Məni tərk etmə

Qəfər Rüstəm

meni-terk-etme

İnsan haqqında nəsə deyə bilən, onun gizlinlərinə fokuslana bilən romanlar həqiqi romanlardır. 2017-ci il “Nobel” mükafatçısı Kazuo İşiquronun “Məni heç vaxt tərk etmə” romanı da belə romanlardandır. İnsanı sarsıdan, özüylə qarşı-qarşıya qoyub dözülməz ağrılara səbəb olan roman...

Orqan transpantasiyası üçün bir internatda böyüdülən donor uşaqlardan biri olan Keti keçmiş günlərini bir-bir yada salır. Roman boyunca onun ümidsiz, tənha səs tonunu eşidirik.

İnandığımız dəyərlər nə vaxtdan bizim olub? Həqiqət kimi qəbul etdiyimiz şeyləri həqiqət olduğu üçün qəbul edirik, yoxsa nə vaxtsa bunu qəbul etmək üçün hazırlanmışıq?

“Başlanğıc”(İnception) filmində belə bir səhnə var. Baş qəhramanlardan biri komandasına yeni götürdüyü qıza yuxunun nə olduğunu başa salmaq istəyir. Qızın yuxusuna girib ona belə bir sual verir: “Bura necə gəldiyini xatırlayırsan?” Əlbəttə ki, qız xatırlamır. Çünki yuxunun əvvəli, sonu olmur, ordakı səhnələrin, hislərin açıqlaması olmur.

Əslində, bütün bəşəri simvolizə edən donor uşaqlar da belə bir yuxudadırlar. Donor olduqlarını bilirlər, amma, əslində, bilmirlər. Çünki tərbiyəçi Lyusinin dediyi kimi:  “Bu həqiqəti onlara guya deyiblər, eyni zamanda deməyiblər. Yetkinlik yaşına çatmadan deyilən, eyni zamanda deyilməyən bu məlumatlar təhtəlşüura o qədər dərindən həkk olunur ki, yetkin olanda bu məlumatlar sorğusuz-sualsız qəbul edilir. Hər bir insanın ruhuna, zehninə, qəlbinə həkk olunan, bu  vaxtilə “deyilən, amma, əslində, deyilməyən” məlumatlar gələcəkdə doqmalara çevrilir. Şüur oyanıb öz yolunu tapmaq istəyəndə bu doqmalar barrikadasıyla qarşılaşır və təslim olmaqdan başqa çarəsi qalmır.

Gələcəyi fəlakət olan bu donor insanlar keçmişlərinə sığınmaq istəyirlər. Klonlandıqları insanların arxasınca düşürlər. Əslində, bunun heç bir önəmi yoxdur, bunu onlar da bilirlər, ancaq bir təsəlli tapmaq, heç olmasa: “Klonlandığımız insan yaxşı insandır” demək istəyirlər. Ancaq Rut axırda qəzəblənib deyir ki: “Biz fahişələrdən, alkoqoliklərdən, bomjlardan klonlanmışıq. Gələcək kimi, keçmiş də pərişan, dərbədər. Qurban olmağı qəbul etmiş bir insanın keçmiş və gələcəyinin necə olacağı bir məna kəsb etmir. Çünki istər keçmiş və  gələcəyi, istərsə də bu günü dəyərli edən insanın özüdür, özü kimi var ola bilməsidir. Bunu itirmiş bir insan üçün keçmiş və gələcək sadəcə bir illüzaiyadır, mənasız xatirələr və ümidlər qalağıdır.”

Belə bir şaiyə yayılır ki, bir-birini sevən donorlara bir neçə il daha yaşamaq üçün möhlət verilir. Qəribə bir ironiya, ölümün həyatla ironiyası... Donor olduğunu qəbul edən birinin sevgiylə ömrünü uzatmaq istəməsi, əslində, onun fəlakətinin teatral proyeksiyasıdır. İnsanın içində düşdüyü bataqlığın, dirəndiyi dalanın tragik ifadəsidir. Donor olduğunu müti halda qəbul edib sevgidən mədəd ummağın başqa adı nə ola bilər? Ömrünü uzatmaq istəyən donor sevgi maskasıyla gününə gün calamalıdır, yoxsa nə üçün donor olduğunu öyrənməyə cəhd etməlidir?

Keti illər sonra tərbiyəçisindən soruşur: “Madam bizi donor olmaq üçün böyütdünüz, onda bizə niyə təhsil verdiniz, niyə sənəti, rəsmi, ədəbiyyatı sevdirməyə çalışdınız?” Cavabsa belə olur: “Sizin ruhunuzun olub olmadığını öyrənmək istədik. Sizin kimi donorlar yetişdirən dünyaya sizin də insan olduğunuzu isbat etmək istədik.”

Sənət insanda hələ də insanlıq tərəflərinin qaldığının nişanəsidir. Sənət düşünən, ruhi mərtəbələri olan insanın görünməzliklərinə işıq tutur, onun daxili dünyasını inersiyaya məruz qalıb tələf olmaqdan qoruyur.  

Bəzən insan doğulduğu yerə, ailəyə, cəmiyyətə görə bir çox şey itirir. Belə insan üçün xoşbəxtliyin, kədərin, sevincin, ələmin mənası tamam başqa olur. Donorların internatdan sonrakı həyatlarında bu  məqam ustalıqla təsvir olunub. Qızlar uşaq doğa bilmədiyi üçün intim həyatları da mexaniki, tələb-təklif münasibətinə görə qurulub. Donorlar özləri üçün həyat yaşamırlar, onlar xəstə olmamaq üçün intim həyatlarına, zövqlərinə nəzarət etməlidirlər. Bura yeni gələnlər veteranları təqlid edir, onların hərəkətlərini yamsılayırlar. Xülasə, donor olmaq üçün gözləyən birinin şəxsi həyatı olmur. Elə doğulan gündən azadlıq nədir bilməyən insanın özü kimi var olmağı mümkün deyil.

Roman görünən və  görünməyən qatları ilə insanı yaxşı təhlil edir. İstifadə olunan bədii texnika, sujet xətti sadədir. Donor olmaq üçün yetişdirilən insanların fəlakəti soyuqqanlılıqla təsvir olunub, eynən öz halımıza yanaşdığımız kimi. Faciə də elə bu soyuqqanlılığımızdadır, çünki  guya qurban olduğumuzu bilirik, amma, əslində, bilmirik...

Fabula.az

0