Luis Kerrol haqqında 10 maraqlı fakt

Skott Beqqs (Scott Beggs)

luis-kerrol-haqqinda-10-maraqli-fakt

Luis Kerrol kimi tanınan Çarlz Lutvic Docson Viktoriya dövrünün yazıçısıdır. O, yazıçı olmaqala yanaşı, həm də görkəmli riyaziyatçı, şair, satirik, filosof, ixtiraçı və fotoqraf idi. Lakin əksrəriyyətimiz onu “Alisa Möcüzələr diyarında” kitabının yazıçısı kimi tanıyırıq.

Əgər siz də onu təkcə uşaq yazarı kimi tanıyırsınızsa, buyurun yaxından tanış olun.

1. Niqtoqrafı ixtira edən Docsondur

Bir çox yazıçı kimi Docsonun da gecənin bir aləmində ağlına ideyalar gəlirdi, lakin qaranlıq ucbatından qeyd edə bilmirdi. Məhz bu səbəbdən 1891-ci ildə o niqtoqrafı ixtira edir. Niqtoqraf nöqtə və ştrixlərdən ibarət stenoqrafik kodları daxil etməyə yarayan 16 kvadrat gözlü (hər sırada səkkiz göz) kartdır. Docson bu cihazı həm də korlar üçün yararlı olacağını düşünürdü.

2. Docson danışanda kəkələyirdi

Docson uşaqlıq illəri ağır keçib. Erkən yaşdan kəkələməyə başlayıb. O, bu çatışmazlığına “mənim qərarsızlığım” deyirdi. Deyilənlərə görə, o ancaq böyüklərin yanında kəkələyir, uşaqların yanıda isə səlis danışırmış, lakin bu barədə dəlil-sübut yoxdur. Uşaqlıqda keçirdiyi qızdırma bir qulağnı kar etmiş, 17 yaşında göyöskürək ağciyərlərini ömürlük zəiflətmişdi. Ölümünə yaxın isə ağır hallyusinogenik miqrendən əziyyət çəkmişdir.        

3. “Alisa Möcüzələr diyarında”dakı Dodo Docsondur

Docson “Alisa Möcüzələr diyarında” romanının ideasını ilk dəfə bir qayıq seyrində müdiri Henri Lidellin uşaqlarına açır. Henri Lidell Oksford Krast-Çörçda baş keşiş işləyirdi. 1862-ci ildə baş verən qayıq seyrini romanında “dairə ətrafında qaçış” kimi təsvir edib. Romandakı Alisa personajı prototipi – Alisa Lidell, Lori – Loria Lidell, Qartal balası – Edit Lidell, Qaz – məsləkdaşı Robinson Dakfort, Dodo personajının prototipi isə özü Docsonsdur. Bir fikrə görə, Dododan o, özünün karikaturası kimi istifadə edib, çünki kəkələdiyinə görə, bəzən özünü “Do-Do-Docons” deyə təqdim edirmiş. Lakin bu barədə də bir dəlil-sübut yoxdur.   

4. Docson “Alisa güzgü arxasında” romanında şifrə qoymuşdur

Docson Alisanın prototip olduğunu həmişə inkar etmişdir, lakin “Alisa güzgü arxasında” romanının sonundakı “Günəşli səma altında qayıq” şeirinin (bu şeir akrostixdir) ilk hərflərini toplasaz, ortaya Alisa Plezans Lidell adı çıxır. 

5. Docson 11 riyaziyyat kitabının müəllifidir

Docson məntiqi çox yaxşı bilir, xətti cəbr, həndəsə və tapmacalarla maraqlanırmış. “Determinant nəzəriyyəsi üzrə elementar dərsliyi”ndən tut, “Məntiq oyunları”na və “Komissiya və seçkilərin nəzəriyyəsi”nə qədər bir çox kitab müəllifidir. Onun maraq və bilik dairəsə çox geniş olub; Docson həmçinin tarixdə ilk dəfə Kroneker-Kapelli teoremini dərc etdirən insandır. Onun hökümət nümayəndəliyinin yaxşılaşdırılmasının konseptual metoduna dair də bir kitabı var.

6. “Alisa Möcüzələr diyarında” - qeyri-evklid riyaziyyat haqqında satira

Docson elmi nailiyyətlərin sürət aldığı bir dövrdə yaşayıb-yaradan konservativ bir riyaziyyatçı idi. 2010-cu ildə Melani Beyli “Nyu-York Tayms”da yazır ki, ““Alisanın macəraları” o dövrdə ortaya çıxan konseptual riyaziyyat haqqında yazılan bir parodiyadır”. Yəni bununla Docson romandakı xəyali ədəd və kvanterionlarla nəzəriyyəni məsxərəyə qoyurdu. Çeşir pişiyi, ola bilsin ki, bu sahədəki güclənən abstraksiyanı təmsil edir, Möcüzələr diyarının ümumi absurdluğu isə, bəlkə də, “absurdluğun” ənənəyə göstərdiyi müqaviməti işarə edirdi.    

7. Docsonu Qarındeşən Cek hesab edənlər vardı 

Qarındeşən Cek olmaqla şübhələnilən şəxslər siyahısı olduqca uzundur və müəyyən səbədən “Alisa” müəllifinin adı da bu siyahıya daxil edilib. Qarındeşən Docsonun müasiri idi: cinayyətlər 1888-ci ildə, Docsonun 50 yaşı olanda baş vermişdi. Yazıçı Riçard Uollis hesab edirdi ki, qatı dini tərbiyə aldığına, uğursuz keçən məktəb illərində daim ələ salındığına görə Docson qatil ola bilər. Uollis Docsonun əsərlərini “etiraf” kimi qəbul edirdi. Yazıçı, həqiqətən, kitablarında kodlar və açarlar gizlətsə də, təsadüfi cümlələri cinayət etirafı kimi qəbul etmək axmaqlıqdır.   

8. Docson - mahir fotoqraf

Docson 25 yaşından fotoqraflığa başlayıb və 3000-ə yaxın fotoşəkil çəkib. Onların içində dostların, məşhur şəxsiyyətlərin (Alfred, lord Tennison), peyzajların, skeletlərin, kuklaların, heykəllərin, rəsimlərin şəkilləri də var. Morton N. Koenin “Luis Kerrol: bioqrafiya” adlı kitabına əsasən, Docsonun şəxsi fotostudiası olub, çünki yazıçı 1850-ci illərdə fotoqraflıqla pul qazanma fikrinə düşüb. 

9. Docson heç vaxt evlənməyib

Docsonun çəkdiyi fotoşəkillər yazıçının cinsiyyəti barədə müxtəlif görüşlərə səbəb olmuşdur. Heç vaxt ailə qurmayan Docsonun çəkdiyi fotoşəkillərin əlli faizi Alisa Lidell də daxil olmaqla, cavan qızlar təsvir edilib. Ən məşhuru bir məsləkdaşının qızı olan Beatris Hetçin fotoşəklidir. Docsonun 11 yaşlı Alisaya qarşı olan hisləri haqqında dəqiq məlumat olmasa da, yazıçı Karolina Liç hesab edir ki, Docsonun pedofilliyi barəsindəki fikirlər “əfsanədir”, çünki bunu ortaya atanalrın Viktoriya dövrünün şöhrət və əxlaqı barədə zərrə məlumatı yoxdur. 

10. Docson dyakon olsa da, heç vaxt keşiş olmamışdır

Docsonun həyatındakı bəzi məqamalar, o cümlədən onun Krayst-Çörçün qanunlarına zidd olaraq keşişliyi imtina etməsi müxtəlif fikirlər doğurmuşdur. 1861-ci ilin 22 dekabrında o, dyakon təyin edilib, ancaq Din Lidella bir xahiş məktubu yazıb bildirmişdir ki, keşiş olmaq fikrində deyil. Bunun bir izahı nitqindəki problem ola bilər, lakin bu cür nöqsanlar keşişliyə mane deyil. Digər səbəblər onun (Oksford yepiskopunun pislədiyi) teatr sevgisi, ingilis kilsəsinə soyuq münasibəti və alternativ dinlərə marağı da ola bilər.  

Tərcümə etdi: Mustafa Ruşan

Fabula.az

 

0