Səttar Bəhlulzadənin çantasına təpik vurduğu tələbəsi

Ziyadxan Əliyev

settar-behlulzadenin-cantasina-tepik-vurdugu-telebesi

Televizor əhvalatı

Ötən əsrin əllinci illərində televizorun təzə çıxan və çətin tapılan vaxtlarında rəssamlar arasında yaxşı qazanmaqları ilə ad çıxaran Mehdi Qumriyev və Böyükağa Mirzəzadə birlikdə gedib mağazadan televizor alırlar. Sevinə-sevinə hələ ki, hamının ala bilmədiyi televizoru evlərinə gətirilər. Axşam proqram başlayandan bir az sonra Böyükağa Mirzəzadə Mehdiyə zəng edir: “Səndəki televizor göstərir?” O da öz növbəsində ona müsbət cavab verir və deyir ki, oturub baxırıq. Böyükağa müəllim qayıdır ki, bizimkinə bilmirəm nə olub, göstərmir. Bunu eşidən Mehdi Qumriyev onunla bir az məzələnmək qərarına gəlir və deyir: “Pəncərələri açmısınız?” Bu qəribə suala Böyükağa müəllim “yox” cavabı verir və əlavə edir ki, necə açaq, bayırda qışdır. Mehdi də tam ciddi şəkildə “Yox, onda göstərməyəcək! Çünki siqnallar pəncərədən daxil olur!” - deyir.

Bir azdan Böyükağa Mirzəzadə yenidən zəng edir və deyir: “Ay Mehdi, pəncərələri açmışıq, amma yenə də göstərmir!” Bu dəfə Mehdi ondan qapının açıq olub-olmadığını soruşur. Həmkarından hirslə “Yox!” cavabını eşidən Mehdi çox sakit halda deyir ki, qapı-pəncərəni açmasanız televizor göstərməyəcək. Çünki, siqnalların içəri daxil olması üçün bayırla əlaqə yaradan yer lazımdır. Böyükağa Mirzəzadə naəlac qalıb qapını da açıq qoyur, amma vəziyyət yenə də yaxşılığa doğru dəyişmir. Odur ki, o, yenidən bina qonşusunu narahat etməli olur. Böyükağa Mirzəzadənin zənglərindən artıq cana doyan Mehdi bu dəfə deyir ki, yaxşı, heç nəyə əl vurmayın, indi özüm gəlirəm vəziyyəti yerində yoxlamağa...

Bunu deyib geyinir və yaxın blokda yaşayan Böyükağagilə yollanır. Gəlib görür ki, arvadı da, Böyükağa da palto geyinib oturublar soyuq otağın ortasında, işləməyən televizor da qabaqlarında...

Mehdi yaxınlaşıb televizoru qurdalayır. Çox tezliklə televizorun göstərməsinə mane olan əmmanı tapıb düzəldir və televizor başlayır göstərməyə. Ailə çox sevinir. Ər-arvad ona razılığını bildirəndən sonra Mehdi geri qayıtmağa hazırlaşırmış ki, Böyükağanın hamının gülüşünə səbəb olan sualı səslənir: “Mehdi, biz indi səhərə kimi qapı-pəncərəni örtməyək?” Bu yerdə Mehdini gülmək tutur, amma bununla belə artıq təzə televizorun “ləzzətini” görən cütlüyə yazığı gəlir. Odur ki, gülə-gülə: “Yox, artıq örtə bilərsiniz, televizorun eyiblərini artıq düzəltmişəm!” - deyir və qapını örtür...

Əyyub Məmmədovun tapançası

Günlərin bir günü tanınmış rəngkar Nadir Qasımov “Rəssamlar evi”nin həyətində dayanıbmış. Elə bu vaxt həyətdə evdən çox hirsli çıxdığı hərəkətlərindən və sözlərindən duyulan Əyyub Məmmədov peyda olur və hirslə deyir: “Qıracağam! Bunların hamısını qıracağam!” Nadir Qasımov da qaraja tərəf gedən həmkarının arxasınca “Ay Əyyub, hara gedirsən?” - deyə qışqırır. O da geri dönüb “Gedirəm qarajdan tapançanı götürməyə. Qıracam onların hamısını!” - cavabını verir. Bunu eşidən Nadir Qasımov ondan çox qəribə xahiş edir: “Ay Əyyub, onsuz da dediklərin adamları qırandan sonra səni dama basacaqlar. Mənim də bir düşmənim var, yerini deyim, onu da vur öldür. İndiki məqamda sənin üçün onsuz da azın-çoxun fərqi yoxdur!”...

Daşa da üç min, palçığa da?

Təxminən on il əvvəl tanınmış heykəltəraş Xanlar Əhmədovun emalatxanasının yanında Kamil adlı usta qəbirüstü abidənin daşını yonurmuş. Bu vaxt bir sifarişçi dəstəsi ona yaxınlaşır. Salamlaşdıqdan sonra ona müraciətlə deyirlər ki, bəs bizim də rəhmətə gedənimiz var. Ona qəbirüstü abidə hazırlatdırmaq istəyirik. Bu heykəlləri sən yonursan? Kamil onlara təsdiqləyici cavab verir. Onda sifarişçilər Kamildən abidəni neçəyə yonduğunu soruşurlar. O da cavab verir ki, mən bu işin ancaq yonanıyam, məndən qabaq isə əsas işi heykəltəraş görür. Onlarsa onun sözünü ağzında kəsib “Yox ey, sənin işin neçəyə başa gəlir?” - deyə soruşurlar. Kamil də portreti üç min dollara yonduğunu bildirir. O, bir daha əlavə edir ki, bu işin əvvəlini heykəltəraş görür. Yəni, o, heykəli əvvəlcə palçıqdan hazırlayır, sonra isə mən onu daşa köçürürəm. Onlar da daş yonanın bu izahından sonra ondan bu palçıq işini kimin gördüyünü soruşurlar. O da Xanlar Əhmədovun adını çəkir və heykəltəraşın yerini onlara nişan verir. Onlar da dayanmayıb keçirlər emalatxanaya. Xanlar Əhmədovla salamlaşdıqdan və lazımı məlumat alandan sonra heykəllərin doğrudan da onun tərəfindən hazırlandığına əmin olurlar və yaxınları üçün bir abidə hazırlanmasını istədiklərini dilə gətirirlər. Xanlar Əhmədov da bu işi görməyə hazır olduğunu bildirir. Bunu eşidən sifarişçilər ondan bu işin müqabilində nə qədər alacağını soruşurlar. Xanlarsa onlardan daş yonanla sövdələşmələrinin nəticəsini soruşur. Onlar daş yonanın onlardan üç min dollar istədiyini bildirirlər. Bunu eşidən heykəltəraş deyir ki, üç min də mənə verərsiniz, mən də heykəli hazırlayaram. Bunu eşidən sifarişçilərdən biri hiddətlə deyir: “Daha ağ eləmə də! Daşa da üç min, palçığa da?”...

Get özünə “toçka” tap!

Bir dəfə Əmircan kəndi ətrafına etüd işləməyə gedən Səttar Bəhlulzadə həmyerlisi, rəssamlıq məktəbinin tələbəsi Eldar Mikayılzadəni də özü ilə aparır. Onlar birlikdə kəndin ətrafındakı el arasında “Şor” adlanan gölün yanına gəlirlər. Gənc rəssam həyəcanla ustadın hərəkətlərini izləyir. Ustad sənətkar etüd çantasını açıb onu işlək vəziyyətinə gətirir. Eldar da ayaqsız etüd çantasını yerdə açıb onun arxa tərəfində dayanır və Səttarın işə başlamasını gözləyir. Səttar da ilk olaraq üzünü kəndə tərəf tutur, bir qədər müşahidə aparandan sonra etüd çantasının yerini dəyişir və üzü Qaraçuxura tərəf dayanır. Bunu görən gənc rəssam da ustadın hərəkətini təkrar edir. Eldarın onu təkrar etməsi nədənsə Səttara xoş gəmir və o, yaxınlaşıb gücü çatdıqca onun etüd çantasına bir təpik vurur və dəzgahın üstündəki karton gedib düşür gölə... Ardınca Səttarın ona “Ə, nə fırlanırsan dalımca! Get özünə “toçka” tap!” deməsi gənc rəssama gerçəkliyə öz gözü ilə baxmağın vacibliyini xatırladır.../Kulis.az/

0