Ölkəni silkələyən dosye

Jannat İdrisova

olkeni-silkeleyen-dosye

Stiven Spilberqin “Gizli dosye” (“The Post”) filmi real hadisələrə söykənən və real adların dəyişdirilmədiyi filmlərdən biridir. Rejissorun bildirdiyinə görə, mümkün qədər dəqiq olamğa çalışıb. Bu təsadüfi deyil, çünki filmin ideası həqiqətdir. Həqiqət ümdə dəyərlərdən biridir. Üstəlik, əgər məsləyin jurnalistlikadırsa, o halda həqiqət yeganə dəyərindir. Və zəhmət olmasa, ona baş əyməyi bacar.  

Vaşinqton. 1971-ci il. “Vaşinqton Post”un (The Washington Post) sahibəsi Ketrin Qrem (Meril Strip) qəzet səhmlərinin birjaya yerləşdirmə məsələsi ilə məşğuldur. Bu, onun üçün çox vacibdir. Çünki nəşriyyat ailə biznesidir: qəzetin sahibi Yucin Meyer, yəni Ketrin Qremin atasıdır, daha sonra o, idarəni qızının ərinə, Filip Qremə verib. Filip 1963-cü ildə intihar etdikdən sonra Ketrin ABŞ tarixinə birinci qadın-naşir kimi keçib.  

Ketrin danışmanlardan məsləhətlər alır, hesab-kitab aparır, investorlara müraciət etməyi öyrənir, görüşlər keçirir. Bununla belə hökmən vaxt tapıb qəzetinin baş redaktoru, Benjamin Bredli və ya qısa desək, Bredli (Tom Henks) ilə görüşür. Axı dostları vaxt itirmədən xəbəri çatdırıblar:, “Vaşinqton Post”un jurnalisti bir məqalədə ölkə prezidenti Riçard Niksonun qızı Trisi barədə “naxoş” sözlər sərf edib. Bredli kimi nüfuzlu redaktorların, qəzetin sahibi olsa belə, redaksiyanın siyasətinə müdaxiləyə etməyinə razı olmadığını bilən Ketrin yüngülcə gileylənir: “Axı yaxında toyudur, bu hadisəni işıqlandırsan yaxşı olar”.      

Qeyd etməliyəm ki, Bredli, həqiqətən, Amerikada, hətta dünya jurnalistikasında görkəmli bir sima hesab edilir. 1921-ci ildə dünyaya gəlib, Harvard kollecindən məzun olub, İkinci Dünya müharibəsində iştirak edib. “Vaşinqton Post”da bir müddət müxbirlik edəndən sonra Paris ABŞ səfirliyində mətbuat attaşesi vəzifəsinə təyin olunub. Daha sonra “Newsweek” jurnalının Vaşinqton bürosuna keçib, Con Kennedi ilə dostluq əlaqələri olub. 1965-ci ildə Bredli “Vaşinqton Post”un başına keçdikdən sonra ulduzu parlamağa başlayıb.   

Uzaqgörən, çalışqan, bir az “qırmızı” olan Bredli sahibəsinə kəskin etiraz etməkdən də çəkinmir; axı o, kollektivi idarə etməyi və nüfuzlu qəzet çıxarmağı bacaran profesionaldır. Xoşbəxtlikdən, bu iki nəfərin xırda konfliktlərə vaxtları yoxdur, çünki ölkənin mediasında partlayış var: “Nyu-York Tayms” hissə-hissə “Pentaqon” sənədləri adlı gizli materialları dərc edir.    

Söhbət hansı sənədlərdən gedir? Kennedi və Consonun (yeri gəlmişkən, Ketrinin ən yaxın dostlarından biridir) hakimiyyətdə olduqları dövrdə ABŞ-ın müdafiə naziri Robert Maknamara (Brüs Qrinvud) Vyetnam müharibəsinin, bir mənada, ensiklopediasının hazırlanması üçün sərəncam verir. Çoxcildli bu sənədin adı: “ABŞ-Vyetnam əlaqələri, 1945-1967. Müdafiə nazirliyinin hazırladığı tədqiqat işi”. Əlbəttə, orada mühaibənin real məqsədləri, bütün hərbi əməliyyatların faktiki gedişatı göstərilirdi. Və bu əsaslı şəkildə rəsmi Ağ evin məsələ ilə bağlı bəyanatları ilə təzad təşkil edirdi. Belə çıxır ki, ölkənin ali hakimiyyət orqanları illərdir, vətəndaşlarını açıq-aşkar uduzulmuş müharibəyə göndərərək öz xalqını aldadır.    

Maknamara tədqiqat işini, əlbəttə, geniş kütlə üçün nəzərdə tutmamışdı. Və onun fraqmentləri birdən “Nyu-York Tayms”da üzə çıxır. Amerikalılar qəzəb içindədirlər. Bütün ölkədə hökümət əleyhinə mintiqlər başlayır.  

Aydındır ki, siyasi sensasiyanı rəqib qəzetdə çıxması Bredlini qəzəbləndirir. “Nolsuz, biz prezident qızının toyunu işıqlandırırıq! – deyə istehza ilə kollektivinə tufan qoparır. – Bəlkə, nəhayət biz də bir xəbər yazaq?!”

 “Vaşinqton Post”un müxbirləri Vyetnam müharibəsi ilə bağlı bütün gizli materialları əldə edirlər. Və o zaman Ketrin Qrem qərar verməli olur – tədqiqat işini dərc etsin, ya yox. Bu heç də asan məsələ deyil, çünki hakimiyyət “dövlət maraqlarını pozduqlarına görə” ciddi şəkildə “Nyu-York Tayms”ın üstünə düşüb.   

Səhnələrdə Qremi çaşqın, bir qədər də məyus görürük. (Meril Strip öz qəhrəmanı haqqında fikir bildirərkən deyib ki, Ketrin öz mövqeyinə, tutduğu vəzifəyə layiq olduğundan əmin deyildi. Və aktrisa bu tərəddüdü plastika, mimika, intonasiya ilə ötürməyi bacarıb.) Biznes danışmanları bunun risk olduğunu, materiallar “Vaşinqton Post”da dərc edilərsə, qəzetin fəaliyyətinin dayandırılacağını bildirirlər. Bredli isə: “Əgər Ağ ev bizə nəyi dərc edib-nəyi dərc etməməyi diktə edirsə, deməli, qəzetin fəaliyyəti praktiki olaraq dayandırılıb”.

Təşviş, yorğunluq, təzyiqlərə baxmayaraq, kişilərin arasında tək qalan sahibə qətiyyətlə materialların dərcinə qərar verir və “Yatmalıyam” deyib kabineti tərk edir.

Hadisələrin üstündən bir il keçdikdən sonra “Vaşinqton Post”un iki jurnalisti Bob Vudvard və Karl Bernştayn Uiterqeyt adlı (Respublikaçıların demokratların seçki qərargahını gizlin dinləməsi) iş üzərində araşdırma aparırlar. Və bu Niksonun istefa verməsinə gətirib çıxarır. Şübhəsiz, bu araşdırma Qremin razılığı ilə Bredli tərəfindən başladılmışdı.

Yeri gəlmişkən, Prezident azadlıq medalına, ölkənin ən ali mükafatına layiq görülən əfsanəvi redaktor təkcə fərasəti və xarakterinə görə deyil, həm də nitqinə görə də tanınır. Bir çox ifadələri aforizm olmuşdur. Onlardan biri “Həqiqətlə heç vaxt zarafat etməyin” sözüdür. Sizcə haqlı deyil?!.

Tərcümə etdi: Mustafa Ruşan

Fabula.az

0