Eylə bilirdim ki, dəxi sübh olub

Mirzə Ələkbər Sabir

eyle-bilirdim-ki-dexi-subh-olub

Bu gün milli düşüncə tariximizi kökündən dəyişən Mirzə Ələkbər Sabirin  doğum günüdür. Bu münasibətlə fabula.az  onun ölməz satiralarından bəzilərini təqdim edir... 

Eylə bilirdim ki, dəxi sübh olub
Eylə bilirdim ki, dəxi sübh olub,
Mürği-səhər tək bir ağız banladım.

Səng şikəst eylədi balü pərim,
Banlamağın hasilini anladım.

Övci-fəzadə görərək bayquşu
Səhn də qaqqıldayıram indi mən.

Bir də məni vurma, aman, səngdil,
Rəhm elə, nıqqıldayıram indi mən.

Ay çalağanlar, məni qorxuzmayın,
Mən sizə tərk eyləmişəm lanəni!

Seyr eləyiz, övci-həvada uçuz,
Mən də gəzim səhnəçəyi-xanəni.

Ağlamayın, ağlamayın, cücələr,
Banlamaram, banalamaram bir daha.

Banlamamaqdır sizə əhdim mənim,
Söyləmirəm: anlamaram bir daha!

 

Ax!..Necə kef çəkməli əyyam idi

Ax!.. necə kef çəkməli əyyam idi,
Onda ki, övladi-vətən xam idi!

Öz həqi-məşruni bilməzdi el,
Çöhreyi-hürriyətə gülməzdi el,
Gözlərini bir kərə silməzdi el,
Qəztəyə, jurnalə əyilməzdi el,
Daim eşitdikləri övham idi,
Ax!.. necə kef çəkməli əyyam idi!

Ölkədə bunca yox idi eybcu,
Neyləridiksə görünürdü niku,
Xəlqdə didarımızə arizu,
Bizdə var idi nə gözəl abiru,
Hörmətimiz vacibi-islam idi,
Ax!.. necə kef çəkməli əyyam idi!

Millətə çatdıqca qəm, əyyaş idik,
Hakimə yar, amirə qardaş idik,
Qibleyi-taətgəhi-ovbaş idik,
Harda aş olsaydı, ora baş idik,
Hər gecə, hər gün bizə bayram idi,
Ax!.. necə kef çəkməli əyyam idi!

Gərçi riya idi bütün karımız,
Kar ilə bərək idi kirdarımız,
Leyk həman var idi miqdarımız,
Höccət idi hər kəsə gövtarımız,
Xəlqin işi bizlərə ikram idi,
Ax!.. necə kef çəkməli əyyam idi!

Eybimizi çulğalamışdı əba,
Hər nə gəlirdi boşalırdı qaba,
Kim nə qanırdı, – nədi zöhdü riya?
Naxoşa xaki-dərimizdən şəfa,
Söməəmiz kəbeyi-ehram idi,
Ax!.. necə kef çəkməli əyyam idi!

Bizlər idik xəlqin inandıqları,
Piri-hidayət deyə qandıqları,
Nur görürlərdi qarandıqları,
Bizdə idi cümlə qazandıqları,
Kim bize pul vermese bednam idi,
Ax!.. necə kef çəkməli əyyam idi!

Indi adamlar deyəsən cindilər,
Cin nədi, şeytan kimi bidindilər,
Lap bizi ovsarladılar, mindilər,
Ay keçən əyyam, olasan indilər!..
Onda ki, övladi-vətən xam idi!
Ax!.. necə kef çəkməli əyyam idi!

 

Bir məclisdə on iki kişinin söhbəti

Vəkil
Həqsizə həqli deyi, bir çox günahlara batmışam.

Həkim
Dərdi təxşis etməyib, qövm-əqraba ağlatmışam.

Tacir
Mən həlal ilə həramə bir birinə qatmışam.

Rövzəxan
Ümmətin pulun alıb, mən gözləri islatmışam.

Dərviş
Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.

Sofi
Ruzü şəb həq-həq deyib, mən kəsi oynatmışam.

Molla
Gündə bir fitva verib, məxluqu çox aldatmışam.

Elm
Qəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam.

Cəhl
Ortada kef eyləyib, mən həm məramə çatmışam.

Şair
Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.

Əvam
Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.

Qəzetçi
Mən çəridəm dolmaq üçün mətləbi uzatmışam.

Vəz etdiyin inandı, sən amma inanmadın!

Vəz etdiyin inandı, amma sən inanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

Yatdıqca xabi-qəflət ilə millətin sənin,
Vəqf oldu layla söyləməyə xidmətin sənin,
Hər gün genəldi daireyi-hörmətin sənin,
El uğradıqca fəqrə, şişib sərvətin sənin,
Millət arıqladıqca kökəldi ətin sənin!
Rüşvət həramdır, dedin, aldın, utanmadın!
Mali-yetimə – od – deyə uddun da, yanmadın!

Qəssabxanəni bizə darülaman dedin,
Doğru libasına bürünüb, min yalan dedin,
Olduqca müştəbih: “Qələt etmə, inan!” – dedin,
Kim yaxşı söylədisə, ona min yaman dedin,
Qeyzə gəlib bərəldi gözün, lantaran dedin;
Bir vəqt olar tanır səni, hər kimsə qanmadın!
Bu məhz bir söz idi – həqiqətdi sanmadın!

Fəssad olub da milləti daim damarladın,
Hər kəs əlindəkin yerə atdı, qamarladın,
Ciyfə dedikcə mali-cəhani toparladın,
Fani dedikcə mülkə, – imarət hamarladın,
Sərişteyi-mədaxili möhkəm yumarladın,
Rüşvət haramdır, dedin, aldın, utanmadın!
Vəz etdiyin inandı, sən inanmadın!

Qövli-sərih ikən, əcəba, “mən kəfər” sözü,
Etməkdəsən bəhaneyi-təkfir hər sözü,
Zənnim budur ki, ortada olsa gər olsa zər sözü,
Hərgiz danışmasan belə alçaq, hədər sözü,
Vicdanə, abruyə, həyayə dəyər sözü,
Bir vaxt olar tanır səni hər kimsə qanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

Cildi-qənəmdə oldun, əcəb gürgi-canşikar,
Nəfsin susub, yorulmayaraq oldu töməxar,
Hiylən duyuldu şimdi, sənə olmaz etibar,
Əsrari-müxtəliflərin olduqca aşikar
Qalsın deyə səhayifi-dəftərdə yadigar
Bir vəqt olar tanır səni hər kimsə, qanmadın!
Ya liləcəb, məgər yorulub bir usanmadın?!

 

 

 

 

 

0