“Balaca şahzadə” ekzistensializmin ən böyük əsərinə necə çevrildi?

Fabula.az

balaca-shahzade-ekzistensializmin-en-boyuk-eserine-nece-cevrildi

1942-ci ilin günəşli bir iyun günündə Antuan de Sent-Ekzüperi Nyu-Yorkda “Arnold”  kafesində redaktor Kurt Hiçkokla nahar edirdi. İşləri qaydasında deyildi – fransız ordusunun buraxılmasından və Parisin təslim olmasından sonra işsiz qalmış, yaxın dostunu itirmiş, “İnsanların planeti” kitabının ekranizasiyası qeyri-müəyyən bir vaxta təxir edilmişdi.  

Sent-Ekzüperinin başı yaman qarışıqdı. Süfrəyə həmişəki kimi şəkil çəkirdi. Bu, Hiçkoka maraqlı gəldi: “Kimi çəkirsən?” – soruşdu.  – “Heç, elə-belə. Xəyalımdakı balaca dostumu”, – dedi Ekzüperi. O an Hiçkokun ağlına bir fikir gəldi və ona uşaqlar üçün nağıl yazmağı təklif etdi. Ekzüperi bu barədə heç vaxt düşünməmişdi.“Cənub poçt", "Gecə uçuşu", "Bürc" və "İnsanların planeti" romanlarının müəllifi idi, Fransız akademiyasının Böyük və ABŞ-ın Milli kitab mükafatlarının laureatı idi, amma heç vaxt nağıl yazmağı düşünməmişdi. 

Depressiyadan əziyyət çəkən Sent-Eks (dostları onu belə çağırırdı) başa düşür ki, belə bir vaxtda onun dadına ancaq uşaqların təmiz dünyası çata bilərdi. Beləcə, doqquz aydan sonra 1943-cü ilin aprelin 6-da “Balaca şəhzadə” nağılı çapdan çıxır.

B-612 asteroidindən Dünyaya gələn sadəlövh oğlanın kədərli nağılı bir anda məşhurlaşmadı. Tənqidçilər nağılı soyuq qarşıladılar, oxucu isə onu anlamadı. Bir ildən sonra “Kommonvel” jurnalında tənqidçi Harri Lui Binsin resenziyası dərc edildi. Tənqidçi resenziyasında Ekzüperinin nağılını “insanı kövrəldən kədərli klassika” adlandırırdı.

Üstündən bir neçə il daha keçir və alman filosofu Martin Haydeqqer “Balaca şəhzadə”ni “XX əsr ekzistensializminin ən böyük əsəri” adlandırdı.

Bəs Antuan de Sent-Ekzüperi nağılında oxucuya nə demək istəyirdi? Niyə yaradıcılığını araşdıran tədqiqatçılar nağılı avtobioqrafik əsər hesab edirdi? Bu suallara cavab vermək üçün gəlin, əsərə nəzər yetirək.  

“Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır.”

Uşaqlıqda ona Tonio deyirdilər. Aristokrat ailəsində dünyaya gələn Ekzüperinin xoşbəxt uşaqlıq illəri Lion şəhərindəki böyük evdə və Sen-Moris-de-Remans sarayında keçmişdi. Yay gəldimi, Toni bağbana çiçək yetişdirməkdə kömək edər, yağış yağdımı, bacılarıyla çardağa çıxar, yolu şabalıd meşəliyinə düşdümü, ilbiz yarışı keçirərdi. Axşam düşüb şər qarışanda isə Sen-Moris küçələrində fənərləri alışdıran fənərçiyə tamaşa edərdi.

O, öz küçə fənərini yandıranda sanki daha bir ulduz və ya bir gül yaranır. Küçə fənərini söndürəndə isə sanki gülü və ya ulduzu yatırdır. Bu çox gözəl məşğuliyyətdir. Gözəldirsə, deməli, həqiqətən də, faydalıdır.

İllər keçir, çox şey dəyişir, amma Ekzüperi o qayğısız illəri heç vaxt unutmur. Anasına ünvanlanan bir məktubunda o yazır: “Mən əmin deyiləm ki, uşaqlıqdan sonra yaşamışam”.

Başqa planetdən Dünyaya gələn o qızılı saçlı oğlan Sent-Eksin bir vaxtlar itirdiyi və həsrətini çəkdiyi həmin balaca Toni idi.

Mən bağlı qutunun içindəki qoyunları görə bilmərəm, o isə görürdü. Görünür, mən bir az böyüklərə bənzəyirəm. Yəqin, bu, qocalıqdandır.

12 yaşında ilk dəfə təyyarəyə minir. Təyyarəni idarə edən məşhur pilot Qabriel Vroblevski idi. Antuan havada duyduğu çəkisizlik və həyəcan hissinə birdəfəlik vurulur. Üstündən 10 il keçir və o əvvəlcə mülki, sonra isə hərbi pilot olmaq üçün imtahan verir. A-612 nömrəli ilk təyyarəsində əvvəlcə Tuluz-Perpinyan, sonra isə İspaniya və Dakar marşrutu üzrə poçt yükü daşıyır.

Balaca şahzadənin hansı planetdən gəlməsini demək üçün məndə ciddi əsaslar vardı, o, B 612-ci asteroiddən gəlmişdi. Bu asteroid indiyə kimi yalnız bircə dəfə teleskopda görünmüşdü, onu 1909-cu ildə bir türk astronomu görmüşdü.

1927-ci ilin oktyabrında Ekzüperi Kap-Cubi aerodromunun müdiri vəzifəsinə təyin edilir. Kap-Cubi indiki Tarfaya (Mərakeş) şəhərciyidir. Bütün çətinliklərə baxmayaraq, Ekzüperi Qərbi Saxarada üç il yaşayır.

Ekzüperi bacısı Didiyə yazdığı məktublarında ilanların və çöl tülkülərinin meydan suladığı bu ucsuz-bucaqsız qumlar aləmindən heyranlıqla bəhs edirdi. Məhz tənhalıqla keçən həmin illərdə o Saxaraya aşiq olmuş, ona vurulmuşdu. 

“Səhra mənim həmişə xoşuma gəlib. Bir qum təpəsinin üstündə oturursan. Heç nə görmürsən. Heç nə eşitmirsən. Bununla belə, bu sakitlikdə nə isə parıldayır, nə isə işarır...”

1929-cu ildə Ekzüperinin səhradakı xidmət müddəti başa çatır. Çox keçmir ki, Argentinada, "Аeropostal" (sonralar "Eir Frans"ın tərkibinə daxil oldu) aviaşirkətinin bir şöbəsində texniki direktor vəzifəsinə təyin edilir. Bu taleyüklü bir hadisə idi, çünki artıq Latın amerika torpaqlarında Qızılgül boy atıb çiçək açmışdı. Gələcəkdə bu Qızılgül onun bircəciyinə çevriləcəkdi.

Gülün adı Konsuelo Suensindi. Ekzüperi Buenos-Ayresdə, “Los Amiqos del Arte” mərkəzində onunla tanış olanda Konsuelo 30 yaşındaydı. Uzunboy, sarışınlardan xoşu gələn Ekzüperi o gecə nədənsə bəstəboy qaraşından gözünü çəkə bilmir.  

“Balaca şahzadənin planetində bir cərgəlik ləçəklə bəzənmiş az yer tutan, heç kəsi narahat etməyən sadə güllər çox idi. Onlar səhərlər otların arasında pardaqlanıb açılar, axşamlar isə solub gedərdilər. Bu tənha çiçək hardansa bura düşmüş toxumdan əmələ gəlmişdi. Balaca şahzadə onu nəzərdən qoymurdu, çünki bu cücərti o biri cücərtilərdən fərqli idi, onlara oxşamırdı.”

Həmin gecə onlar mərkəzdən birlikdə çıxırlar. Axşamın alatoranlığında o Konsuelanı öz təyyarəsinə mindirir, ikinci pilotun kreslosunda oturdur, təyyarəni havaya qaldırıb Buenos-Ayresin üstündə dövrə vurur. Ekzüperi o gecə ona “Cənub poçt”dan sətirlər oxuyur. İllər ötdükdən sonra “Qızıl gülün xatirələri” kitabında Konsuelo bu ilk görüş haqda belə yazır:

“Gecə oyanmışdım. İsti bulyon gətirib qarnımı doyurdu. Sonra çəkdiyi kinoya baxdırdı.

− Bu səfərlərdən sonra gördüklərimdir, − dedi.

Obrazlar qəribə bir hind mahnısının sədaları altında bir-birini əvəz edirdi. Mən daha dözə bilmirdim −bu adamın çox güclü aurası vardı, daxili aləmi hədsiz zəngindi.”
Bir neçə gündən sonra Konsuelo Ekzüperinin evlilik təklifinə razılıq verir.

“O, çox məğrur gül idi…”

Onların evliliyi asan başa gəlmirdi. Konsuelonun Materlink və Dali ilə dostluq münasibətləri vardı və bu, istedadlı, inadkar və temperamentli qadını ehtirasla sevən Ekzüperi üçün asan deyildi. Tez-tez hirslənir, inciyir, küsür, çıxıb gedir, sonra yenə qayıdırdı.

"Mən gərək ona heç qulaq asmayaydım, − mənə ürək qızdıraraq dedi, − Güllərə qulaq asmaq, onları dinləmək yox, onlara baxmaq və onların ətrini iyləmək lazımdır. Mənim gülüm planetimə ətir saçırdı, amma ondan ləzzət ala bilmirdim. Pələng, caynaq söhbəti məni elə qıcıqlandırdı ki, lap mütəəssir oldum... Bu əhvalat məni mütəəssir etməli idi, həyəcanlandırmalı idi. Belə də oldu..."

Bu qadına duyduğu şübhə hissini o, “Balaca şahzadə”də qızıl güllərin bitdiyi bağla ifadə edirdi. Onun zaman-zaman “qəşəng, amma dəyərsiz” məşuqələri olmuşdur, lakin yalnız Konsuelo “onun üçün ətir saçır, həyatını nurlandırırdı.”

Hiçkokun nağıl yazma təklifini qəbul etməyə Ekzüperini razı edən məhz Konsuelo olmuşdur. Gecə uçuşlarında ulduzlara tamaşa edən edərkən Ekzüperi məhz bu nağıl barədə düşünür, xəyalında süjeti canlandırırdı.

Əgər kimsə milyonlarla ulduzların arasında yeganə olan bir gülü sevirsə, özünü xoşbəxt saymaq üçün kifayətdir ki, o adam ulduzlara baxsın. O öz-özünə deyəcək: "Mənim Gülüm bax hardasa oralardadır..."

Qızıl gülün yaşadığı planetdəki sönmuş kraterlər Konsuelonun doğulduğu Salvadordakı üç vulkandır. Onlardan birinin (İsalko) püskürməyinə Antuan şəxsən şahid olmuşdu. Sönmüş maqmayla örtülü dağları Konsuelanın ata evinin pəncərəsindən tamaşa etmək mümkündü.

"Onun fəaliyyətdə olan vur-tut iki vulkanı vardı. Onların üstündə səhər yeməyini qızdırmaq balaca şahzadə üçün rahat idi. Bu iki vulkandan başqa onun sönmüş bir vulkanı da vardı."

Konsueloyla tez-tez toqquşan və ailədəki gərginlikdən yorulan Antuan 1935-ci ilin sonunda təyyarə ilə Parisdən Vyetnamın cənubuna, Sayqona uçaraq 98 saat 52 dəqiqəlik dünya rekordunu qırmağa qərar verir. 

Konsuelo onu nə qədər dilə tutsa da, 29 dekabrda səhər tezdən mexaniklə birlikdə təyyarəyə minib havalanır. Onlar Fransanı, Aralıq dənizini keçib Misirə, İsqəndəriyyəyə çatırlar. Yanacaq doldurub yola davam edirlər. Gecə yarısı Saxara çölülünüb üstündə uçan təyyarəni Qahirəyə çatdıqlarını sanan Ekzüperi aşağı endirir... və 270 km/s sürəti ilə nəhəng qum təpəsinə çırpılır. Təyyarə parçalanır, pilotla mexanik xoşbəxtlikdən sağ qalırlar. Ucsuz-bucaqsız səhrada tək-tənha idilər, üstəlik, yanacaqları da bitmişdi. Balaca termosdakı kofedən, bir az şərabdan, bir neçə üzüm salxımı və portağaldan başqa azuqələri yox idi. Axşama aclıq və susuzluqdan artıq ilğım görməyə başlamışdılar. Düz üç gün ac-susuz qızmar günəşin altında qaldıqdan sonra bədəvilər sayəsində qurtuldular. 

“Mən ilk gecəni səhra qumları üstündə yatmalı oldum. Bu qəza yeri yaşayış yerlərindən min mil aralıda yerləşirdi. Gəmidə qəzaya uğramış, dəryanın ortasında salın üstündə tənha qalmış adamdan da betər təcrid olunmuşdum.”

Fransaya onlar qəhrəman kimi qayıtdılar. Bundan sonra Ekzüperi qəzetlər üçün İspanyadakı “Vətəndaş müharibəsi”ndən yazılar yazır, “İnsanların planeti” kitabı üçün esselər qələmə alırdı.  

1939-cu ilin sentyabrın 4-də (Fransanın Almaniyaya müharibənin elan etdiyi günün səhəri) Ekzüperi Tuluza-Montodran hərbi aerodromuna gəlir. Onu 2/33 kəşfiyyat eskadrilyasına yazırlar. Burada o, 1940-cı ilin mayınadək – Üçüncü respublika təslim olanadək xidmət edir.

Ondakı nasizm nifrəti get-gedə artır, düşmən rejimə qarşı mübarizə arzusu gün keçdikcə güclənirdi. Sivilizasiyanın törətdiyi faciələrə qarşı müqavimət göstərə bilməyən Antuan bəşəriyyətin gələcəyindən qorxurdu. O, bu qorxunu “Balaca şəhzadə”də planeti məv edən nəhəng baobablarla təsvir edirdi.  

“Bunlar baobab toxumlarıdır. Planetin torpağı bu toxumlarla doludur. Bir baobabı vaxtında tanımasan sonra ondan yaxa qurtarmaq qeyri-mümkün olacaq. Bütün planeti başdan-başa bürüyəcək. Öz kökləri ilə torpağı dəlik-deşik edəcək.”

Müharibə Ekzüperidən doğma Fransanı, yaxın dostu Anri Qiyomu almışdı. Kollaborasionist Vişi rejiminin qəti əleyhdarı olan Antuan 1940-cı ilin sonunda almanların mühasirəyə aldığı vətinini tərk edib Amerikaya köçməli olur.

“Mən, ölümə məhkum etməyi sevmirəm, məncə, çıxıb buradan getsəm, yaxşıdır.”

Göydələnlərin, küçələrdə sərgərdan dolaşan, sadə şeylərlə xoşbəxt olmağı bacarmayan insanların arasında o, özünü həqiqi mənada səhrada hiss edirdi. 1942-ci ilin qızmar yayında, Menhettonda yazırdı: “Səhra sizin zənn etdiyiniz yer deyil. Saxarada paytaxtdan daha çox həyat var. Və əgər həyat öz cazibəsini itiribsə, ölümlü insanlarla dolu şəhərin özü də bir səhradır,” (“Girova məktub”).   

Mühacirin fransızlara bu xitabı “Balaca şahzadə” ilə eyni tarixdə dərc edilir və “kral”la “tacir”in dəyərlərini imtina edən nağılla səsləşirdi.“Girova məktub”da Ekzüperi sadə bir həqiqəti xatırladırdı: tiranlığın və manafenin hökm sürdüyü bir əsrdə bizim ən çox iki sadə şeyə ehtiyacımız var:təbəssümün bəxş etdiyi sevincə, və dostluğun səmimiyyətinə.

"Əgər mənim həftədə əlli üç dəqiqə artıq vaxtım olsaydı, tələsmədən, yavaş-yavaş bulağa tərəf gedərdim..."

“Balaca şahzadə” Amerikada çap olunandan iki həftə sonra Ekzüperi ABŞ-ı tərk edir. “Aclıq çəkənlərdən uzaqda qala bilmərəm”, − deyə yazır və böyüklərin dünyasında uşaqların xəyalları uğrunda mübarizəsini davam etdirmək üçün Cəzayirdə de Qolun azad Fransa ordusuna qoşulur.

"İnsanların isə nəyisə yaxşı öyrənməsi üçün qətiyyən vaxtları yoxdur. Onlar dükanlardan hər şeyi artıq hazır vəziyyət-də alırlar. Dost satıcı, dost tacir olmadığından, insanların da dostu yoxdur."

 

 “Balaca şahzadə” yalqızlığın nağılıdır. Yolunu azan nağılın qəhrəmanı “insanlar yetirən bağban”ların azaldığı planetimizin müasir insanını xatırladır. Balaca Toni böyüklərin dünyasında itmişdir. Güllərin ətrini və yağışın səsini sevən o xoşbəxt uşaq xəyyaları puç olan bir yetkinə çevrilib. Bəşəriyyət poeziyaya, rənglərə və məhəbbətə artıq dəyər vermir.   

1944-cü ilin iyulun 31-də, ölümünə az qalmış Ekzüperi yazırdı: “Məni vursalar da, peşman deyiləm. Məni qorxudan gələcəkdəki qarışqa yuvasıdır. Xeyirxah robotlardan nifrət edirəm. Mən bağban olmaq üçün doğulmuşam.” Son səfərinə o“soyuducularla, siyasətlə, balanslarla və krosvodlarla artıq yaşaya bilmərəm” fikirləri ilə yollanmış və bir daha qayıtmamışdı.

Buna nə ad qoymaq olar: intihar, fərarilik, yoxsa qəza, kimsə bilmir. Ekzüperi itkin düşmüşdü. 1998-ci ildə  − pilotun itkin düşməyindən 45 il sonra − bir balıqçı Marsel sahillərinin birində üzərində “Antuan” və “Konsuelo” adları işlənmiş qolbağı tapır. Beş il sonra isə Aralıq dənizində Sent-Eksin son səfərinə çıxdığı təyyarənin qalıqları tapılır.

"Əgər onda bir uşaq sizə tərəf gələrsə, gülərsə, əgər onun qızılı saçları varsa və əgər onu sorğu-sual edən-də cavab verməzsə, siz onun kim olduğunu anlayacaqsınız. Onda zəhmət olmasa, məni intizarda qoymayın, mənə təskinlik verin, onun qayıtması haqqında mənə tezliklə yazın..."

 

Tərcümə etdi: Mustafa Ruşan

Vacib qeyd: “Balaca şahzadə” kitabından hissələrin tərcüməsi Əziz Gözəlov və Yaqut Qurbanova aiddir.

Mənbə: eksmo.ru

 

0