Yağış damlalarıyla

Günel Rəcəb

yagish-damlalariyla

Fabula.az Günel Rəcəbin şeirlərini təqdim edir...

 

Yağış damlalarıyla

Yağış damlalarıyla

Rəqs edir xatirələr,

Diksinir küçədəki

Taksafonun səsinə.

 

Damlaların rəqsini

Yarıb gəlir zəng səsi,

Yaddaşında gizlənən

Taksafonun nəğməsi.

 

Qaçır küçəyə sarı.

Atıb çiyninə qırmızı

Qalın yun jaketini.

 

Güman edir tapacaq

Taksafonun səsində

Gənclik məhəbbətini.

 

Uzaqda maşınların

Görünür işıqları,

Tökülən ulduzların

Sayrışır işıqları.

 

 

İllərlə gözlədiyi

O eşqin müjdəçisi

Yağışa qonaq olar

Taksafonun zəng səsi.

 

Evdən taksafonadək

Ümidlər xalı salır,

Yun jaketin üstünə

Sakitcə yağış yağır.

 

Dəstəyi götürməmiş

Kəsilir zəngin səsi,

Donub qalır yerində

Jaket düşür əynindən

Gələn zəngin səsinə.

 

Gecikdi ayaqları

Taksafona zəng edənin

Tələsdi barmaqları.

 

Bu şəhərdə qaydadır

Bir-birinə gecikər,

Ya sevincdən tələsər,

Çata bilməz sevgilər.

 

Sarı işıqlar gəlir,

Yaxınlaşır, deyəsən.

Onların işığında

Rəqs eyləyir gecikən,

Bir də ona tələsən...

30.02.2018

 

Ona deyin...

Ona deyin, mən gedirəm,

Yas tutub da ağlamasın.

Görüş yeri boş qalıbdır,

Çinarları danlamasın.

 

Həsrət yükü ipə dönüb

Sarılıbdır boğazıma.

Şeirləri tək nəğməmdir,

Aparıram öz yanıma.

 

Ona deyin, saçalarımı

Bağışladım küləklərə,

Bir də kimsə söz deməsin

İncik düşmüş ürəklərə.

 

Xatirələr işıq salar.

Gecələrin soyuğunda,

Gözlərimi torpaq yumar,

Sarılaram günahlara.

 

Ona deyin, solmaz heç vaxt

Bizə qalan xatirələr,

Boy alıb da təkrar bitər

Torpaq üstə al çiçəklər.

 

Ona deyin, mənim ruhum,

Həyat eşqim ölməz daha!

Qoy bənzətsin çiçəkləri

O qırmızı dodaqlara...

 

03.04.2018

 

 

 

0