Mütaliəyə başlayanda vücudumuzda nə baş verir?

Fabula.az

mutalieye-bashlayanda-vucudumuzda-ne-bash-verir

Bu infoqrafika ilk dəfə 2015-ci ildə Virciniya Universiteti tərəfindən hazırlanıb dərc edilib. “Qadağan edilmiş kitablar həftəsi” çərçivəsində hazırlanan bu infoqrafika “Bir şüşə kola içdikdən” və yaxud “Bir “BigMac” yeyəndən sonra vucudumuzda nə baş verir?” kimi məqalələrə cavab olaraq yazılmışdır. Kitabsevərlərin xoşlarına gələcəyini və kitaba maraq oyandıracağını ümid edirik...  

İlk 10 dəqiqə

Sistem dərhal hərəkə keçir. Əşyanın (kitabın) taktil olması, tipoqrafikanın vizual təsiri və yeni bir fəaliyyətə başlama hissi oxucunu fərqli bir müstəviyə çəkir. Qoxu hissi də təşvikedici rol oynayır. Məsələn, mütaliə təcrübəsi olan bir oxucu kitab qoxusunun təsiri altına düşür. İlk əqli təsirlər: yad bir təhkiyəçi səsinin oyatdığı həyəcan, ilk dəfə qarşılaşılan üslub və terminologiyanın zehni istiqaməti pozması, yeni fikirlərə müvəqqəti müqavimət və ümumiyyətlə, hərəkətə keçən ve get-gedə artan sinir fəaliyyətləri.    

30 dəqiqə

Təsir get-gedə artır. Bu mərhələdə bəzən hallüsinativ eşitmə və görmə müşahidə olunur. Əksər oxucu həmin anda beynin qəbul etdiyi və orada silinməz izlər qoyan səsə diqqətini cəmləyir, bəziləri fantastik mənzərələr görür (yəni gözündə canlandırır). Bu mərhələdə oxucular başqa zaman və məkanlarla getdiklərini belə düşünür. Əksər oxucu bu mərhələdə kitaba fiziki müdaxilə etməyə məcbur qalır. Məsələn, səhifələrin kənarlarını qatlayır, ya da səhifənin kənarlarına yazı yazır, cümlələrin altını xətləyir, ya da stiker yapışdırır. 

60 dəqiqə

Oxucu əsasən bu mərhələdə kitaba qapılır. Qeyri-ixtiyari qəhqəhələrdən tut dərin kədərə qədər dəyişən kəskin təsirlər müşahidə olunur. Bəzi fentezisevərlərdə real dünya hissi aradan qalxır və oxucu kitabdakı obrazlara və hadisələrə dərin psixoloji bağlılıq hiss edir. Oxucu get-gedə xəyallara dalır, vaxtaşırı mütaliəni dayandırır və boşluğa baxaraq düşünür. Bu cür mütaliə fəaliyyətinin yan təsirləri var. Belə ki, oxucu yeni məfhum və fikirlərin axınına məruz qalır və insan təbiətinə dair geniş məlumatlar əldə edir. “Öyrənmə” məfhumu məhz budur.    

60 dəqiqədən sonra

Kitab artıq oxucunu ələ keçirib. Mütaliə yavaş-yavaş sona çatır. Oxucu ondan ayrılacağını düşünərək qəzəblənir və narahat olur. Bu mərhələdə oxucunun kitaba ehtiyacı elə bir həddə çatır ki, yemək və yuxu kimi əsas ehtiyacları unudur.

Saatlar, günlər, həftələr

Bu mərhələnin vaxtı oxucu və kitaba görə dəyişir, amma mütaliə başa çatır. Bu şiddətli kədərə səbəb ola bilər. Bir çox oxucu kitabı ikinci və ya üçüncü dəfə təkrar oxuyur, birinci mütaliədə duyduğu hisləri duymağa çalışır. Xüsusilə, bəzi oxucular bildirir ki, mütaliədən əvvəlki, sakit və stabil həyata qayıtmaq istəyirlər. Paradoksa baxın ki, bu cür oxucular qısa bir “sağalma” dövründən sonra, daha ağır kitablar axtarmağa başlayırlar.

İllər

Kitabın təsiri hələ də özünü göstərir. Bu mərhələdə artıq oxucu ümumi bilik əldə etmiş, mütaliə vərdişi qazanmışdır. Bu cür oxucular ömür boyu oxumaq, daimi inkişaf etmək və araşdırmaq xəstəliyinə yoluxmuş olurlar. 

Tərcümə etdi: Mustafa Ruşan

0




daha çox