Artur Konan Doyl haqqında 9 fakt

Mustafa Ruşan

artur-konan-doyl-haqqinda-9-fakt

Təəssüf ki, məktəblərdə bunu öyrətmirlər!

Şerlok Holmsun müəllifi pərilərə inanırdı. Peşəsi həkimlik idi, lakin bu işdə səriştəsiz idi. Bütün bunlar bir kənara, ölüm ayağında olan həyat yoldaşına da xəyanət edirdi. 

Bu qədər ziddiyyət, təəccüb doğurur. Artur Konan Doyl fərasətli, uzaqgörən Şerlok Holms və macərapərəst professor Çellencerin müəllifidir. Bəs müəllifin özü kim idi? Gəlin tanış olaq.

1. Təhsil pulunu varlı qohumları ödəyirdi, çünki içki aludəçisi olan atası bütün var-dövlətini küləyə sovurmuşdu

Artur İqneyşus Konan Doylun valideynləri irlandiyalı katoliklərdi. Atası Çarlz Oltemont Doyl məşhur rəssam və memar idi. O, Daniel Defo və Luis Kerrolun kitablarına illüstrasiyalar və Qlazqonun kafedral kilsəsində vitrajlara eskizlər çəkirdi. Anası Meri Jozefin Elizabet Fouli çox roman oxuyan və cəngavərlər, ecazkar qadınlar haqqında hekayələr danışan bir qadın idi. Ədəbiyyata aşina olmağına baxmayaraq, heç vaxt qələmini sınamamış, bütün vaxtını uşaqlara həsr etmişdi (ailədə yeddi uşaq vardı).

Zahirən firafan həyat sürən ailə, əslində, kasıb idi. Ata alkoqolizm və reallaşmayan imkanlar sindromundan əziyyət çəkirdi. Sonraları psixologiyası pozulur, əvvəlcə depressiyaya, sonra da psixiatriya xəstəxanasına düşür. Beləcə, on yeddi yaşlı Artur ailə işlərini öhdəsinə götürməli olur. Kollecdən məzun olandan sonra evinə qayıdır, ağlını itirən atasına aid bütün rəsmi işləri öz adına keçirir, gəlirli bir peşə (tibb) seçib pul qazanmaq üçün mümkün qədər təhsilini eksternlə tez başa vurmağa çalışır.

2. Məktəbdə onu incidənlərdən intiqam alıb

Rəssamı hamı incidə bilər, amma intiqamından heç kim qurtula bilməz. Kollecdə Artur Doylu məsxərəyə qoyan italiyalı immiqrantlar − Moriarti qardaşları, görünür, bu həqiqətdən bixəbər imişlər. Doyl riyaziyyatdan zəif idi, hətta məsələlərin həlli müqabilində sinif yoldaşlarına maraqlı macəralı hekayələr uydurardı. Ancaq Moriarti qardaşları ona heç güzəştə getmir, Arturu məsxərəyə qoyub döyürdülər. Uzun illər keçir və Konan Doyl axır ki, onlardan intiqamını alır:  Holmsun düşməni – cinayət aləminin dahisi, riyaziyyat professoru Moriarti obrazını yaradır.  


Balaca Artur atası ilə birlikdə

3. Doyl Holms hekayələri yazır, çünki həkimlikdən pul qazana bilmirdi

Edinburq universitetinin medfakını bitirdikdən sonra gələcəyin yazıçısı “Ümid” adlı balina ovlayan gəmidə cərrahlığa başlayır. Gəmi heyəti ilə yeddi ay səyahət edir, ancaq saat qurşağını dəyişməyə məcbur qalmaq və qızmar Afrika günəşi altında yanmaq ürəyincə olmur. Ona görə də İngiltərəyə qayıdıb orada məskunlaşır. O vaxtlar həkimin gəliri xəstələrin sayına görə təyin olunurdu, bu isə həkimin etibarından asılı idi. Doylun çox az xəstəsi vardı, çünki həkimlikdə səriştəsiz idi. Hətta elə olur ki, peşəsini dəyişdirməyi düşünür və oftalmoloqluq üçün Venaya gedir. Lakin yeni diplomu xəstə sayını artırmır ki, artırmır.  

Holmsun macəralarından bəhs edən “Bənövşəyi tonlarda etüd” adlı birinci hekayəsi 1887-ci ildə “Vitonun milad-salnaməsində” dərc edilir. Həkimliklə varlanma xəyalları puça çıxandan sonra Doyl ailə büdcəsində açılan böyük dəliyi yazıçılıqla örtməyə qərar verir. 

4. Ölüm ayağında olan arvadına xəyanət edirdi

25 yaşında qonşu Payk ondan təcili bir xəstəyə baş çəkməyini xahiş edir. Xəstədə meninqit aşkar edilir və o tezliklə dünyasını dəyişir. Ancaq bu xəstə ziyarəti Doyla sevinc gətirir. Orada xəstənin bacısı Luiza Hokinzlə tanış olur. 1893-cü ildə onunla ailə qurur. İki uşağı olur. Lakin ailə səadəti uzun çəkmir: 1893-cü ildə Luiza vərəm xəstəliyinə yoluxur. Həkimlər ona bir neçə aylıq ömür verirlər. Buna baxmayaraq, Doyl onu İsveçrəyə göndərir və bu səyahət onun ömrünü bir neçə il daha uzadır.     

Bioqrafik əsərlərdə və internet məlumatlarında çox vaxt Doylun Luizanı sevdiyini, ona qayğı göstərdiyini və ölümündən sonra yasını tutduğunu yazırlar. Ola bilər, lakin bir neçə fakt var ki, bu fikri şübhə altında salır. Birinci fakt: 1897-ci ildə yazıçı Doyl Cin Lekki ilə tanış olur. İkinci fakt: 1907-ci ildə arvadının ölümünün üstündən bir il keçməmiş Cinlə evlənir. Ortada fiziki bir xəyanət olmasa belə, Doyl açıq-aşkar beynində ölüm ayağında olan arvadına xəyanət etmişdir.  


Konan Doyl və Cin Lekkinin nikah mərasimi
 

5. Konan Doyl ruhlara inanırdı

Birinci Dünya müharibəsində yazıçının oğlu və qardaşı ölür. Xatırladaq ki, onlardan əvvəl də birinci arvadı dünyasını dəyişmişdi. Yaxınların ölümü bəzi insanları mistisizmə sövq edir. Ancaq detektiv müəllifindən belə bir şeyə təsadüf etmək, təəccüb doğurur. Doyl, həqiqətən, rasional düşüncə prinsiplərindən uzaqlaşmışdı və spiritizmlə məşğul oludu, ölülərlə əlaqə qurmağın mümkünlüyünə inanırdı. Həmin dövrdə xüsusi qabiliyyətləri olan insanların − mediumların vasitəsilə ruhlarla əlaqə qurma təcrübəsi olduqca populyar idi. Yazıçı təkcə bu seanslarda aktiv iştirak etmir, həm də bu barədə yazılı və şifahi bəyənatlar verirdi.

Bir gün spiritizmin möcüzələri haqqında məruzə oxumaq üçün Doyl Nyu-Yorka yollanır. Gəl gör ki, zaldakı tamaşaçıların əksəriyyəti skeptik əhva-ruhiyyədə olur. O isə çıxışında öz nöteyi-nəzərini sübut etmək üçün dəridən-qabıqdan çıxır. Birdən zalda qulaqbatıran bir fit səsi eşidilir. Yazıçı sevinərək başını qaldırır, bunun ruhlara dair bir sübut olduğunu irəli sürür. Bu vaxt bir qoca utanaraq yerindən qalxır və üzr istəyir. Çünki eşitmə aparatı xarab olub, fit səsi çıxarıb tamaşaçılara mane olur.   

6. Bundan əlavə o cidd-cəhdlə pəriləri sübut etməyə çalışırdı

Yaşa dolduqca Konan Doyl get-gedə etibarını itirirdi. İnsanlar onun ruhlara olan məhəbbəti ilə az-çox barışmağa başlayır, o isə yenə başını başqa bir cəngəlliyə soxurdu. Bu dəfə o pərilər haqqında fikir söyləməyə başlayır. 1921-ci ildə Konan Doyl Kottinqli kəndlisi iki qızın kiçicik qanadlı məxluqlara dair iddialarını müdafiə etməyə başlayır. Qızlar iddianı sübut etmək üçün pərilərlə foto dərc etdirirlər, lakin jurnalistlər və alimlər bunun saxta olduğunu ortaya qoyub onları tənqid atəşinə tuturlar. Konan Doyl isə əksini düşünürdü. Hətta o bu barədə “Pərilərin əmələ gəlməsi” adlı bir kitab belə çap etdirir. Kitabda o ağız dolusu qızların bütün dediklərinin həqiqət olduğunu sübut etməyə çalışırdı. 1920-ci ilin axırlarında fotoşəklin saxtalığı əyani şəkildə sübut olunur, lakin Doyl pərilərdən yenə də əl çəkmirdi.          

Ola bilsin, buna səbəb spiritizmin qatı tərəfdarı olan və mahir medium hesab edilən ikinci arvadı idi. 1930-cu ildə, yazıçının ölümündən sonra o, mərhum ərinin ruhunu çağırmaq üçün təyyarəyə minir. Çünki yüksəyə qalxdıqca onunla daha yaxşı əlaqəyə keçəcəyinə inanırdı.

7. Cəngavərlik tituluna Şerloka görə deyil, propaqnadaya görə layiq görülüb

Konan Doyl Cəngavərlik titulunu 1902-ci ildə aldı. Bunun Holmsun populyarlığına bir aidiyyatı yoxdur. Hər şey yazıçının könüllü olaraq ingilis-bur müharibəsinə (1899-1902 il) yazılmağından başlayır. Lakin artıq çəkisinə görə Doyl orduya qəbul edilmir. Bu dəfə o, ölkəsinə başqa cür xidmət etməyə qərar verir və Böyük Britaniyanın bu xoşagəlməz tarixi hadisədə iştirakına haqq qazandıran bir neçə sənədli kitab yazır. Kral VII Eduard bu kitabları o qədər bəyənir ki, Doyla Cəngavərlik titulunu verir. 


Holms rolunda oynayan məşhur aktyorlar – Vasiliy Livanov, Robert Dauni və Benedikt Kamberbetç.

8. Artur Konan Doyl iki dəfə masonluğa qəbul olunub, iki dəfə də ondan imtina edib

1887-ci ilin yanvar ayının 26-da Doyl Sautsidə № 257 “Feniks” mason lojasına qəbul edilir. İki il sonra isə könüllü olarada oradan ayrılır. 1902-ci ildə təkrar lojaya qayıtmaq üçün canfəşanlıq göstərir, lakin 1911-cu ildə təkrar istefasını verir. Bu qəbul və imtinanın təffərüatını öyrənmək maraqlı olardı, lakin masonlar çox qapalı təşkilat oludğuna və fəaliyyətlərini geniş açıqlamadıqlarına görə, bu, mümkün görünmür. Ancaq faktdır ki, 1915-ci ildə Konan Doyl “Dəhşət vadisi” povestini dərc etdirir. Və povestdə mənfi obraz kimi masonları göstərir.    

9. Konan Doyl iki dəfə parlamentə namizədliyini irəli sürüb

Doyl iki dəfə Yunionist parrtiyasının üzvi kimi parlamentə girməyə cəhd göstərir. Birinci dəfə bu 1900-cu ildə yazıçının vətəni olan Edinburq şəhərində baş verir, lakin liberal partiyasının nümayəndəsi 3028 səslə onu qabaqlayır (Doyl 2459 səs toplayır). İkinci dəfə 1906-cı ildə Berq şəhərində namizədliyini irəli sürür. Bu dəfə də yüksək səs toplasa da, seçilə bilmir. Daha sonra o, siyasətdən tamami ilə əlini üzür, çünki ruhlar və pərilərə olan marağı etibarını yerlə-yeksan edir.

Fabula.az

0




daha çox