Sirlər kitabı “Qara kitab”

Qəfər Rüstəm

sirler-kitabi-qara-kitab

Bir gün Hüsn Eşqə aşiq olur. Eşqə qovuşmaq üçün qəlblər ölkəsinə gedib kimyanı gətirməlidir. Eşq bu səyahətdə bir çox təhlükələrlə üzləşir, divlərlə qarşılaşır. Eşq sonda anlayır ki, onu Eşqdən ayrı salan şey özünü Hüsndən ayrı sanmağıdır, əslində, Eşq və Hüsn birdirlər.

Orxan Pamuk “Qara kitab"ında Şeyx Qalibin 18-ci əsrdə qələmə aldığı Hüsn və Eşq məsnəvisinə postmodernist yanaşaraq sanballı bir əsər ərəsəyə gətirib. Çoxqatlı və polifonik roman olan “Qara kitab”da bir çox tarixi hadisələr, hekayələr ustalıqla bir-biri içində, bir-birinə məftilli düzülərək nəticədə estetik kollaj yaradılıb.

Bir gün Röya yoldaşı Qalibi tərk edib evdən gedir. Qalib bundan sonra Röyanın sorağıyla İstanbul küçələrini, pavilyonlarını, barlarını gəzir, Röyanın izini tapmağa çalışır. Bu axtarışda ikinci əsas xarakter olan Cəlal köşə yazıları ilə ona istiqamət verir.

Qalib Röyanı axtararkən heç özü də bilmədən böyük bir sirrin izinə düşdüyünün fərqinə varır. Küçədə onu izləyən naməlum gözün elə öz gözü olduğunu anlayır. Cəlalı axtararkən Cəlalın otağını, telefonunu istifadə edir, onun yerinə məqalə yazır, onun yerinə ingilislərlə görüşə gedir, kəsəsi, özü Cəlallaşır. Bəs niyə? Cəlal kimdir? Niyə Qalib Cəlala çevrilir?

Cəlal Mövlana Cəlaləddin Rumiyə işarədir. Bir gün Cəlaləddin Ruminin talehində günəş kimi doğan, onu əşyanın həqiqətinə vaqif edən Şəms Təbrizi ilə onun münasibəti Qaliblə Cəlalın münasibəti kimidir. Mövlana Cəlalləddin Şəms Təbrizini tanımamışdan əvvəl nüfuzlu alim olsa da, həqiqi mənada mövlanaya, eşq sultanına Şəmsin sayəsində çevrilir. Şəmsin qətl edilib atıldığı quyu metaforası romanın bir çox yerində istifadə olunub. Quyu insanın ruhi-psixi dərinliyidir, quyu hər bir insanın əsil üzünü, əsil kimliyini gömdüyü yerdir. Orxan Pamuk yazıçı hiyləgərliyi və şıltaqlığıyla Şəms Təbrizini öldürdüb quyuya atdıran elə Mövlananın özü olduğunu iddia edir. Çünki quyuya atdığı Şəms yox elə özüdür, hamı kimi Mövlana da quyuda əsil kimliyini qətl edir. Ondan sonra Şəmsin gəzdiyi şəhərləri, nəfəs alıb verdiyi yerləri bir-bir gəzir, onu axtarır, əlbəttə ki, özünü axtarır.  

Müqəvva bəhsi ən maraqlı bəhslərdən biridir. Cəlal məqalələrindən birində müqəvva düzəldən ustadan bəhs edir. Osmanlı vaxtında onun əsərlərinə küfr kimi baxıldığına görə həmin sənətkar müqəvvaları zirzəmidə gizlədir, elə həmin zirzəmidə də yeni müqəvvalar düzəldir. Cümhuriyyət qurulandan sonra müqəvvaları zirzəmidən çıxarmaq istəyəndə isə bu dəfə də acı bir həqiqətlə qarşılaşır. Onun düzəltdiyi müqəvvalar köhnə türklər kimi kobud, yöndəmsizdir, həmin müqəvvaların jestləri isə artıq kobudluq kimi anlaşılır. Avropaya üz tutan yeni Türkiyə cümhuriyyəti duruşu, ədası, jestləri avropalı kimi olan müqəvvalar istəyir. Vitrinlərdə avropasayaq müqəvvalara şıq paltarlar geyindirilir. Beləliklə, türklər ən önəmli kimlikləri olan jestlərini itirmiş olurlar, jestləri itirən millətlərsə artıq hər şeyini itirmişdir.

Hürufilər insan simasında hərflərin yazıldığına inanır, bununla da insan deyilən əsrarı çözələməyə çalışırlar. Bəs, görəsən, ərəb hərflərindən vaz keçən türklər insanın surətindəki əsrarı necə oxuyacaqlar? Bəlkə də, elə ona görə insanların üzləri belə məzmunsuz, həyatları belə mənasızdır?..

Roman boyunca insanın özü olmaq, ya da olmamaq dilemmasından bəhs edilir. Röyanı axtaran Qalib, Hüsnü axtaran Eşq, Şəms Təbrizini axtaran Mövlana Cəlaləddin, əslində, özünü axtarır. Özü ola bilmək “Qara kitab”ın ən önəmli sirridir. Görəsən, biz özümüz ola bilərik?

Romanın sonuna yaxın buna cavab verilir. “Siz özünüz ola bilməzsiniz, çünki istər istəməz təqlid etdiyiniz insanlar elə özləri də başqalarını təqlid edir. Bəzən insan təqliddən qurtulmaq üçün təqlid edir, beləliklə, heç vaxt təqlid burulğanından xilas ola bilmir, özü olmaq sirrinə agah ola bilmir. Kinolarda gördüyümüz aktyorlar, hər gün bizə nümunə kimi diktə edilən parlaq simalı insanlar, qəzetdəki yazılar, televizordakı xəbərlər bizə özümüz olamağın yollarını qapadır”.

Əsərin sonunda Qalib Cəlalın cəsədi ilə qarşılaşır, həmin Cəlal ki, Qalibin bütün düşüncə dünyasını formalaşıdırıb özü olmağa mane olub. Onu soyuq bədənini qəzetə bürünmüş halda görəndən sonra Röyanı axtarmağa gedir. Röyanın cəsədi isə Ələddinin dükanında tapılır, Cəlalı öldürən qatil onu da bıçaqlamışdır. Bu hadisələr Qalibin özü olandan sonrakı mənzərəyə işarə edir sanki. Özü olandan sonra insan  elə də ağ günə çıxmır. Çünki illərdir təqlidlərlə qurduğu surroqat dünyadan sonra çılpaq həqiqətlər dünyası ilə üz-üzə qalmaq elə də asan deyil. Təqlidləri darmadağın edib özü olan insana həyatın dayanılmaz yüngüllüyü qarşısında tək təsəlli qalır yazmaq. “Çünki heç bir şey həyat qədər heyrətamiz ola bilməz. Yazıdan başqa. Bəli, təbii ki, yeganə təsəlli yazıdan başqa”.

 

 

 

  

0