Evinə dönməyən ağac

Cenk Gündoğdu

evine-donmeyen-agac

dnməyən ağ

Cenk Gündoğdu Biznes və Gözəl Sənətlər Fakültəsində təhsil alıb. Əsərləri mütəmadi dövri mətbuatda dərc olunur. 2001-ci ildə "Üç nöqtə” ədəbi jurnalını təsis edib və hal-hazırda da onun redaktorudur. O, müxtəlif teatr və universitetlərdə müəllim kimi də fəaliyyət göstərir. 

 İlk kitabı "Issız” 2012-ci ildə işıq üzü görüb. 2013-ci ildə bu kitabla altıncı dəfə təqdim olunan Mətin Altıok Poeziya Mükafatına layiq görülüb. 

 

Evinə dönməyən ağac

 Çöllərdə şaxələnən inam dolu əllər 
bir iyun qaranlığında silkələnər.
Bütün süqutları duyar cəsarətli məsafələr 
kimsəni ağrıtmaz tale yazın.
 
Əqrəbdən və arzulardan düzəldilmiş 
bir ağrı axtararlar səninçün 
Burada – qəlibinə dolduğumuz 
bir sükutun içində yaşayar hamı 
və ölüm 
canımızdan çıxmayan bir meyildirsə, 
elə bu səbəbdən 
baltalaya bilməzlər səni, 
evinə dönməyən ağac. 
 
Dövlət və Tanrıyla sınanmış həyat
çıxılmaz bir dalana sarı yol gedər. 
Çılğınlıq – burada sevgilim rolundadır. 
Zəhərlənən xiyabanlar,
zülmün belə uçurda bilmədiyi quşlar 
qayğılarını dostuna verən "təkid”in 
zərif körpələridir. 
Onlardır burada 
ən yaxşı halda məğlub olanlar.
Çünki bu həyatın ağlı çaşıb...
Onu nə olur-olsun 
bu atəşə kəbinli-talaqlı bağlayan qandan, 
çələnglərlə bəzənmiş qovğalardan,
bilə-bilə ürküdülmüş 
qız məmələrindən qoparıb 
banklara, ticarət mərkəzlərinə, 
alış-veriş səbətlərinə,
sms-lərə, mms-lərə at. 
 
Məni bu şəhərdə ağac olmaqdan xilas et. 
Ürəyi doludur bu sükutun – qorxudur gəncliyimi. 

 

Axşam ölüsü

 Sözdən düşən üç qüsurla 
axşamı gətirdim sizə – ölmüş.  
Aça bilmirəm boynuma dolaşmış küləyi 
"uzaqlar”ın diktəsiylə yoxa çıxıb 
qəsəbədəki susqun dostlarım. 
Baş vurublar zəmanəyə, 
dəyməyin.
 
Yolların kədəri yerində dursun, 
amma qəlbimi alın, xilas edin 
bu kağızın çölündən. 
Çünki yollar baxdıqca yorular 
gedənlərin ağrılı dili ilə 
duza duz daşımaqdan 
bilirəm.
 
Heç olmasa zamana 
açsaydım ürəyimi –
yenilməzdim.
Günəşin boğulduğu sahillərdə 
dili dolaşmış kədərimlə 
bəhs etsəydim uşaqlıqda gördüyüm atlardan, 
ölülərin gətirdiyi hüzndən 
əlbət, parçalanmazdım bu sularda. 
 
Bir dağın sözüylə 
axşamı gətirdim sizə – ölmüş. 
 
Özünüzü yetirin, 
bəzəyib-düzəyin,
bir eşqə doğru aparın məni – ölmüş... 

 

Qan

 Qan qoxuyur hər yan, qardaş qanı 
dovşan qanı, düşmən qanı 
qırmızı qan, aldanmış qan 
qan qardaşımın axan qanı
ağır, isti, soyuq, laxta 
yuyulmaz qan, əli qanlı, qanı qara 
aranan, tapılan, alınan, verilən qan, qan...
Qan çanağı gözlər 
qan ağlayan qan
ədavətli, ədavətsiz qan,
ehtiyat qan, 
vücudunu dolaşan qan...
Susamış, kəsili, zay, boşalan,
boyanan, itirilən, köpüklənən qan...
Qan bağıyla nəfəs alan, qan qoxuyan qan...
Beyninə qan sıçramış, 
qanı çəkilmiş,
ləkəli, sulu, quru, hərarətli, danışan qan...
Qanım bahasına qazandığım,
qanı rəvan, yerdə qalmaz, 
qanıma girən, qanımı əmən, 
qanımı qurudan, qanımla ödədiyim, 
qanı canlı, qanına susamış...
Qan qoxuyur hər evdə qəhvə,
qəhvə deyil qan.
Toylar, pullar, cəzalar, çiçəklər, soylular, soysuzlar,
canlılar, cansızlar, pislər, təmizlər, 
ağırlar, yüngüllər, nəhənglər,
qana-qan, intiqam deyənlər 
susur, boylanır
qan çanağı gözlərdə qan qoxuyur qan... 
Üzünə qan hopanlardan, 
şən, sevincli bakirələrdən, 
axan qanlar durmaz daha.
Beyninə qan sızanlardan
tüpürülən, udulan, kirəcli, qansız qan... 
Qandildə, Qanlıcada, Qandaharda 
qan içib, qan dişləyib, qanına girib, qan yaşayıb...
Qanlı-bıçaq olur, qan qoxuyur 
döşəkağılar, röyalar, gerçəklər.
Qan itirərək, qan bahasına, donaraq, ölərək...
Qanına doğranan çörək qoxuludur
axın-axın gələn qan.
Mən də axtarılan 
birinci qrup müsbət qanam.  
Türk qanı, kürd qanı, yunan qanı, erməni qanı,
uşaq qanı, şəhid qanı, qaçaq qanı,
dostun, düşmənin, atın, arabanın qanı,
ərəbin, arvadın, qərbin, bayrağın, şərqin qanı...
Bir damla qan 
dönüb gölə
qoxusuna bax hələ! 
 

Səbəbsiz gül

 
Ey öyrəşdiyim uzaqlıq,
sənin üçün işlədim bu yorğunluğu. 
Lal olmuşam səhərdən,
ey dağılan evlərin xətaları,
yan-yana  düzdüyüm yollar.
 
Danışdım, 
bir gün hər kəs susar bildim.
O gün ikimiz üçün açılan güldün. 
Və yenə söyləyirəm 
səbəbsiz güldün – dodaqlarından başlayan...
Çünki hər kəs öz səbəbini axtarar,
dünyaya baxanın yarasıdır dağlar.
 
Dedim, 
sənə görə çəkdim gözümü
film salonlarından, lampalardan,
adını unutduğum izdihamdan,
sahibsiz bir qamçı kimi
özünü ora-bura çırpan 
zalımlığından pula və gücə söykənən
bu şəhərin adamlarından.
Sənin üçün çəkdim gətirdim tənhalığı buraya 
onu da bürüyəsən istədim göy əskiyə.
Əyil, bax
gör necə zəifləyirəm, uzanıram, çoxalıram 
unuduluram bir adamda.
Boşluqdan oyub düzəltdiyim vaxtam
oturub özümə baxıram
görürəm necə böyüyərmiş bir yalqızlıq. 
 
Kimsəsizdir bağçam, quruyub quyum,
Bir yuxudan düşmüşəm bura
hür olmuşam.
Ey səbəbsiz gülüm, ey qaranlıq cənnətim 
ey qismətinə yazıldığım tələ,
bax buna görə unutdum mən bu eşqi.
Gəl, 
sən də qoşul artıq 

axdığım çaylara.

 

 

Marinin1 gecəsi

 Bəxti qaradır Marinin 
ona görə sevər pişikləri 
işçilər dənizi süpürləyib aparmamış 
yuxuya getməz gecələr.
Aynalardan axmağı var hərdən,
bir də gəncliyilə fəxr edən 
küləyə uduzmağı var. 
Harasındasa bir "getmək” əzizləyər həmişə.
 
Kimə bənzəyir axı
belə anlaşılmaz bir zamanı təmsil edən,
qaranlıqdan da bəyaz Mari?
Dumanlı şimal adalarında zəng səsləri 
incə-incə hopar yoxluğuna.
Elə hər şeyi yoxdan düzəldər,
diləyinə qovuşmuş hər şeyi 
parçalamaq istəyər sanki. 
 
Mari, bu əsmərlik necə də yaraşır sənə
Burda tünd mavi rəngdədir yalqızlıq.
Mənim gözəl qorxum, 
bir ağrıdan süzülüb gəldim sənə.
Danış məndən,
Fikrindəki dağları fəth elə,
səni susdurmuş sıxıntıları danış bu adama. 
Yuxunun səhəri gələnəcən
bir həyat bəxş edək bizdən şəhərə.
Unudaq gecə görməyən pişikləri, 
yorğun işçilərin üfüqlərini 
və səndən mənə hopmuş səslərlə 
soyaq bu soylu qaranlığı. 
 

Artkaspi.az

Türkiyə türcəsindən uyğunlaşdıran: Günel Şamilqızı


[1] İndiki İrak-Suriya sərhədi yaxınlığında Fərat çayının qərb sahilində, e.ə 5 min il öncə mövcud olmuş qədim şəhər-dövlət. 

ac – Cenk Gündoğdunu şeirləri

0