İradə Musayeva: "Bizim yazarlar bizim həyatdan çox uzaqdadırlar".

Fabula.az

irade-musayeva-quot-bizim-yazarlar-bizim-heyatdan-cox-uzaqdadirlar-quot

- Ədəbiyyatın mövcud durumu necədir? Yerli və dünyada...

- Bizim ədəbiyyat, ədəbi-estetik düşüncə imkanları ilə dünya ədəbi-mədəni inkişafı arasında 100 illik bir ləngimə fərqi var. Bizdə bəzi istisna müəllifləri nəzərə almasaq, çox hallarda hələ də 1930-cu illər sosrealizm metodu ilə mətnlər yazılır. Bədii mətnlər istər forma,  istərsə də məzmun, ideya, estetik “izm” baxımından dünya mədəniyyətinə inteqrasiya olunan müasir cəmiyyətimizi qane etmir. Diqqət etsəniz, ədəbiyyatdan başı çıxan, əsl ədəbiyyat oxucuları bu gün daha çox dünya ədəbiyyatı ilə maraqlanır, o kitabları oxuyurlar. Bizim ədəbiyyatımız təqlidi, təsirlənməni belə qeyri-peşəkarcasına edir. Bir sözlə, bizim bu gün dünya ədəbiyyatı qarşısında öyünəcəyimiz müəllif yoxdur...

- Gənc və peşəkar yazıçılarımızda çatışmayan cəhətlər nələrdir?

- “Peşəkar” kimlərə deyirsiniz, bilmirəm, lakin gənc yazarlarda xırda, kiçik dairəli mövzular baş alıb gedir. Məhdudiyyət var düşüncələrində, coşqunluq, hüdudsuzluq, uzaqlara boylanan təxəyyül və iti baxış görünmür. Yeni sənət axtarışları olmayan yaradıcılıq yaşından asılı olmayaraq əhəmiyyətsizdir. Onların ədəbiyyatı ümumi sənət, mədəniyyət hadisəsi olmaq gücündə deyil. Şəxsi problemlər boyda konflikt və dramatizm böyük təsir dairəsi yarada bilməz. Bizim yazarlar bizim həyatdan çox uzaqdadırlar. Onların ədəbi görüşləri böyük sənət meyarlarına tən gəlmir. Düşünməliyik ki, ədəbiyyat tarixin gedişinə, ictimai-siyasi proseslərə də təsir edə bilər və etməlidir. Ədəbiyyat insanı düşündürməli və müəyyən tarixi dövrlərdə hətta narahat etməlidir. Fərqi yoxdur, istər sosial, istərsə də mənəvi-intellektual və ya ictimai-siyasi nöqteyi-nəzərdən... Yəni ədəbiyyatın bədiiliyi  estetiklik ampluasında qapanıb qalmamalıdır...  bu barədə əvvəlki yazılarımda da demişəm ki, bəzən bizim də ədəbi-intellektual düşüncə sahiblərimiz fikirləşir ki, ədəbiyyat, eləcə də onun tədqiqatçıları zamanın və yaşadığı ölkənin, ümumiyyətlə, dünyanın siyasətinə, cəmiyyətin sosial və s. problemlərinə girməməlidir. Yəni, yazıçıda və onun əsərində siyasi –ictimai-sosial və s. bu kimi “ağır” notları qabartmaq yazarı, bəlkə də, ədəbiyyata xidmətdən uzaqlaşdırır. Və bu anda istər-istəməz adamın yadına K.Hamsun, L.Tolstoy,  C.Oruell, Q.Markes düşür. Deməli, belə çıxır ki, onların yazdığı ədəbiyyat deyil? Siyasi təbliğat və ya siyasi publisistikadır? Bəlkə, müharibə mövzusunda olan əsərlər də hərbi təbliğat təyinatlı olur... Axı həmin ədəbiyyatın qəhrəmanı da İnsandır və nə qədər ki insan var, onun siyasi, ictimai, sosial, psixoloji və s. problemləri də olacaq. İnsanı və onun yaşadığı cəmiyyəti bu yüksüz necə təsvir etmək olar? Mən həm də sosial varlığamsa, necə ola bilər ki, mənim siyasi və ictimai düşüncəm işləməsin? Bəzən bizim reaksiyamızda “siyasi”, “ictimai” anlayışları və hətta sözləri hakimiyyətə qarşı təhlükə həyəcanı kimi əks-səda verir. Bəşəri ədəbiyyat nümunələrində heç vaxt ictimai-siyasi təfəkkür sırf  konkret hakimiyyətə, hökumətə qarşı proqramlaşdırılmır, Nizamidə olduğu kimi... ibtidai obrazlı təfəkkür tərzində də bir siyasilik, ictimailik olub...

- Ədəbiyyat bir insana niyə maraqlıdır? Oxumayan insanı necə oxumağa inandırmaq olar?

- Məncə, ədəbiyyat zövq məsələsidir. Yəni onu məcburən sevdirmək və oxutmaq doğru olmaz. Ruhi ehtiyac tələb etmirsə, oxutsaq belə, mənasız olacaq. Sadəcə biz kitab oxuyan cəmiyyət formalaşdırmaq üçün ilk növbədə yaxşı kitablar yazmalıyıq.

- Dünya ədəbiyyatı ilə ayaqlaşmaq üçün indi heç bir maneə yoxdur. Bəs niyə sanballı əsərlər ortaya çıxmır?

- “Maneə” dedikdə yəqin ki, senzurasızlığı nəzərdə tutursunuz. Çox maneələr var. Bizim hələ də dünya ədəbiyyatının bugünkü mənzərəsindən geniş şəkildə xəbərimiz yoxdur. Biz 50 il öncənin əsərlərini də günün dünya ədəbiyyatı kimi qəbul edirik. Halbuki dünyanın ədəbi ritmi hər gün dəyişir. Bizim istedadlı müəlliflərin yayımlanma və tərcümə problemləri var. Onların eyni məkanda, eyni mühitdə on illərlə bir-birini təkrarlayan günləri yaşaması mətnlərinə də sirayət edir. Böyük pəncərədən baxa bilməmək çətinliyi var bizdə...  Müşahidə yekrəngliyi də əngəldir. Ədəbiyyatşünaslığımızın həll edilməyən problemləri də ədəbiyyatın ümumi inkişafına əngəldir...

- Oxuduğunuz əsərlərdə ən birinci nəyi və ya nələri axtarırsınız?

- Əsəri oxumağa başlayanda nəsə axtarmaq niyyətim olmur, mən əsərdə tapdıqlarımdan təsirlənib yazıram. Lakin insan ağrıları, mənəvi-ruhi əzablar daha çox çəkir məni. İçindən ağrıyan adamların ədəbiyyatını, romanını daha həssaslıqla oxuyuram...

- Yeni əsərlər yazılır onları tənqid etmək üçün bir klub, dərnək qurmaq istəyərdiniz?

- Tənqid yox, amma elə bir ədəbi çevrə istərdim ki, orada həqiqi ədəbiyyatın nə olduğunu anlada bilim. Yəni canlı ünsiyyət prosesində. Bu istəyimi auditoriyalarda müəyyən qədər reallaşdırıram. Amma dediyimiz böyük ədəbiyyatı artıq profesional müəlliflərlə birlikdə mütəmadi şəkildə çözmək yaxşı olardı. Dünya ədəbi təcrübəsində də nəzəri-estetik cərəyanların özülü elə bu cür dərnəklərdə, klublarda, ədəbi söhbətlər silsiləsi zamanı yaranıb...

Təşəkkür edirik...

Müsahibəni götürdü: Qəfər Rüstəm

Foto: Fəhmin Mirzə

0