Anna Qavalda: “Qəzetlərdə elə şeylər yazılmalıdır ki, insanlar siyasəti unutsunlar".

Fabula.az

anna-qavalda-qezetlerde-ele-sheyler-yazilmalidir-ki-insanlar-siyaseti-unutsunlar-quot

Əvvəli burada: https://bit.ly/2raN0ey

Sonra hansısa bir mahnı xatirələri oyadır. Hətta yad insanlarda belə bir musiqi oxşar təəssürat oyada bilər. Məsələn, “Mən etiraf edirəm” kitabındakı hekayələrin birində görüşdən qayıdan qız yolda Adelin mahnılarını qoyur, istəməsə də, ağlamağa başlayır – və sən çox gözəl başa düşürsən ki, o niyə ağlayır. Universal kontekstə - musiqiyə, rəsm əsərlərinə, kinolar... yer vermk əla fikirdir.

 - Hə. Yol boyu Adelə qulaq asır, ağlamamaq üçün özünü güclə saxlayır. Öz-özünə: “Ağlama! Ağlama!” - deyə təlqin edir. Ağlayanda da: “Əşşi, cəhənnəmə, qoy makyajım təmizlənsin”, - deyir. Göz yaşları kirpiklərini yuyur. Və bu detal qızın utanğaclığını, əbədibini, onun daxili gözəlliyini göstərir. Bu zərif bir hərəkətdir və müsbət personajı xarakterizə edir.    

- Anna, mənə elə əlir ki, qəhrəmanlarınız hədsiz qadınsayağı, hədsiz kişisayağıdırlar. Məsələn, mən onları buna görə sevirəm. Uniseks qəhrəmanlardan xoşum gəlmir. Onsuz da, get-gedə sərhədlər aradan qalxır: paltar uniseks, davranış uniseks...

- O hada, növbəti romanım xoşunuza gələcək. Romandakı qadının həyatı kişilərlə keçir. Anası uşaqlıqda ölən qız, əvvəlcə atası ilə, sonra əri və iki oğlu ilə yaşayır... Və mən sual verirəm: “Kişilər arasında keçən ömürdən sonra bu insanın qadınlığından nə qaldı?” Ancaq, yeri gəlmişkən, mən gördüm ki, məsələn, qız övladı olmayan rəfiqələrim, ancaq qız övladı olan qadınlardan daha qadınsayağıdırlar, elə bil, onlar özlərini olduğu kimi qoruyub saxlamağa çalışırlar.  

- Qadın-kişi məsələlərində, mənə elə gəlir, Fransa ilə Rusiya bir-birinə oxşardır.

- Fransa və Rusiyanın ümumiyyətlə, çoxlu ortaq cəhətləri var. Əminəm ki, ruslar və fransızlar bir-birlərinə çox bənzəyirlər. Sadəcə olaraq biz bir az rasional, siz isə emosionalsınız. Bizi əsas birləşdirən dərin mədəniyyətlərə xas olan məhəbbətdir. Mən bütün rus ədəbiyyatını oxumuşam. Elə bir millətin ədəbiyyatı yoxdur ki, mən rus ədəbiyyatından çox oxuyum. Və çox təəssüf ki, iqtisadi səbəblərdən müasir Rusiya haqqında filmlərə baxa bilmirik. Bu yaxınlarda Zaqinsevin “Nifrət” (“Нелюбовь”) filminə baxdım və dəhşətə gəldim. “Yox, bu Rusiya deyil”, - dedim. Mənim heç ondan xoşum gəlmədi.

- “Nifrət” filmi qeyri-obyektiv çəkilib, rakurs məsələsidir. Paris haqqında da sırf yataq səhnəli film çəkmək olar. Bəs müasir və ya klassik hansı kitabları bəyəndiniz?

- Dostoyevskinin bütün əsərlərini bəyənirəm. Sonra “Hərb və sülh”... Çexovun bütün əsərləri... Puşkinin bütün əsərləri... Bütün bunlar möhtəşəmdir, möhətəşəmdir, möhtəşəmdir. Siz bəxtəvərsiniz...

- Bir az əvvəl bəhs etdiyimiz “Kübar məhəbbət” novellasındakı həmin qadın qəhrəmanı - Lüdmila adlı bu qızı bir kişi “Puşkinin qadın qəhrəmanı” adlandırır.

- Hə. Bilirsiz, “Frans İnter” radiosunda bazar axşamları “Maska və pero” adlı veriliş gedir. Bu verilişdə məni “Puşkinin qadın qəhrəmanı” adlandırdılar. Bu mənim çox xoşuma gəldi. Bir söz var: “Dərinliyi gizlətmək lazımdır. Harada? Üzdə!”. Məni məhz bu tərzdə hekayələrdən xoşum gəlir, zahirən dayaz, amma, əslində, insan ruhu haqqında çox şey ifadə edən hekayələrdən...

- Sizin “insan qəlbi” ("человеческое сердце") dediniz şeyə Rusiyada, daha çox, “ruh” ("душa".) deyirlər.

- Hə, haqlısınız. Amma razılaşın ki, “qəlb”in cinsi olmamalıdır? Sizdə “qəlb” orta cinsdir. Bəs “ruh”? 

- “Ruh” qadın cinsindədir.

- Hə, əlbəttə. Orta deyilsə, deyək, qadın cinsindədir. Ölümdən sonra ruh qalır. Mənə elə gəlir, Cənnətdə rasional başlanğıc yoxdur. Bəlkə də, elə cənnət budur? Ölümdən sonra xoşbəxtlik anlayışı elə budur – ağıldan qurtuluşdur. Mənə elə gəlir, ağıl, bəzən insana fəlakət gətirir. Müasir dünyada biz bir-birimizin ruhu ilə elə az maraqlanırıq ki? Biz hədsiz rasionalıq.

- Bu sualı vermək istəməzdim, amma soruşmalıyam. Emmanuel Makron Paris kitab yarmarkasında siyasi motivləri əsas göstərərək rus stendinə gəlmədi. Və, mənə elə gəlir, bu, ağlın ruha qələbə çalmasıdır. Çünki rus yazıçıları siyasətə görə üzdülər.

- Doğrudan? Axı yazıçıların buna heç bir aidiyyati yoxdur. Mənə elə gəlir bu, Makronun ciddi səhvidir. Çünki arxa çıxılası insanlar varsa, onlar da yazıçılardır. Makron nadir hallarda axmaq hərəkətlər edir, amma bu tamam axmaqlıqdır. Yəqin, bunda bizim bilmədiyimiz bir səbəbi var. Çünki etiraf edim, mən Makrona inanıram. O çox ağıllı və savadlı insandır. Yenə də heç vaxt incəsənəti siyasətlə qarışdırmamaq lazımdır. Rusların həssas ürəyi var, onları təhqir etməyə dəyməzdi. Mənim bundan xəbərim yox idi. Siyasət haqqında, ümumiyyətlə, bir şey bilmirəm. Həyatımda heç vaxt televizorum olmayıb. Qəzetlərdə elə şeylər yazılmalıdır ki, insanlar siyasəti unutsunlar.  

- Məncə, fransızlar siyasətdən uzaqlaşmaqda çox mahirdirlər. Budur kafaedə şərab içib məhəbbətdən danışırlar. Bəs siz hansı içkiləri sevirsiz? Səhv eləmirəmsə, koka-kola içdiyinizi demişdiniz?

- Yox, o əvvəllər idi. İşdən yorulanda "koka-kola" içirəm, amma indi deyil. İndi heç alkoqol da içmirəm. Bilirəm ki, məni kitab gözləyir. Çünki mən yarışa hazırlanan idmançı kimiyəm. Yazanda ancaq banan yeyirəm. Gülməlidir, amma mənə elə gəlir, yaradıcılıqla məşğul olan bütün insanlar banan qarşısında baş əyirlər. Hətta bu məsələni rəssam, musiqişi dostlarımla da müzakirə etmişəm. Çünki əllər təmiz qalır, yemək hazırlamağa ehtiyac qalmır, ayaqüstü yemək olur, özü də çox doydurucudur.       

- Demək, siz romana təkcə əhval-ruhiyyə baxımından deyil, həm də fiziki olaraq hazırlaşırsınız? Özünüzə xas bir dietanız var, yəni.

- Hə. Mən cavanlaşmıram. Cavan olanda bu barədə heç düşünmürdüm. Siz, cavansınız, amma, yəqin, hiss eləməsiniz, bir müddət spirtli içkilərdən istifadə etməyəndə insan özünü yaxşı hiss edir? Amma kitab qəhrəmanlarım tez-tez içirlər. Əsl fransızlar kimi. Bundan xoşları gəlir və həmişə içirlər. Bir oxucu qız “Mən etiraf edirəm” kitabındakı söhbət edərək içki içən qızlar haqında sual verdi. Dedi ki: “Görürəm, sizin spirtli içkilərlə aranız yaxşı deyil. Sizi yaxşı başa düşürəm, mən özüm də gizlin alkoqoliklər cəmiyyətinin müdavimi olmuşam”. Görürsüz, oxucular mənimlə necə mehribandırlar.  

- Məsələn, Heminquey kimi, kafelərdə yazırsız?

- Yox, kafelərdə ətrafa baxıram. Ətrafda çoxlu maraqlı hadisələr baş verir. Və mən məhz bu səbəbdən ictimai tədbirlərdə çox az iştirak edirəm, televiziyaya nadir hallarda gedirəm. Tanınmaq, bilinmək istəmirəm. İşmi belə daha rahat görürəm. Götürək böyük şlyapalı Ameli Notombu, o ki, hər yerdədir. Düşünürəm ki, bu, səhvdir. Ya da Mişel Uelbek, onu tanımamaq mümkün deyil. Ancaq, mənə elə gəlir ki, insan məşhurlaşanda, azadlığını itirir. Məsələn, Yelena Ferrante, ümumiyyətlə, görünmür. Və məncə, yaxşısı da budur. Axı bunun kitabların satışına bir aidiyyəti yoxdur. Əksinə, kitabları bütün dünyada məşhurlaşdı! Bu, onun qələminin gücünü göstərir.

- İki sualım daha var. Vaxta baxıram, az qalıb, ona görə son sualı verirəm. Herman Hesse romanlarını yazanda rəngli karandaşlarla personajlar arasındakı əlaqələrin sxemini çəkirdi. Və hal-hazırda bunu incəsənət muzeyində sənət əsəri kimi nümayiş etdirirlər. Bəs siz qəhramanlar arasındakı əlaqələri necə müyyən edirsiniz, sxem zad çəkirsiz? Yoxsa yadda saxlayırsız? Ya da qeyd alırsınız?

- Məslən, “Bir əl sakitləşdirici petank oyunu” romanından sonra qalan çox gözəl bir bloknotum var. Orada Keytin evini – bütün əşyaları ilə birlikdə çəkmişəm. Ancaq indi çox şey dəyişdi. İndi “Quql” var, kitab yazılandan sonra bütün izlər silinir. Bir dəfə, - hansı kitab idi yadımda deyil, - notariusa getdim, onlardan qeyri-qanuni doğulan uşaların miras məsələsini öyrəndim. Mənim üçün çox gözəl bir sxem çəkdilər. İndiyədək onu saxlamışam.

Gələcək qadın personajımın isə çox gözəl bir bağı olacaq. Hal-hazırda fikrim o bağdaki çiçəklərdə, onların əkilmə formasında, çiçək açma vaxtlarındadır. Ümumiyyətlə, hər şeylə maraqlanan insanam. Mənim kənddəki evimdə kitabxanam var... Dekorativ-tətbiqi incəsənət muzeyinə oxşayır:  Moda, bağbanlıq, heykəltəraşlıq – hər mövzuda qeyri-ədəbi kitabdan var. Kitablarım çox satıldığına görə, Fransada məni ciddi yazar hesab etmirlər. Bu, məni üzür. Axı mən çox savadlı insanam. Məni Qiyom Müsso, Mark Levi, Katrin Pankol kimi yazıçılar siyahısına qoyurlar, amma görsələr ki, hər kitab üçün nə qədər qeydlər alıram... Həqiqətən, buna görə üzülürəm...  

Yeri gəlmişkən, “Frans İnter”dəki həmin verilişə - “Maska və pero”ya, - Fransada ən populyar kitab verilişidir, - qulaq asa bilmirdim, çünki haqqımda nə deyəcəklərini bilmirdim, qorxurdum. Bacım xəbər verdii ki: “Qulaq asa bilərsən. Səni Puşkinlə müqaisə edirlər”. Amma yenə də qulaq asmadım. 

- Hər nə olur-olsun, Rusiyada sizi populyarlıqda üstələyən başqa bir fransız yazıçısı hələlik yoxdur.  Və sizin son kitabınız “Forbes”də bu ilin ən çox gözlənilən kitablar siyahısına girdi.

- Mənsə çoxdandır Rusiyaya gəlmirəm. Nankoram. Əsl nankor. İki ölkə var ki, mütləq getməliyəm: Rusiya – oxucu sevgisinə görə və Almaniya – orada çoxlu dostlarım olduğuna görə. Qərar verdim, söz veriəm, Rusiyaya gəlirəm, bütün Rusiyanı gəzəcəm.

***

Annadan söz aldım, və səbirsizliklə Moskvaya “Qırmızı meydan” kitab festivalına gəlişini gözləyəcəm. Ümid edirəm ki, fransız yazıçısı rus oxucularla görüşü baş tutacaq.

Anna Qavaldanın yeni hekayə toplusu “Mən etiraf edirəm” rus dilində mayın sonunda çıxacaq. 

 

Mənbə: “© РИА Новости”, İlya Pitalev (Илья Питалев)

Tərcümə etdi: Mustafa Ruşan

 

0