Burada saflığa yer yoxdur

Qəfər Rüstəm

burada-safliga-yer-yoxdur

İnsanın daxili antoqonizmini ustalıqla qələmə alan yazıçıdır Selincer. “Çovdarlıqda uçurumdan qoruyan” ilk baxışda sadə, səthi bir mətn təsiri bağışlayan bir roman olsa da, süjet xətti irəlilədikcə insanın kövrək nöqtələrinə sərrastlıqla, amansızlıqla toxunmağı bacarır. Eynən insan kimi, bu romanın fabulası da ilk baxışda sadə, lakin dərinlərə endikcə dilemmaların, dalanların dolu olduğu bir məkana çevrilir.

Romanı bir cümlədə xülasə etməyimi istəsəydilər, belə deyərdim: “Diqqət, burda saflığa yer yoxdur!” Uşaqlıqdan qalma saf düşüncələri içində qoruyub saxlayan Holden Koldfild belə bir ziddiyətin içindədir. Uşaq çərpələng uçuranda, quşların arxasınca qaçanda, dəniz qumuyla oynayanda, kəsəsi, daxili bir inamla rasionallıqdan təcrid olunanda heç kim ona irad tutmur, saflığı kənara qoy demir. Ancaq insan yetkinləşəndə, hələ bir də azca yaşa dolanda həyat boz üzünü ona göstərərək bütün saflığı, paklığı kənara qoyub onunla cəngə girməyi tələb edir, bu, elə bir tələbdir ki, ölüm kimi qaçınılmaz və ciddidir.

Etika naminə, kübarlıq xatirinə üzümüzə taxmalı olduğumuz maskaların sayı yaş artıqca daha da artır. Bir gün elə bir vaxt vədə yetişir ki, güzgünün önünə keçib maskaları çıxarmaq istəyəndə hansının üz, hanısnın maska olduğunu özümüz belə ayırd edə bilmirik. Bəlkə də, ona görədir ki, ariflər ilk öncə “özünü bil” şərtini qoşublar daxilən saflaşmaq üçün. Bu “özünü bilm”ə məsləsi də maskalar və üzünü bir-birindən ayır deməkdir.

Yetkinlik çağlarındakı Holden hələ qapanmamış saf nəzərlərlə insanların səmimi olamayan tərəflərini müşahidə edə bilir. Hamının heyranlıqla bəhs etdiyi Pensi adlı məktəbdə baş verən hadisələr, müəllim və uşaqların davranışları onda ikrah hissi doğurur. Belə bir müşahidə qabiliyyətinə, belə bir duyum gücünə sahib olan biri üçün həyat tamam daşınmaz, ağır bir yükə çevrilir.

Arzular, bizimi arzularımız, uşaqlıq arzularımız, rasional dünyanın tunc kimi sərt və soyuq üzünə dəyib çilik-çilik olan arzularımız... Qol qanadı sındırılan arzularmızı təsvir edən belə bir metafora gəlir ağlıma; kiçik bir qız var, qəlbi kəpənək qanadı kimi kövrək, sevinci günəş kim parlaq, həyat eşqi coşğun bulaq kimi şaqraq, bir gün gəlir, ona deyirlər ki, artıq böyümüsən, əl-qolunu yığ, harda gəldi hoppanıb düşmə. Yetkinlik mərhələsinə yeni addım atmış bu qız deyilən sözlərin nə mənaya gəldiyini başa düşmür, deyilənlərə məhəl qoymur, lakin acı bir həqiqətlə qarşılaşır, artıq heç kim ona uşaq gözüylə baxmır, küçədə, bazarda, avtobusa ona zillənən həris gözlər, sulanan ağızlar var və... Və bizim bu balca qız yetkinləşmək məcburiyyətində qalır, ona görə yox ki, hormonları dəyişib, sinəsi-bədəni böyüyüb, ona görə ki, rasional dünyanı, hərislik və iştahların qurduğu dünyanın sərt üzüylə qarşılaşıb. Beləliklə, yetkin qız balaca qıza əbədiyyən əlvida demək məcburiyyətində qalır. Hər bir insan da rasional dünyanın bu amansızlığı ilə üz-üzə qalanda dəyişmək, başqalaşmak, saf tərəfləri qurban vermək məcburiyyətində qalır.

Birisi sizdən soruşsa ki, hansı işlə məşğul olmaq istəyirsən? Siz də cavab versəniz ki, geniş, göz işlədikcə uzanan çovdarlıq zəmisində xoşbəxtliklə ora-bura qaçan uşaqları tutub uçuruma yuvarlanmaqdan qorumaq istəyirəm. Sizə bilirsiniz nə cavab verərlər? Əvvələn, axmaq deyərlər, çünki bu iş o qədər də gəlirli deyil, ikincisi gicbəsər deyərlər, ona görə ki, başqalarının dərdi, uçurumdan yıxılıb yıxılmamağı sənin nəyinə lazımdır axı deyərlər. Bəs sizin ürəyinizdə belə arzu varsa, bir zəmi qədər yerdə belə olsa, insanlar xoşbəxt olsun deyə, ömürünüzü vermək, başqalarının rahatlığı üçün öz rahatlığınızdan vaz keçmək istəsəniz nə olacaq? Narahat olmayın, belə bir şey heç vaxt mümkün olmayacaq, həmin arzular ən tez zamanda yoxa çıxacaq, siz də hamı kimi gəlirli, hətta sürətlə sizi varlandıran bir məslək seçib həyatınıza davam edəcəksiniz. Və hardasa çovdarlıqda qaçışan uşaqlar uçurumdan aşağı yıxılacaq, bundan nə sizin, nə də başqasının xəbəri olacaq.  

İnsanı xəyallarından vaz keçirən düşmənlər, şər qüvvələr deyil, ən yaxınlarımızdır, özümüzük, sevgimizdir. Yaşadığı dünya ilə heç cür barışa bilməyən Holden Koldfild xəyal qurur, deyir ki, “uzaq bir yerə gedib orda, meşənin kənarında özümə bir ev tikəcəm, meşənin içində də yox, günəşlə daim həmdəm olacaq bir ev”. Gedə bilirmi?! – Yox, çünki saf ürəyi ilə sevdiyi balaca bacısı Fibi onun əl-qolunu bağlayır. Bacısı: “Məni də apar ora deyir”. Axı Holden onu apar bilməz, axı o ev Holdenin qəlb evidir, orada köhnə dünyadan heç kimə yer yoxdur. Əsərin sonunda hamının yaşadığı talehlə Holden də barışır, getməkdən vaz keçir, sonra məktəbə də qayıdır. Sonrakı məktəb həyatını rəvayət etməyə ehtiyac görmür, çünki sistemlə razılaşan həyatın anladılacaq bir tərəfi qalmayıb artıq, bilinən, basmaqəlib həyatdır, sənin, mənim, hamının həyatı kimi.

Fabula.az

0