Fayton sevdası

Orxan Adıgözəl

fayton-sevdasi

Rəcaizadə Mahmud Əkrəmin “Fayton sevdası” (“Araba sevdası”) kitabını universitetə gedəndə, yolda oxumağa başladım. İctimai nəqliyyatdan istifadə edərkən kitab oxumaq məndə artıq faydalı bir vərdişə çevrilib. Yolda başladığım bu kitab məndə müəyyən təsirlər oyatdı.

Ümumiyyətlə, rast gəldiyimiz adamlar, gəzdiyimiz yerlər, təmasda olduğumuz əşyalar, istifadə etdiyimiz alətlər, ləvazimatlar və şahid olduğumuz hadisələrlə həmişə təsirdə oluruq.

Kitabı oxuya-oxuya ətrafa boylanır, müəllifin təsvir etdiyi İstanbulun müəyyən əraziləri ilə yolboyu keçdiyim məkanlara baxıb iki şəhər arasında müqayisələr aparırdım.

Türkiyə ədəbiyyatının ilk realist romanı sayılan “Fayton sevdası”nda təsvirlərə geniş yer ayrılıb. Bu təsvirlərdən yazıçının diqqətli müşahidəçi olduğu görünür.

1889-cu ildə qələmə alınan bu roman Türkiyənin roman tarixində romantizmdən realizmə keçən ilk əsər kimi yadda qalıb. 

Roman XIX əsr Türkiyəsinin o vaxt məhz mədəni elitaya daha yaxın şəxslərin arasında yayılmış ən qabarıq problemlərdən biri sayılan Qərb və Avropa ənənələrinə meyil salan gənclərin tərbiyəsi mövzusunda qələmə alınıb.

Əsərin baş qəhərəmanı keçmiş dövlət məmurunun oğlu, 23-24 yaşlarında olan Bəhruzdur. O, atasının vəfatından sonra ona qalan var-dövlət, miras hesabına yaşayır. Bəhruz dəbdəbəli həyat sürən bir gənc, ən son dəblə geyinən təkəbbürlü bir bəydir. Ona "qlamur" kişi də demək olar. Özünü ətrafdakılara göstərməyi xoşlayan gənc bəy daim diqqət mərkəzində olmaq üçün çox çalışır. 

Günlərinin çoxunu gözəgəlimli və bahalı faytonunda keçirən bəy əfəndi əsl təmtəraq və bər-bəzək içində yaşamağa öyrəşib. O, bahalı fayton almaqla da seçilməyə və kübar görünməyə can atır. 

Yaz fəslində, yenə də özünü gözə soxmaq üçün əlləşdiyi vaxtda parkın ətrafında sarışın bir xanıma aşiq olur. Bəhruz Pərivaş adlı gənc xanıma yaxınlaşıb tanış olmağa çalışsa da, qadın Bəhruzu çox da ciddi qəbul etmir.  Bəhruz faytonla Pərivaşın istifadə etdiyi faytonu təqib edir. Ancaq onun izini itirir. 

O gündən Pərivaş Bəhruzun ağlından, fikirindən çıxmır. Pərivaşı tanımasa belə, ona dəlicəsinə vurulur. Bəhruz qadına eşqini izhar edən məktub yazır və ikinci dəfə rastlaşanda zorla məktubu ona verir. 

Dəhşətlisi o olur ki, Bəhruzun sevgisi səmimi olsa da, onun məktubu "plagiat" olur. Belə ki, ağlı dayaz olan bu gənc məktubdakı ifadələri eşq romanlarından köçürür. Hətta məktuba əlavə etdiyi şeir də öz dilindən yazılsa da, başqa bir şairə məxsus olur. 

Bir gün o, yalançılıqda ad çıxarmış tanışı Kəşfi bəyi görür. Kəşfi bəy Bəhruza həmin qızın öldüyünü xəbər verir. O gündən sonra qəm dəryasına batan Bəhruz böyük sarsıntılar və kədər içində yaşamağa başlayır. Günü ah-nalə içində keçən Bəhruzun var-dövləti də sürətlə azalır və müflislik qapısını döyür. 

Əsərdəki digər məqamları və hadisələri yazmamağı qərara aldım. Bunu ona görə edirəm ki, həm marağınız ölməsin, həm də özünüz oxuyub, kitabdan zövq ala biləsiniz.

Bəhruzun daxili dünyası ilə tanış olanda onun nə qədər dayaz adam olduğu üzə çıxır. O, öz ana dilini də kasıb və kasad dillərdən hesab edir və davamlı  danışığında fransız sözlərindən istifadə edir. Alayarımçıq təhsil almış məmur balası türk dilini bəyənmir və cəmiyyət arasında fransızca danışmağa çalışır. Ancaq bunu da yaxşı bacarmır.

Biz Azərbaycanda da belə adamlara rast gəlirik. Onlar da başqalarının arasında olanda eyni ilə Bəhruz kimi davranırlar. Bircə fərq var, o da dildədir. Bizimkilər fransızca yox, rusca danışmağa çalışmaqla özlərini "intelligent" və "müasir" göstərməyə çalışırlar. Hərçənd bir çoxunun nitqi rus dilində daha bərbad olur.

Bəhruzun bu laqeydliyi və düşüncəsizliyi onu böhrana sürükləyir.  

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu roman tərbiyəvi məzmunu ilə seçilir. Bir adamın özünü göstərməyə və dəbdəbəyə meyl salması və bütün bunların fonunda zəif xarakteri ilə öz başına necə iş açdığı geniş şəkildə təsvir olunur...

 

0