Eldəniz müəllim

Qoşqar İlqaroğlu

eldeniz-muellim

Həmişəki kimi birinci xoruzun ban səsinə oyandı. Cırıldayan dğşəməyə ehtiyatla basaraq çölə çıxdı. Kəndin təmiz havasını ciyərlərinə çəkərək üzünü yudu və hər günkü kimi Eldəniz müəllim üçün artıq gün başlamışdı. Xanımı və 3 körpə övladını oyatmamaq üçün asta addımlarla mətbəxə keçdi və çayın altını yandırdı.

İndi Eldəniz müəllim qoyun-quzuları nobata yollayacaq, həyat yoldaşının hazırladığı ütülü şalvar köynəyi geyinərək onu səhər yeməyinə səsləyəcəkdi. Onlar üçün bir çox qayğılara və dərdlərə rəğmən həyat gözəl idi. Hər gün belə başlayırdı Qaradağlı kəndində. Eldəniz müəllimin ən önəm vərdiyi və ən zövq aldığı zaman kəsiyi idi xanımıyla səhər yeməyində göz-gözə çay içib söhbət etdiyi bu yarım saat. Eldəniz müəllim səhər yeməyini yedikdən sonra tozu, palçığı silinmiş, boyanmış ayaqqabısını geyib məktəbin yolunu tutdu.

Adi günlərdən biri idi. Onu sevən şagirdləri və müəllim kollektivi məktəbə çatmadan o məktəbdə olmalıydı. Bu, Eldəniz müəllim üçün bir prinsip idi artıq. Eldəniz müəllim qamətli, uca boylu, davranışları və hörmətcil rəftarı ilə hamının hörmətini qazanmış bir insan idi. Təhsilini tarix ixtisası üzrə Türkiyədə almış, ancaq çoxlarından fərqli olaraq adı xəritələrdən silinmiş, su anbarı tikintisi nəticəsində boşaldılmış, əslində, rəsmi olaraq mövcud olmayan Qaradağlı kəndi orta məktəbinə qayıtmışdı. Qısa zamanda bilik və bacarığı onu direktor vəzifəsinə yüksəltmişdi. Kəndin halı yaxşı deyildi. Kəndin aşağısında tikilən su anbarına görə məktəb su altında qalmışdı. Ona görə də köhnə bələdiyyə binasında fəlaiyyətini davam etdirirdilər. Əhalinin çoxu kənddən köçmüşdü, qalanlar isə evləri və torpaqları su altında qalmayan 20-30 ailə idi. 9 illik məktəbdə cəmi 28 şagird oxuyurdu. Əyriçay su anbarı kəndi xəritədən silmişdi.

Eldəniz müəllimin bir  çox yerdə işləmə fürsəti olmasına rəğmən buradakı şagirdləri fikirləşib kənddən ayrıla bilmirdi. Özünün doğulub boya-başa çatdığı bu kəndə, bəlkə də, bir vəfa borcuydu onu buraya bağlayan. Eldəniz müəllim şagirdlərini və övladlarını fikirləşə-fikirləşə məktəbə doğru iri addımlarla irəliləyərkən bir qədər əvvəl par-par yanan ayaqqabıları palçığa batmışdı. Soyuq yanvar günlərindən biri idi. Siniflərdə odun sobaları vardı. Buna görə də texniki işçilərə  müəllimlər, direktor da qoşulurdu ki, şagirdlər üşüməsin. Şagirdlərdən pul yığıb odun alır, beləcə, isinmə təmin edilirdi. İnsanlar evlərində də isinmə problemi yaşayırdı. Məktəbi fikirləşən insan tapmaq çətin idi. Bu isə Eldəniz müəllim üçün ayrı bir dərd idi.

İbtidai sinifdə oxuyanların hamısı 15 şagird idi. Bunların hamısı bir sinifdə dərs alırdılar və belə bir sinifdə tədris keyfiyyətindən söz açıla bilməzdi.  Bu mövzunu da mütəmadi fikirləşirdi Eldəniz müəllim. Onun böyük qəlbi dərd çəkirdi. Kəndin infrastrukturunun və valideynlərin vəziyyəti şagirdlərin öyrənmələrinə ciddi təsir edirdi. Şagirdlərin öyrənmələri onların gələcəyini müəyyən edirdi. Eldəniz müəllim bu halı müşahidə edir və kədərlənirdi. Hər axşam evə dərdli gəlirdi. Leyla xanım nə qədər ona dəstək olub dərdini dağıtmağa çalışsa da, yenə onu bu dərddən qurtara bilmirdi.

Şagirdlərin bu vəziyyətlərinə etinasız qala bilmirdi. Şagirdlərin təhsil vəziyyətləri azmış kimi dərs üçün dava edən, sahəsi olmadığı halda dərs vermək üçün qol çirmələyən, özü olmadığı halda adı olan və maaş alan müəllimlər Eldəniz müəllimin problemlərinin sadəcə bir neçəsi idi. Paltolarını çıxarmama icazəsini və tövsiyyəsini verərək şagirdlərin dərslərə iştiraklarını təmin etdikdən sonra artıq evə getmək vaxtı gəlmişdi. Səhər direktorlarının təbəssümü ilə qarşılaşan şagirdlər yenə direktorlarının otağının pəncərəsindən baxan nəzərləri altında evlərinə yollanırdılar. Məktəbə ən erkən gələn Eldəniz müəllim müəllimlərin də evlərinə getmələrini gözlədikdən sonra evinin yolunu tutdu. Məktəbin həyət qapısını keçdikdən sonra artıq onun beynində və qəlbində ailə dərdləri oyanmaya başladı. Məktəb daxilində məktəbtən xaric heç bir məsələ onun fikir dünyasına qonaq olmazdı. Evinə sarı palçıqlı yolda irəliləyərkən o, ailəsinin ayın sonunu necə gətirəcəyini, nəylə isinə biləcəklərini fikirləşir və ümidlərini bir qədər də azaldan kənd mənzərəsindən qurtulmağa çalışırdı. Görəsən, bu kənddə onun övladlarını necə bir gələcək gözləyirdi? Xəstələnsələr, onları necə müalicə etdirəcəkdi? Övladları 9-cu sinfi başa vurduqdan sonra harada oxuyacaqlardı? Bu suallar Eldəniz müəllimin düşüncəsini çulğayırdı.

Yorğun halda dəmir qapıdan içəri girdi və böyük oğlu Vaqif ayağında rezin çəkmə: “Ata”, ˗ deyərək müəllimin üzərinə qaçdı. Eldəniz müəllimin bütün dərdlərini unutduğu anın rəsmi idi bu. Həyat yoldaşı ilə salamlaşdıqdan sonra hava qaralmadan odun doğramalı olduğunu xatırladı. Çünki axşam hava daha da soyuyacaq və sobanın altındakı iki üç odun kifayət etməyəcəkdi. Körpə əkizlər Leyla xanımın nəzarətində evdə idilər, yemək elektrik sobasının üzərində isinirdi. Vaqif həyətdə oynayanda Eldəniz müəllim isə güclü qollarıyla kötükləri ikiyə bölürdü. Ancaq ürək qollar qədər güclü deyildi.

Birdən Eldəniz müəllim sinəsində bir ağrı hiss etdi. Balta havada qaldı və Eldəniz müəllim yerə yıxıldı. Pəncərədən bayaqdan bəri yoldaşını heyran-heyran izləyən Leyla xanım son mənzərə qarşısında dili-dodağı tutuldu. Çölə qaçdı. Eldəniz müəllim yerdə sustalmış vəziyyətdə yatırdı. Leyla xanım tez qonşuları çağırdı. Xəbər Eldəniz müəllimin böyük qardaşına çatan kimi maşını ilə gəldi və Eldəniz müəllimi maşına qoyub şəhərə sarı getdilər.

Kəndin çala-çuxur yolu ilə maksimum sürətlə irəliləyərkən Eldəniz müəllim artıq canını tapşırmaqda idi. Ömrünün baharında, 34 yaşında həyatla vidalaşırdı. Ölüm ona övladlarını son bir dəfə qucaqlamağa fürsət vermədi. Heç kimin gözləmədiyi bir vaxtda hamının sevdiyi Eldəniz müəllim həyat səhnəsindən geri addımlayırdı. Bundan sonra Leyla xanımın gözləri dəmir darvazada qalacaq, oğlu Vaqif, ata axtaracaq, şagirdlər əziz müdürlərini və həm də müəllimlərini soraqlayacaqdı. Amma artıq o, xatirələrdə Eldəniz müəllim olaraq yaşayacaqdı. Qəlblərdə bir niskil, könüllərdə bir ah olacaq və bir müəllim obrazı nümunəsi abidələşib yaddaşlara həkk olacaqdı.

0