Səhərin alatoranı

Qəfər Rüstəm

seherin-alatorani

Fabula.az yazar Qəfər Rüstəmin Rasim Qaracanın "Zülmətdə bir alatoran" kitabına yazdığı resenziyanı təqdim edir...

Bir xalq təsəvvür edin ki, özü olmaq üçün, öz-özünü idarə etmək üçün illərlə çalışıb-vuruşur, ziyalılar yetişdirir. Həmin ziyalılar da ən qaranlıq, ən xaotik vaxtda meydana atılır, dövlət qurur, “Biz varıq”, “Biz öz dərdimizə əlac edərik”, − deyirlər. Və elə bu xalq da əsil ziyalı kimi onları tanıyır, təhtəlşüurunda həmin aydınlar, nəcib insanlar həkk olunur.

Sonra represiyalar başlayır, elm, irfan ocaqları söndürülür. Çox keçmədən ölkənin fikir-düşüncə manerası dəyişir, cılızlaşır, bozlaşır. Xalqın çöhrəsinə aşina olduğu vüqarlı, ərdəmli ziyalının yerində cırtdan, simasız “şəxslər” peyda olur. Sovet zülməti qatılaşdıqca həmin məşum tendensiya davam edir.

Zülmət pərdəsi enəndən sonra xalqın bəxtində yavaş-yavaş “səadət melodiyası” səslənir, hər tərəf altoranlığa bürünür, qaranlığa məhkum baxışların zəif işıqdan gözləri qamaşır.

İllər sürmüş qaranlıqdan aydınlığa keçmək asan olmur, hətta mümkün olmur. Müharibə, iqtisadi böhran, ən əsası nəcib insanların yoxluğu. Əzilməmiş, qorxularla preslənməmiş tək-tük səslər, cılız narazılıqlar var.

Həmin dövrləri təsvir edən az kitab var, onlardan biri də Rasim Qaracanın maraqla oxuduğum “Zülmətdə bir alatoran” kitabıdır. Kitab avtobioqrafik xarakterli olsa da, həmin qaranlıq dönəmləri (90-cı illər və sonrasını) təfərrüatı ilə əks etdirir.

Ədəbiyyatla azadlıq bir vahidin iki üzü kimidir. Azadlığı əlindən alınmış fərd sənət ortaya qoya bilməz, azadlığı mənimsəməmiş cəmiyyət yeni ideya kəşf edə, onu həyatlarına tətbiq edə bilməzlər. Yeni fikirlər azad fikirlərin toqquşmasından törəyib həmişə.

Ədəbiyyat polifonik cəmiyyətin kəşfidir, belə səciyyəyə malik olmayanlar imitasiya ilə məşğul olurlar. Bəs, görəsən, fikirlər, ədəbiyyat niyə azad ola bilmir?

İntellektual cəsarət, ziyalı özünəinamı sənət adamı üçün ən önəmli meyardır. Kultlaşmağa çalışmaq, özünə əbədi abidələr inşa etmək özünəinamsızlığın başqa cür ifadəsidir. Sovet dönəmində belə kultlar şüurlu şəkildə “istehsal edilirdi”. Çünki ideologiyanın gələcəyi bu kultların ömründən asılı idi.

Müasir dünyada, informasiya texnologiyasının sürətlə inkişaf etdiyi zamanda belə bir kult heç kimə lazım deyil. Hətta belə bütlər, əksinə, ikrah hissi doğurur. Seçim azadığını əldə etmiş insanlar bir barmaq işarəsi ilə həmin kultları ekrandan itələyib uzaqlaşdıra bilirlər.

Deyirlər həqiqətin gec-tez ortaya çıxmaq kimi bir adəti var, elə həqiqi ədəbiyyatın da, elə həqiqi mətnin də. Öz hesabına bir-iki ölkədə kitab çap etdirmək, süni yolla, intriqalarla gündəmdə qalmaq, nüfuzundan istifadə edib insanların zehnində vacib adam obrazı yaratmaqla həqiqi sənət ərsəyə gətirmək olmaz.

Rasim Qaraca buna bənzər bir çox mətləblərə toxunub, fikri və ictimai mərəzlərimizi müəyyən edərək kitabında oxucuya çatdırmağa çalışıb.

Kitab boyunca yazarın daxili dünyasını asanlıqla görmək olur; bəzən çılğın çocuq, üsyankar inqilabçı, bir güllə baharın gələcəyinə inanan sadədil idealist, bəzən hər şeydən əlini üzmüş, özünə qapanmış, bəlkə də, ruhi-psixoloji yetkinliyə çatmış səssiz adam.

Düzdür, Rasim Qaracanın Tanrı və insan haqqında qələmə aldığı fikirlər məni qane etmədi, subyektiv fikirlərim tamam başqadır. Bir də kitabda istifadə edilən vulqar ifadələr kitabın nəğməsinə uymur.

Yazarın kitabda əks etdirdiyi fəlsəfəni, poetikanı, sənətkar səmimiyyətini, şair ruhunu çox bəyəndim. Bu kitab Azərbaycan oxucusuna həm özünü, həm də ölkəsini anlamağa yardımçı olacaq. Xüsusilə alternativ fikirlərin kasadlaşdığı, plüralizmə çəpəki baxıldığı bir vaxta belə kitab yazmaq təqdirəlayiq təşəbbüsdür.

 

  

 

   

0