Anna Qavalda: “Yazıçının ən yaxşı dostları onun personajlarıdır”.

Fabula.az

anna-qavalda-yazicinin-en-yaxshi-dostlari-onun-personajlaridir

Yaxında rus dilində Anna Qavaldanın “Mən etiraf edirəm” (“Я признаюсь”) adlı novella toplusu işıq üzü görəcək. Radio “Sputnik”in icmalçısı Natalya Lomıkina yazıçı ilə görüşüb və onunla yeni kitabından, tənhalıqdan, ruhun gücündən, personajlarla dostluqdan və mizantropiyadan danışıb.

Bir neçə iri həcmli romandan sonra fransız yazıçısı Anna Qavalda təkrar qısa novellalara qayıdıb. Onun iki mininci illərin əvvəlində çıxan “İstədim ki, kimsə, haradasa məni gözləsin” adlı debüt novella toplusu 30 ölkənin oxucularının qəlblərini fəth etmişdi. Ardınca “Mən onu sevirdim”, “Sadəcə birlikdə”, “Bir əl sakitləşdirici petank oyunu”, “Billi” və digər romanlar yazıldı.

Onun yeni kitabı “Mən etiraf edirəm” tənhalıqdan, ölümdən, görşdən və sevginin gücündən bəhs edir. Qəhrəmanlar çətin vəziyyətlərdə -  hər şeyin yerlə-yeksan olduğu və yenidən başlamaq üçün çırpındığı anlarda oxucuya açılırlar. Keçmiş sevgisilinin toyuna gedən cavan oğlan, oğlunun yasını tutan və dərdini iti ilə bölüşən yük maşını sürücüsü, dostunu itirən, Seulda hotel nömrəsində mini-barı darmadağın edən biznesmen, qəzəblənən direktor tərəfindən məktəbə çağırılan ailə rəisi, bihudə sevgi axtaran qız... Onların hamısı bir şey arzu edir – səsini çatdırmaq.      

- Salam, Anna. Görüşə görə çox təşəkkür edirəm. Yaxında sizin “Mən etiraf edirəm” kitabınız çıxacaq. Və bu kitabın hekayə toplusu olduğuna görə çox sevinirəm. Mənə elə gəlir, siz romançıdan çox, hekayəçisiniz. Nə düşünürsünüz?

- Hekayələri çox sevirəm. Hekayələr mənə romandan daha dəyərlidir. Bu janrda imkanlar azdır, ona görə yazıçılıq istedadı əsas hekayələrdə duyulur. 

Romanlarda yazıçı oxucunun empatiyasına güvənir. Hekayələrdə isə oxucuyla personaj arasında bu cür bir əlaqə qurmağa imkan olmur, həcmi buna imkan vermir. Sözü uzada, yaxşı mənada, oxucunun ürəyini üzə bilmirsən. Birbaşa hadisənin içinə dalırsan. Ona görə, hekayələrdəki personajlar gərək insanda simpatiya oyatsın, dərhal sevilsin.   

- Hekayələrdə dil də gərək ifadəli olsun, metaforlara və dolaşıq fikirlərə janrın həcmi çatmır.

- Düzdür. Bu yay Somerset Moemin ingilis dilində povestlərini oxudum, heyran qaldım. Çox təəssüf ki, indi Fransada hekayə, povest az oxunur.   

- Rusiyada da. Romanlara oxuculardan çox, nəşriyyatlar üstünlük verir. Bəs Fransada vəziyyət necədir?

 - Eyni vəziyyətdir. Mənə elə gəlir, bunun səbəbi qalın jurnalların “ölüm”üdür. Əvvəllər qısa əsərlər jurnallarda, hətta qəzetlərdə dərc edilirdi. İnsanlar bu qısa yazıları oxuyur və ardını gözləyirdilər. Bu hekayələr indiki serialların oyatdığı həyəcan və marağı oyadırdı. İstərdim ki, böyük auditoriyası olan populyar jurnallar periodik olaraq bütöv hekayələr dərc etsinlər. Və publika həftədə, ayda bir sevilən yazıçının bir hekayəsini gözləsin.    

- Bəs Fransada “Nyu-Yorker” kimi jurnallar var?

- Məsələ elə ondadır ki, yoxdur. Hesab edirəm ki, məhz buna görə qısa nəsr sıradan çıxır. Müasir qalın ədəbiyyat jurnalları cəfəngiyyatla doludur. Həddindən artıq yersiz intellektual tənqidlər və ədəbi məqalələrə yer verilir. Jurnalların içində həyat yoxdur. Artıq çoxdandır ki, yaxşı hekayələri dərc etmirlər. 

Fransada, Rusiyada olduğu kimi, metroda paylanılan ödənişsiz qəzet var. Mən məmnuniyyətlə orada felyeton və ya hekayə yazardım. Təsəvvür edirsiniz, bu nə böyük həzdir? Hər səhər oxucuların səndən yeni bir hekayə gözləyir. Bu, "Nobel" mükafatından daha gözəldir. İşə gedən oxucuların yol boyu sənin hekayələrini oxuması, ardını gözləməsi əsl yazıçı xoşbəxtliyidir. Oxucu üçün də yaxşı bir hekayə işə başlamadan əvvəl pozitiv enerjidir və ya yorucu iş günündən sonra istirahətdir.

- Çexov belə yazıçı olub.

- Hə-hə, elədir ki var. İndi yaşasaydı, qorxuram ki, ancaq həkim olardı (gülür). Fransada isə belə yazıçı Mopassan olub.

- Deyirsiniz ki, oxucunun yazıçının kitablarını gözləməsi, yazar üçün xoşbəxtlikdir. Bəs siz nə vaxt özünüzü belə bir yazıçı kimi hiss etmisiniz? “Mən yazıçıyam” hissi sizdə nə vaxt oyandı?

- Oy, yox, indiyədək hiss etməmişəm. Mənə hələ də qəribə gəlir ki, kitablarımı oxuyurlar, yadda saxlayırlar, müzakirə edirlər. Görüşdən əvvəl ədəbiyyat agentimlə söhbət edirdim. Mənə “Bir əl sakitləşdirici petank oyunu” romanından bir səhnəni xatırlayıb ağladığını söylədi. O səhnəni mən unutmuşam, elə ürəkdən danışırdı ki, məni də ağlatdı.

Düzünü desəm, kitablardan, şöhrətdən, uğurdan, hətta oxucudan çox məni həyəcanlandıran personajlardır. Çap olunmuş kitabların taleyindən çox məni gələcək personajlar maraqlandırır. Onlarla xüsusi məşğul oluram. Necə olacaqlar, necə hərətkət edəcəklər, başlarına nə gələcək?..  

- Elə isə sizdən aktrisa Fanni Ardanın bu yaxınlarda rus yazıçılarına verdiyi bir sualı soruşum. Bu yaxınlarda Moskvaya gəlmişdi və bizim nasirlərlə görüşdü. Fanni Ardan dedi ki, bir aktrisa kimi mənim üçün kişi rolunda oynamaq çox çətindir və maraqlanırdı ki, yazıçılar başqa cinsin nümayəndəsini necə təsvir edirlər? Bu çətin işdir?

- Xeyr, çünki məni, hər şeydən əvvəl, insan ürəyi maraqlandırır. Kişi, və ya qadın ürəyi olması vacib deyil. Ürək rus dilində hansı cinsdədir? Kişi, ya qadın?

- Orta. Nə kişi, nə də qadın...

- Sən bir işə bax. Necədə doğrudur?! Çox doğrudur. Alman dilində də belədir. Təəssüf, Fransız dilində belə deyil.

- Anna, personaj ürəyinin oxucuya açılması üçün oxucu bu personajın ətrafında baş verən hər şeyə, onun hər davranışına, əsas da daxili aləminə inanmalıdır. Qəbul edək ki, kişi psixologiyası başqadır.

- Əlbəttə, əlbəttə, şübhəsiz. Kişilər başqadır. Sözsüz qadınlar daha güclüdür. Bunu indi deməyimin səbəbi, bəlkə də, 47 yaşa gəlməyim, həyatı tanımağımdır. Hələ indi kəşf edirəm ki, kişilər necə kövrək və tez sınan olurlar. Ancaq, bunu deyim ki, mən heç vaxt qəhrəmanları seçmirəm, onlar özləri gəlir. Təhkiyəçi obraz özü ortaya çıxır və mən onun öz “hekayəsini” nə vaxt, necə danışacağını bilirəm?

Məsələn, “Bir əl sakitləşdirici petank oyunu” romanında təhkiyəçi kişidir. İndi yazdığım romanda isə qadın. Kitabı çətinliklə yazıram (üstəlik, bir ssenari üstündə işləyirəm). Təhkiyəçinin birinci, ya üçüncü şəxsdə olacağını hələ qərar verməmişəm. Amma bu personaj qadındır, Kler, o, həmişə mənimlədir. Həmişə ağlımdadır. Hər dəfə bir yaşda olur, gah 17, gah 20, gah da 35... Romanın axırında 60 yaşda olacaq. Kler obrazı mənim üçün iki nəfərin münasəbətelərindən söhbət açmaq üçün bir vasitədir Axı bu tamamən unikal bir təcrübədir – iki nəfərin birlikdə ömür sürməsi.

Qəhrəmanım mənlə söhbətləşir. İnandırmağa çalışır ki, heç vaxt ərinə xəyanət etməyib. Bu yaxınlarda isə boynuna aldı ki, bir dəfə çaşıb. Bəlkə də, daha çox... Küçədə onunla söhbət edirəm və birdən axmaq-axmaq gülürəm. Axır ki, boynuna aldı. Demək, onda insani nəsə var imiş!

- Demək yazıçının ən yaxın dostları personajlardır?

- Əlbəttə! Əslində bu, çox məşum bir haldır, çünki yazıçının çox vaxt personajlardan başqa dostları olmur. Çox yalqızam. Əvvəllər bununla mübarizə aparırdım, amma sonra bunu tərgitdim. Mən yalqızlığımla birlikdə yaşayıram. Tənhalıqdan xoşum gəlir. Çoxu düşünür ki, çətin xarakterim var, heç kimlə yola getmirəm, mizantropam. Əslində isə, mən öz personajlarımla yaşayıram. Təkcə gələcək deyil, keçmiş personajlar da mənimlə yaşayır. Düşünürəm ki, cənnətə getsəm, orada bütün personajlarımla qarşılaşacam və yazdıqdan sonra başlarına nələr gəldiyini öyrəncəm. Yeri gəlmişkən, yaxşı kitab mövzusudur.   

- Bu yaxınlarda gördüyüm bir klip yadıma düşdü. Oren Lavinin “Second hand lovers” mahnısı. Keçmişdəkilərin unudulmadığına dair. Klipdə müğənni keçmiş sevgililərin kölgələri ilə yaşayır.

- Haqlısız. Heç kim heç vaxt unudulmur. Və bu bizim zənginliyimizdir. Hətta pislər belə unudulmur.

- Gözəl bir ədəbiyyat klipi çəkmək olar: baş rollarda Anna Qavalda və onun personajları.

- Müğənni ilə yazıçının ortaq cəhətləri çoxdur, çünki ikisi də bir mənada rəssamlardır. Məsələn, Eduard Mane heç vaxt öz Olimpiyasıdan ayrı qalmayıb. Hamı öz personajı, muzası, qəhrəmanları ilə yaşayır.  

- Musiqiçi ilə rəssamın üstünlüyü ondadır ki, sənətləri universaldır. Yazıçı isə tərcüməçidən asılıdır.

- Düzdür, amma bu böyük problem deyil. Rəssam, musiqiçi və yazıçı arasında fərq yoxdur deyəndə mən onların əsərləri ilə qarşılıqlı əlaqəsini nəzərdə tuturam. Bu yüngül mənada şizofreniyadır.  

Anna Qavalda və Natalya Lomkina

- Başqa dillərə tərcümə edilən kitablardakı personajlardan nigaran deyilsiniz ki?

- Əlbəttə, nigaranam. Elə buna görə mimikalara, jestlərə - qeyri-şifahi hər şeyə çox diqqət edirəm. Personajlarımı mən hərəkətlərlə, jestlərlə, davranışlarla danışdırıram.

- Yeri gəlmişkən, kitablarınızda musiqi də eyni rolu yerinə yetirir. Mütəmadi səsləndirilir. Məsələn, “Bir əl sakitləşdirici petank oyunu” romanında dostlar öz dostluq nəğməsini köçürüb maşında oxutdururlar.

- Düzdür və “Bir qurtum azadlıq”da da bacı-qardaşlar maşına minib ailə mərasimindən qaçanda da musiqi çallınır.

- “Bir əl sakitləşdirici petank oyunu”ndan sonra ən yaxşı rəfiqəmlə öz mahnımızı yazdımağa qərar verdik.

- Çox gözəl. Əla fikirdir. Əlbəttə, hər bir əlaqədə, bu və ya digər şəkildə, mahnıların rolu var: axı biz bir-birimizə mahnılar yollayırıq, onlarla birlikdə sevgimizi də göndəririk.

Ardı burada: https://bit.ly/2FAqW2g

Mənbə: “© РИА Новости”, İlya Pitalev (Илья Питалев)

Tərcümə etdi: Mustafa Ruşan

 

0