Quru “Can”lar

Qəfər Rüstəm

quru-can-lar

Platonov Can povestində "Can" xalqının taleyi haqqında yazıb. Belə bir xalq olub, yoxsa sadəcə yazıçı fantaziyasıdır? Bunun məgər önəmi var? Nə çoxdur canından başqa heç nəyi olmayan canlar.

Ölməyə belə taqəti qalmamış bir xalqı yaşamağa səsləməlidir Nəzər Cağtayev. Həmin xalqın içindən çıxıb Moskovada ali təhsil alaraq geri qayıdır. Can xalqı haqqında xatirələri elə can xalqı kimi boz-bulanıqdır. Necə edəcək, çöl-biyabanda yoxluğa qarışmış Can xalqını necə tapacaq, onlara yaşamağı nə cür öyrədəcək, bunları Nəzər bilmir. Bildiyi tək şey xalqına belə bir borcu olmasıdır. Hər bir ziyalının xalqına olan borcu kimi...

Can xalqı ətrafdakı bayalar tərəfindən istismara məruz qalıb. Lazım olanda ucuz işçi kimi işlədilib, sonra da taleyin ümidinə buraxılıb. Sovet İttifaqının göndərdiyi adam da əlini daşın altına qoymaqdan boyun qaçırır. Bircə ölən Can xalqının siyahısını tutur, hamı ölüb qurtarandan sonra akt yazıb “vəzifəsini” tamamlamaq istəyir.

Nəzər Can xalqını axtararkən səhrada bolşeviklərin cəsədinə də rast gəlir. Bununla yazıçı üstüörtülü bildirir ki, bura Sovet əsgərləri də gəlib, silah gücünə sosializim qurmaq istəyiblər. Ancaq Can xalqı yaxalarını onlara verməyib səhrada itib batıblar.

Azad bir xalq yalnız ona sevgi və ədalətlə uzadılan əli tutar. Təbiətlə harmoniya halında yaşayan bir cəmiyyətə diktə yolu ilə nəsə başa salmaq olmaz. Nəzər də belə edir. Sivilizasiyadan uzaq, maddi yoxluq içində yaşayan Can xalqına yalnız sevgi verir. Ac xalqının qarnını doyurmaq üçün ətini leşyeyənlərə yem edir və quşları revolverlə vurub xalqına ət yedizdirir. Susuzluqdan nəm qumdan yeyib yanğısını söndürməyə çalışır.

Az-çox qarnı doyan, yaşamağa isti daxması olan Can xalqı yavaş-yavaş dirçəlir. Yaşamağın nə olduğunu hiss etməyə başlayır. Damarlarında qan axdıqca, gözlərinə işıq gəldikcə həyatın dadını hiss edirlər.

 Can xaqı Lenini tanımır, yalnız yaşamağı, həyatı tanıyırlar. İnsana sevgi lazımdır. Sevgi görən cəmiyyətə heç bir ideologiya lazım deyil. “İnsan olmağ”ın özü belə böyük məqsəddir, tükənməz enerjidir. Əgər ideologiyaların, sistemlərin bəşəriyyətə gətirmək istədiyi səadət və rifahdırsa bunu sevgi ilə daha kəsə yoldan əldə edə bilərlər.

Sevgi şərtsiz olur, şərtlər sevginin təsir gücünü azaldır. Cağatayevin xalqını sevməkdən başqa bir sərmayəsi, başqa bir planı yox idi. Təmənnasız sevgi çox keçmədən öz nəticəsini verir, Can xalqı “can”larının fərqinə varır.

Nəzər Moskovanın rahat həyatından, xoş güzəranından əl çəkib çöl düzünə gələrkən onun üçün çox şey dəyişmişdi. Can xalqı isə elə bilirdi ki, bütün dünya elə məhz bu səhra kimidir. Buna görə də Nəzərə minnətdar deyildilər. Cağatayevin də özləri kimi quru canından ibarət olduğunu fikirləşirdilər. Onsuz, Nəzər də onlardan təşəkkür gözləmirdi.

Əsərin sonunda kiçik qız Aydımı Moskovaya təhsil üçün aparır. Sevgiylə qurulan dövlətlərin dərhal meyvə verəcəyini göstərmək istəyir. Aydım da, bəlkə, Nəzər kimi oxuyub Can xalqının yanına qayıdacaq. Bilmək olmaz. Bəlkə, yoxdan xanimanlar qurulacaq, çöl-biyabanlar mədəniyyətlər inşa ediləcək...

Ola bilsin, bütün bunlar utopik səslənir. İnsanın xislətinin belə bir şeyə rüxsət verməyəcəyi ağlımıza gələr. "Sevgi aramızdan qovulub çıxarılandan bəri Can xalqından betər vəziyyətdəyik." Platonov buna inanır. “Represiyaların, zülümlərin kulminasiya vaxtlarında belə bizi insan edən sevgidir. İnsana dövlət yox, mərhəmət lazımdır, mühakimə yox, bağışlama lazımdır. Cismən yaşasaq da, bizi həqiqi mənada yaşadan, canımızın canı sevgidir, ” − deyir.

Fabula.az

    

  

0