki, roman açıq etiraf kimi oxunsun. Amma sonra baş qəhrəmanın psixologiyasını oxucuya çatdırmaq üçün “müəllif səsi”nə köklənir. 

4. Cinayət alətinin balta olması təsadüfi deyil

Balta sadə rus xalqının ən işlək alətidir. Ona əmək simvolu da demək olar. Axı qədimdən “mujik”lər balta ilə ağac kəsir, ev tikir və s. Romanın baş qəhrəmanı Raskolnikovun özü isə fiziki əməkdən uzaq insan idi. Məhz buna görə Sibirdə məhbuslar ona gülür: “Sən ağasan!.. Balta sənin harana yaraşır!” deyirdilər.

5. Baş qəhrəmanın adı da təsadüfi seçilməyib

Raskolnikov (Расколоть – parçalamaq, yarmaq. Tərc.) soyadı əsasını XVII əsrdə Russ Pravoslav Kilsəsinin parçalanmasından götürür. Məlumdur ki, Dostoyevski həmin dövrlərdə atəşli xristian idi və kitablarında pravoslav simvollar gizlədirdi. Hətta əlyazmada Roskolnikovlar nəslinin əlamətdar günləri ilə parçalanma tarixinin üst-üstə düşdüyü məqamlar aşkar edilib. “Расколоть” sözün bir başqa mənası da “ikiyə bölünmə”dir. Bu məna özündə baş qəhrəmanın şəxsiyyətini əks elətdirir. Çünki onun kövrək intellektmi, yoxsa əliqanlı qatilmi olduğunu qərar vermək çətindir.     

6. Raskolnikov yüngül cəzalandırılır

XIX əsrin əvvəllərində ağır cinayət törədənlərə əsasən fiziki cəzalar verilirdi (məsələn, ictimai yerlərdə döyülürdü), ancaq Dostoyevski dövründə qanunlar yumşalır. Qatillər Sibirə, bəzən isə katorqaya göndərilir. Raskolnikova cəmi 8 il həbs cəzası verilir, üstəlik ikinci dərəcəli məhbus siyahısına alınır, mədənlərə göndərilmir, həbsxanada saxlanılır. Dostoyevskinin də sürgün həyatı məhz bu cür keçmişdir.   

7. Romanı hamı bəyənmir

İlk dəfə roman “Russkiy vestnik” jurnalında hissə-hissə dərc edilir. Və tezliklə oxucuların diqqətini çəkir. Əksəriyyəti müxtəlif səbəblərdən romanı ağır tənqid atəşinə tutur. Çünki Dostoyevki sayəsində, tələbələr potensial cinayətkara çevrilmişdilər. Tənqidçilər isə süjetin cəfəngiyyat olduğunu deyirdilər, çünki bir tələbənin qarət üçün və ya bir ideanı sübut etmək üçün adam öldürməsi onlara inandırıcı gəlmirdi.

8. Roman əsasında 25-dən çox bədii film çəkilib

Roman ilk dəfə 1923-cü ildə ekranlaşdırılıb. Filmin rejisoru ekspressionizmin şah əsəri sayılan “Həkim Kaliqarinin kabineti”nin müəllifi Robert Vinedir. Əsəri ruslar, ingilislər və amerikalılarla yanaşı, yaponlar, finlər, hətta hindlər də ekranlaşdırıb. 1953-cü ildə roman əsasında manqa dərc edilib. 2011-ci ildə rus dilinə də çevrilib və Peterburqda, Dostoyevki muzeyində nümayiş etdirilib.

9. Alfred Hiçkok da romanı ekranlaşdırmaq istəyənlərdən olub

Böyük fransız rejisoru Fransua Trüffo bir dəfə Hiçkoka niyə: “Cinayət və cəzanı” ekranlaşdırmaq istəmədiyini soruşur, − axı əsər ona çox yaraşır? Hiçkok belə cavab verir: “Dostoyevskinin romanında həddindən çox söz var və hər birinin öz mənası var. Bütün bunları layqincə ekrana köçürmək, kinomatoqrafiq dili əsərin dilinə uyğunlaşdırmaq üçün altı saatlıq film çəkmək lazımdır. Əks halda pis alınar.”

Bəs siz ustad rejisorun ekranlaşdırdığı “Cinayət və cəza”ya baxmaq istərdiniz?

 

Hazırladı: Mustafa Ruşan

0