Pereyra nə iddia edir?

Qəfər Rüstəm

pereyra-ne-iddia-edir

İtalyan yazıçı Antonio Tabukki “Pereyra iddia edir?” əsərində bir qəzetin mədəniyyət bölməsində yazılar yazan, tərcümələr edən Pereyranın həyatını bizə hekayə edir. Pereyra neçə illər bundan əvvəl ölmüş arvadının şəkliylə danışan, kiçik iş otağında qurcalanıb ədəbi əsərlər tərcümə edən, qəzetlərə baxmayan, ölkədə baş verənlərlə o qədər də maraqlanmayan biridir. Fəqət bir gün mədəniyyət səhifəsinə nekroloqlar yazdırmaq üçün Monteyru Rossi adlı gənclə tanış olandan sonra öyrəncəli olduğu rahat həyatına gizli narahatlıqlar yuvalanmağa başlayır, artıq heç bir şey əvvəlki kimi davam etmir. 

Pereyra həkimə deyir ki, “yadıma gələn heç bir günahım yoxdur, amma ürəyimi qəribə bir peşmanlıq hissi bürüyüb, kilsəyə gedib tövbə etmək istəyirəm, lakin nəyə tövbə edəcəyimi bilmirəm”. Həqiqətən, başımızın altına yumuşaq yastıq qoyub uzansaq, “mənim hansı günahlarım var” − deyə fikirləşsək,  yəqin, ağlımıza gələcək ki, sənin heç bir günahın yoxudur, heç kimin toyuğuna “kiş” deməmisən, çox güman ki, bir az keçməmiş şirin yuxuya dalacağıq. Bəs vicdan, o da eyni şeyi fikirləşir? Daxilən bizi narahat edən, nələrinsə yolunda getmədiyini bizə bildirən vicdanımız bizə özümüzün də görmədiyimiz bir həqiqəti hayqırır.

Bu yaxınlarda vəfat edən sənət adamımız Fuad Poladova sual vermişdilər ki, “sənət adamının içtimai mövqeyi olmalıdır mı?” O da belə cavab vermişdi: “Sənət adamının öncə mövqeyi olmalıdır ki, sonra içtimai mövqeyi olsun.” Nə qədər də korrekt və sərrast bir ifadədir. İnsanın ilk öncə özünə qarşı mövqeyi olmalıdır və bu mövqe elə bir mövqe olmalıdır ki, insanın iradəsi sarsılanda həmin mövqeyə tutunub dik dura bilsin.

Pereyra hekayələr tərcümə edib, insanlara poetik həzz verən qəzet yazıları hazırlayır. Lakin ürəyində peşmanlıq var. Bəlkə, Monteyru Rossi və onun sevgilisinin dediyi doğrudur, bəlkə, o da respublikaçılar üçün nəsə etməlidir, monarxiya tərəfdarı millətçilərin qarşısında mücadilə edən insanlara yardım etməlidir. Bəs belə bir şeyə təşəbbüs etsə, nə olacaq?

Həkim Pereyraya belə bir nəzəriyyədən bəhs edir: insanda bir ruh yoxdur, əksinə, ruhların konfedrasiyası var və bu konfedrasiyada ruhlardan biri dominat olur, “hökmran mən”ə çevrilir. Bu dominant ruh daim dominant olmur, əksinə, vaxtı çatanda yerini başqa ruha verir.  “Hökmran mən” dəyişən vaxt insan bəzən tamam dəyişə bilir, başqa birinə çevrilir. Bir də Freydin dediyi kimi supereqo var ki, bu “hökmran mən” i nəzərat altında saxlamaq istəyir, qalibiyyəti labüd olan “hökmran mən”ə özünü gerçəkləşdirməyə icazə vermir. Pereyranın supereqosu “hökmran mənə” mane olduğuna görə həmişə peşmanlıq və narahatlıq hissi keçirir.

Bu nəzəriyyəni cəmiyyətə də tətbiq etmək olar: cəmiyyəti idarə edən bir ruh, bir ideologiya olamalalıdır, cəmiyyət ola bildiyi qədər pülural, çoxsəsli bir cəmiyyət olmalıdır. Bu rangarənglik nəticəsində ortaya çıxan səslərdən hər hansı biri müvəqqəti olaraq hakimiyyəti ələ ala bilər, ta ki, yeni fraksiya, yeni ruh güc toplayıb idarəni ələ alana qədər. Lakin Supereqo deyilən tək gücün hökmranlığı olanda heç bir fraksiya “hökmran mən” ola bilmir, nəticədə cəmiyyət bozlaşır, səslər kəsilir, tək səs halına gəlir. Bu təksəslilik, monoton cəmiyyət stabil, inkişaf yolunda olan bir cəmiyyət kimi görünsə də, Pereyranın hiss etdiyi kimi daxili narazılığa, psixi sarsıntıya səbəb olur. Yekrəng cəmiyyətin mənsubu fərd vicdanən natamamlıq, çatışmazlıq duyğusunu daim hiss edir.

Senzura “Çox yaşa Fransa” − deyən hekayə sonluğunu belə ona irad tutur. Ona ancaq milli və hakimiyyətə boyun əyən “sənət adamlarının” təbliğ edilməyi tapşırılır. Pereyra ürəyində şübhə ola-ola, peşmanlıq hissi daxili dünyasını əsir ala-ala deyilənlərlə razılaşır.  

Salazar diktaturası bütün hökmüylə cəmiyyətin üzərinə çökdüyü bir vaxtda intellektual cameəni təmsil edən Pereyra heç bir şeyə qarışmaq istəmir, ancaq “bəla” gəlib özü onu tapır. Çünki diktaturada heç kim üçün əmin bir yer yoxdur. Zorbalığa, zülmə səs çıxarmayanlar bir gün eyni zülmün gəlib qapılarını döyəndə haray-həşir qoparsa da artıq gec olur. Bir adamın diktaturası, milyonlarla insanı əsir almaq üçün onların ürəyinə tək-tək qorxu salır, onları birləşməyə qoymur. Pereyra totalitarizimin sərt üzüylə qarşı-qarşıya qalanda daim xatirələri ilə yaşadığı, dənizini, küçəsini, kafesini sevdiyi vətənini tərk etmək məcburiyyətində qalır. Gedərkən də diktatura bədheybətinə balaca bir daş da olsa atıb gedir, kim bilir, bəlkə, bu balaca daş onun gözünə dəyib kor edər. Bəlkə də,  hiss etdiyi peşmanlıq bu balaca daşı vaxtında atmadığına görə idi. Hamı kiçik bir daş atsaydı, bədheybət böyüməyə macal tapmazdı.

Antonio Tabukko haqqında internetdə araşdırma edərkən qarşıma gözəl bir fikri çıxdı. Bir müsahibəsində belə deyir: “Yazarların və intellektualların əsas vəzifələrindən biri mükəmməlliyə şübhələr atmaqdır. Çünki mükəmməllik totalitar rejimlər doğurur”. Şərq cəmiyyətlərində sevdiyi insanı, ideologiyanı kultlaşdırmaq, müqəddəsləşdirmək kimi bir mərəz var. Mükəmməl obyekt heç vaxt tənqidlərə tuş gəlmir, beləliklə cəmiyyət əvvəlcə iradi olaraq boyun əyir, kölələşir, sonra isə sistemləşən bu totalitar sistemə baş əyməyə məcbur olurlar. Pereyra kimi tək-tük oyanmaq istəyən, nəyinsə yolunda getmədiyini vicdanən anlayan insanlarsa sistemlə barışmağa məcbur qalır. Nəticədə, zülm, diktatura, haqsızlıq əmanət kimi gələcək nəsillərə ötürülür.

Fabula.az

0