Dostluğun sirli dili

Müəllif: Bekka Şu

dostlugun-sirli-dili

“The Gunners” (“Oxlar”) romanının müəllifi Rebekka Kauffman (Rebecca Kauffman) nəsrdə dostluq mövzusundan danışır.

Uzun ayrılıqdan sonra universitet dostlarımla görüşəndə, təəccüblüdür ki, biz təkrar o bayağı zarafatlara, xoş şıltaqlıqlara qayıdırıq. Və buna da “yaxın dostluq” deyirik.    

“Yaxın dost” – bir çox insanın aid olduğu ümumi bir fenomendir. Mənə həmişə maraqlı gəlib, görəsən, illər, məsələn, 10 il keçəndən sonra bu fenomen hələ də davam edirmi? Bəs dostlardan biri qrupdan ayrılasa, necə? Belə bir hal, dost qrupun davranışına təsir edərmi? Hansı sehirli-kimyəvi bağlar insanları bir araya gətirir?

Bu və digər sualların cavablarını Rebekka Kauffmanın “The Gunner” romanında tapmaq olar. Romanın süjeti iki ayrı zamanda gedir: dostların şəxsiyyətlərinin formalaşdığı uşaqlıq illərində və illər keçəndən sonra dostlardan birinin yas mərasimində.

Bekka Şu: “The Gunner” romanını oxuyandan sonra sosial qrupları formalaşdıran amillər barədə düşünməyə başladım. Romandakı dost qrupunu necə ərsəyə gətirdiniz?  

Rebekka Kauffman: Mayki obrazı kitabın qəlbi, ruhudur. Hiss edirdim ki, bu obraz hökmən xeyirxah, mehriban olmalıdır... hiss edirdim ki, mənim göylərə qaldırmaq, təriflər yağdırmaq istədiyim qəhrəman məhz odur. Bu barədə agentimlə aramda fikir ayrılığı vardı. O, Mayki obrazının maraqla qarşılanacağından şübhə edirdi. Demək olar, onunla razılaşmışdım, amma son anda fikrimi dəyişdim, xarakterinə toxunmadım. Xarakteri mürəkkəb olsa da, mənə xeyirxah, cəsur bir obraz lazım idi. Adamayovuşmaz, özünəinamsız, özü anlamasa da, xeyirxah, mehriban olan Maykinin ətrafına fərqli xarakterli və onun gizli cəhətlərini üzə çıxaran obrazlar toplamaq istədim.      

Digər personajlar da pis insanlar deyil. Sadəcə bəzən təkəbbürlü və aqresiv olurlar. Personajları bir-birindən fərqləndirmək zərurət idi. Çünki keçmişim və xatirələrim mənə bunu vadar etməyə edirdi. Mən də bir vaxtlar bir dost qrupunun “nümayəndəsi” idim, heç birimiz bir-birimizə oxşamırdıq, hamımız fərqli idik. 

Dostlarınızdan elə bir insan varmı ki, personajları yaradanda və ya qrupdakı münasibətləri təsvir edəndə ondan ilham alasınız?

Personajlarda deyil, daha çox qrupdaxili münasibətlərin təsvirində ilham aldığım dostlarım olub. Mən Oqayonun şimal-şərqində, kənd mühitində, böyümüşəm. Üç otaqlı mənzilimiz vardı. Nənəm mərkəzdə, xalamın ailəsi isə (oğlanları mənimlə həmyaşıd idilər) rayonun ən ucqar bölgəsində qalırdı. İki yaş məndən böyük bacım da burada yaşayırdı. Dördümüz çox yaxın, ayrılmaz rəfiqələr idik. Qonşuluqda xuliqanlar vardı. Həm onlardan qorxurduq, həm də onlar bizə maraqlı gəlirdi. Bəzən bizim kiçik kompaniyamıza da qoşulurdular. Çəmənliyə, çaya, gölə gəzməyə, balıq tutmağa gedirdik.        

Yaman nadinc idik. Lakin romandakı personajlar kimi, onun süjeti də fərqlidir. Bizi bir yerdə tutub saxlayan aramızdakı o saf uşaq coşqusu idi. Uşaqlıqda insan özünə həddindən artıq qiymət vermir, özünə şübhə ilə yanaşmır, zəkasını sorğulamır. Mənə elə gəlir, bu uşaqlıq coşqusu əsl xoşbəxtlikdir.        

Bir yetkin insan olaraq, görəsən, mənim dostlarımla hansı ortaq maraqlarım var? Biz nəyin ətrafında bir araya gəlmişik? İşin? Dostların? Uşaqlıqda biz sözügedən bu coşqun oyun aləminə atılır, sonra da get-gedə o genişlənən və dəyişən münasibətləri müşahidə edirik. Bəs romandakı personajların ortaq maraqları nələrdir?

Eyni yerdə böyüsələr də, eyni sosial-iqtisadi statuslara malik olsalar da, onların ailələri fərqli idi. Alisanın ailəsini mən səs-küylü, xaotik, qayğıkeş, şən, mübahisələrlə dolu, şad bir ailə kimi təsvir etmişəm. Maykinin isə, əksinə çox sakit bir ailəsi var. Romanda Maykinin qaraqabaqlı atası ilə birlikdə yaşadığı evi qəbiristanlığa oxşatmışam. 

Personajların ailələrini bir-bir təsvir etmişəm. Mayki tez-tez özünü sorğu suala çəkən, “Mən kiməm, həyatdakı rolum nədir?” sualına cavab axtaran və bu yükün altında əzilən bir insandır. Alisa isə, əksinə... Mənə elə gəlir cavanlıqda bu cür suallar Alisanın heç ağlının ucundan da keçməyib. Bəlkə də heç ömründə bu barədə düşünməyib.

Bir yerdən sonra, bu uşaqlar qarşınıza yetkin insanlar kimi çıxırlar. Onlar artıq fərqli həyat yollarından keçən böyük insanlardır. Yeganə ortaq cəhətləri keçmişdir. Mənə maraqlı idi, görəsən, bir nəfərin keçmişi onları bir araya gətirmək üçün kifayətdirmi? Düzü, cavabı tapdığıma əmin deyiləm. Kifayət olduğuna inanmaq istəryirəm, bu mənim intuitiv fərziyəmdir. Amma kitabın əsas məqsədi bu cür suallara cavab tapmaq deyildi.    

Uzun illər görmədiyin dostlarla qarşılaşanda əsrarəngiz şeylər baş verir, elə bil səndəki keçmiş davranış və danışıq qəlibləri geri qayıdır. Nə düşünürsünüz, keçmiş, davranış qəlibləri belə asanlıqla geri qayıda bilir? 

Məncə, bu, instink səviyyəsində baş verir, və əgər siz fərasətli, həssas insansınızsa, davranışlarınızın ətrafınızdakı insanlara necə təsir edəcəyini və nə cür nəticə doğuracağını başa düşürsünüz. Xüsusilə, yazıçılar bu məsələdə həssasdırlar. Yazıçılar ümumiyyətlə, müşahidəçi insanlardır. Bunu mən özümdə açıq-aydın hiss edirəm. Bununla fəxr etmirəm, amma təcrübəmə əsasən, dəyişilirəm, onları xoşbəxt edən, münasibətlərimizi yaxşılaşdıran amilləri bilirəm. Bu, təbii və insani faktır, amma bu cəhətimi konkret olaraq bəyənib-bəyənmədiyimi bilmirəm. Elə bil burada insanları manipulyasiya edən nəsə var.    

Həqiqətən maraqlıdır, mən heç vaxt əvvəllər bu barədə düşünməmişəm. Sizcə, bir personaj hadisələrin axarını dəyişdirə bilər?

Alisa personajı, hər hadisəni nəzarətdə saxlamağa çalışır. Yer aldığı hər səhnədə hər şeyi nəzarət edir. Bir neçə gün qabaq bir şərh oxudum: “Alisanın hər şeyi tənzimləməyə çalışmasının səbəbi özünə nəzarət etmə istəyi deyil, o, onu əhatə edən hər kəsə öz daxili aləmini əks etdirmək istəyir, ona görə də hamını idarə etməyə çalışır.” Əslində, bu şərhi yazan düz deyir. Yazanda bunu heç düşünməmişdim. Amma Alisa obrazının, həqiqətən, qeyri-adi bir istedadı var – insanları gizləndikləri çanaqdan çıxarır və onları səmimi olmağa vadar edir... Bu sayədə, ələlxüsus da Mayki, xoşbəxtliyi tapır. Halbuki özünə qalsa, bu mümkünsüzdü. Bu, Maykinin seçimi deyildi. Alisa məcbur eləməsəydi, Mayki ürəyini açmazdı.    

Mayki ilə Alisa tək qalanda insanın dəyişməsi barədə söhbət açırlar. İnsanın dəyişilməsinə inanırsız?

Məni kitabı yazmağa sövq edən məhz bu sualdı. Cavabını bilmirəm. Kitaba başlayanda insanların, əslində, dəyişmədiyinə inanırdım. Düşünürəm ki, ümumiyyətlə, insanlar dəyişməyi bacarmırlar. Hal-hazırda nəyə inandığımı bilmirəm... Ortada qalmışam. İnsan öz davranışlarını ətrafındakı insanlara yaxınlaşmaq üçün dəyişir. Yetkin yaşa çatanda özünü sorğulamağa, müsbət-mənfi cəhətlərini görməyə başlayır... Böyük ümidlərlə özünü düzəltməyə çalışır, amma nə olur-olsun, insanın daxilində elə bir impuls var ki...   

Bu sualın cavabını özüm də bilmirəm. Bu suallar insanı dəli edir. Romanda hər bir personaj özünəxas bir tərzdə ölümlə barışırmalı olur. Hamı yas mərasimində iştirak edir. Orada belə bir cümlə keçir: “Əlbəttə, ölüm insanı bir az qorxudur, amma həyat... həyat əsl dəhşətdir”. Personajları ölümlə necə barışdırdınız?

Bu, Alisanın sözləridir. Nənəsi ölündə deyir. Mənə elə gəlir, bütün personajlar gec-tez onsuz da, bu reallıqla barışacaqdılar.

Tanıdığım insanların əksəriyyəti, sössüz ki, mən özüm də, düşünürük ki, həyatlarımız unikaldır, dərdlərimiz bənzərsizdir. Əslində isə, bu belə deyil. Hamımız həyatda gülür, ağlayırıq, amma həyata emosional olaraq demək olar ki, eyni cür yanaşırıq. Ona görə hesab edirəm ki, personajların bir-birilərinin keçmişlərini bilməsi, gördükləri çətinlikləri bir-birilərinə açması, dostluq əlaqələrini necə itirdiklərini öyrənməsi “hər insanın ağrısı unikaldır” narsist düşüncəsindən xilas olmaq üçün yeganə yoldur.  

Kitabın sonunda bir cümlə var: “Mayki fikirləşirdi ki, insanın yaxın dostu olması və ya onun özünün kiminsə yaxın dostu olması, yaxşı insan olmaq qədər gözəl şeydir”. Sizcə, bir insanın yaxşı dost olması onun yaxşı insan olduğunu göstərir?

“Yaxşı insan olmaq” ümumiyyətlə, nə deməkdir? Yaxşı dost olmaq başqa bir insana qayğı göstərmək, ona qarşı həssas olmaq, onu olduğu kimi qəbul etmək, onun özünü reallaşdırmasına kömək etmək və nəhayət xeyirxah olmaq deməkdir. İdealda biz bu xarakteristikanı həyatımızdakı hər kəsə tətbiq edirik.  

Mən inanıram ki, “yaxşı insan” olmaq davranışla qiymət qazana bilər. Ona görə insanlara dostanə yanaşmaq – onlara xeyirxahlıq etmək, onlara qarşı səxavətli olmaq, onlarla səmimi olmaq - fikrimcə, “yaxşılıq” kimi qiymətləndirdiyimiz və ya tərif etdiyimiz bütün digər görüşlərdən yüksəkdə dayanır.

Müəlliflə romanın quruluşundan, dostluğun təbiətindən və indiyədək hələ də cavab gözləyən “İnsan dəyişə bilərmi?” sualından danışdıq. 

Tərcümə etdi: Mustafa Ruşan

0