Trumen Kapote ilə "Roman sənəti haqqında"

Pati Hill

trumen-kapote-ile-quot-roman-seneti-haqqinda-quot

Əvvəli burada:https://bit.ly/2sS151i

Mənə əl tutanları soruşmuşduz. Qəribədir, ilk dəfə kömək edən şəxs bir müəllimə idi. Xəyallarımı hər yöndən dəstəkləyən Katerina Vud adlı ingilis dili müəlliməm. Ona həmişə minnətdaram. Daha sonra yazılarım davamlı dərc olununandan sonra hər cür dəstəyi gördüm. Xüsusilə, “Mademoiselle” dərgisinin ədəbiyyat redaktoru Marqarita Smitdən, Harpers Bazaardakı Meri Luisdən və “Random haus” redaktorlarından olan Robert Linkotdan. Yazarlığa başlayanda əlimə bu qədər fürsət düşmüşdü. Bundan çoxunu istəmək, məncə, nankorluq olardı.

Dediyiniz bu üç redaktor əsərlərinizi təkcə almaqla dəstək olurdular, yoxsa tənqidləri ilə də sizə yol göstərirdilər?

Gördüyünüz işi kiminsə alması qədər böyük bir dəstək bilmirəm. Bilirsiz, məndə qəribə düşüncə tərzi var. Əgər işin sonunda pul qazanmayacağımı fikirləşsəm, heç cür yaza bilmirəm. Fiziki cəhətdən yazmağım mümkünsüzləşir. Ancaq düzünü deməliyəm, dediyim bu insanlar və bunlar kimi bir neçə nəfər də var ki, təklifləri və istiqamətləndirməyi ilə mənə çox köməkləri dəyib.

Əvvəl yazdığınız əsərlərdən indi yazdığınız kimi bəyəndikləriniz var?

Hə, var. “Yad səslər, yad otaqlar” adlı romanımı dərc olunandan səkkiz il sonra, ilk dəfə keçən yazda oxudum. Məndə çox qəribə təəssürat oyatdı. Elə bil onu başqası yazmışdı. Düzünü desəm, o kitaba artıq yadam. Çünki indiki mənlə o kitabı yazan mən arasında indi heç bir oxşarlıq yoxdur. Dünyagörüşümüz, daxili dünyamız tamamilə fərqliləşib. Buna baxmayaraq, o, məndə qəribə və maraqlı təəssürat oyadır. O vaxtlar bu kitabı yazdığıma görə indi çox sevinirəm. Yoxsa heç vaxt yazılmazdı. “Otların melodiyası”nı və qısa hekayələrimdən bir neçəsini də çox sevirəm. Ancaq “Miriam” elə deyil. O, gəlir yerindən başqa bir şey deyil. Bİr neçəsini seçsəm əgər, “Adgünü uşaqları”, “Axırıncı qapını da ört” və bunun kimi bir neçə dənə daha deyərəm. Xüsusilə, “Gecə ağacı” hekayə kitabımda dərc olunan, çox diqqət çəkməyən “Ağrını öyrən” hekayəmi çox bəyənirəm.

Yaxın günlərdə Proqi və Bessin2   Rusiya səfəri haqda bir kitabınız nəşr olundu. Bu kitabda istifadə etdiyiniz üslubun maraqlı tərəfi hadisələri, jurnalistlərin yazdıqları xəbərlərlə müqayisə edəndə belə indiyədək görülməmiş bir təktərəfliyin olmasıdır. Əsərlərinizin çoxunun özünəməxsus tərzi var. Bu baxımdan yeni üslubunuz heyranedicidir. Bu təhkiyə başqasının gözü ilə baxanda gercəkliyə ən yaxın versiyadır sanki.

Açığı, “İlham pərilərini dinləyəndə” adlı kitabımdakı tərzimlə fentezi tərzim arasında çox fərqliliyin olduğunu düşünmürəm. Bəlkə də, məzmunu fentezi deyil, real hadisələrdən olması sizdə belə bir situasiya formalaşdırıb. Nəticətə, bu kitab xəbərləri ehtiva edir. Xəbər yazanda isə insan daha çox səthdə qalır. Həqiqəti hərfbəhərf verməyə səy göstərir. Yəni fentezidəki kimi, burda dərinliyə enməyə imkan yoxdur. Bu tərzdə yazmaqda məqsədim isə o idi ki, tərzimin jurnalistika həqiqətlərinə tətbiq ediləbiləcəyini sübut etməkdi. Məncə, qurma üsulum o qədər bitərəfdir ki, emosional kontekstdən yazım nəzarətdən kənara çıxır. Hər hansı bir məsələni həll etmədən öncə onun gətirdiyi hissi, duyğunu dibinə qədər hiss etməliyəm. Məncə, metod formalaşdırmanın ən vacib yollarından biri budur. Mənim üsulum, metodum özünəxas müzakirə edilirsə, dəyərləndirilirsə, bu, tədqiq edən yazarın xəyal gücündən xəbər verir, yəni şəxsiyyətindən və şəxsindən.

Duyğunu dibinə qədər hiss edirəm deyəndə nəyi nəzərdə tutursuz? Təhkiyə üzərində bir qədər əlavə fikirləşməkdən? Yoxsa başqa nüanslar da var?

Təkcə vaxt söhbəti deyil. Misal üçün belə deyim ki, fikirləşək, bir həftə boyunca ancaq alma yeyirsiz. Təbii ki, daha alma istəməyəcəksiz. Həm də almanın dadını yaxşı bildiyiniz şeylərdən olacaq. Hekayə yazmağa başlayanda ona qarşı heç həvəsim, marağım qalmır. Amma gəl gör ki, dadını həmişə damağımda hiss edirəm. Proqi və Bess yazılarının bu söhbətə aidiyyatı yoxdur. O, xəbərçilik idi. “Hislər”ə orada icazə yox idi. Hardasa oxumuşdum, Dikkens öz yazdıqlarını oxuyub qəhqəhələr çəkərmiş. Yenə də həmin Dikkens obrazlarından birini itirdikdə göz yaşlarına boğularmış. Mənim metoduma görə, oxucuda eyni hisləri oyatmaya çalışmadan öncə yazıçı yumor hissinin sərhədlərini bilməli və gözyaşı sərhədlərini də çoxdan keçməlidir. Başqa sözlə, hər növ sənət əsərini ən ideal nöqtəyə qərarlı, ölçülü və soyuqqanlı bir düşüncə tərzi ilə çatdırmaq olar. Misal üçün Flaubertin “Təmiz bir qəlb” əsəri çox təbii və istiqanlı hekayədir. Ürəkdən yazılıb. Bu ancaq doğru metodları bilən, hekayələrin tələb-ehtiyaclarını ödəyən bir yazıçının əsəri ola bilər. Əminəm ki, Flaubert hekayəni yazmadan bəzi duyğuları hiss edib. Ancaq yazmağa başlayanda yox. Çağdaş yazarlardan da nümunə verə bilərik. Katrin Porterin “Günorta şərabı” adlı möhtəşəm əsərini misal verə bilərəm. Romanda elə mürəkkəblik var ki, zənn edirsən, hadisələr indi baş verir. O biri tərəfdən də roman o qədər idarəli, daxili ritm o qədər qüsursuzdur ki, Xanım Porterin romanına müəyyən məsafən baxdığını hiss edirəm.

Ən yaxşı hekayə və kitablarınızı nə vaxt yazdınız? Həyatınızın nisbətən sakit vaxtlarında, yoxsa emosional təzyiq altında?

Özümü heç vaxt sakit vaxt keçirməmiş kimi hiss edirəm. Arada “Nembuta[1]”ın uyuşdurmağını saymasam. Əslində, Siciliyada dağın təpəsində romantik bir evdə düz iki il keçirtmişəm. Deyəsən, bu vaxtı “sakit” vaxt adlandıra bilərik. Tanrı yaxşı bilir, çox sakit yer idi. “Otların melodiyası”nı da elə orada yazdım. Bir qədər streslə mübarizə, həqiqətən, mənə çox yaxşı gəlir.

Son səkkiz ilinizi xaricdə yaşamısız. Qəfil Amerikaya dönməyə niyə qərar verdiz?

Çünki mən bir amerikalıyam. Başqa bir şey ola bilmərəm. Elə bir istəyim də yoxdur. Üstəlik, mən şəhərləri çox sevirəm. Bunu deyim ki, dünyada, sözün əsl mənasında, elə bircə şəhər Nyu-Yorkdur. İki illik fasiləni nəzərə almasam, Amerikaya ildə bir dəfə qayıtdım. Heç vaxt xaricdə yaşamaq kimi həvəsim olmayıb. Avropa mənim üçün bir məktəb kimi idi. Orada baxış bucağı öyrəndim. Kamilliyə gedən yolda Avropa mənə məhək daşı oldu. İki il öncə başa düşdüm ki, Avropa mənə çox şey qazandırmışdı. Ancaq birdən məndə işlərin qaydasında olmadığı hissi yarandı. Deyəsən, Avropa yavaş-yavaş məndən nələrisə götürürdü. Buna görə də evimə qayıtdım. Çox məsafə qət eləmişdim. Artıq oturaq həyat tərzinə keçməyin vaxtı idi. Bu o demək deyil, kök salıb oturacağam. Əsla. Sərhədlər açıq olduqca belə macəralara həmişə atıla bilərərəm.

Çox oxuyansız?

Özü də necə. Hər şeyi oxuyuram. Etiketləri, Yemək reseptlərini. Elanları belə. Qəzet oxumaq mənim üçün ayrı ehtirasdır. Hər gün Nyu-Yorkda çıxan qəzetlərin hamısını və bazar nəşrlərini alıram. Ala bilmədiyim qəzetləri isə qəzet satılan yerlərdə ayaq üstə oxuyuram. Bunlardan əlavə, bir neçə dərgiyə də abunəyəm. Həftəlik orta hesabla 5 kitab oxuyuram. Normal uzunluqda bir kitabı iki saata bitirirəm. Əkşın tipdə olan kitabları çox sevirəm. Güman edirəm, mən də bir gün elə kitab yazaram. Roman oxumağa üstünlük versəm də, son bir neçə ildə məktub, gündəlik və bioqrafiyalar daha çox oxumuşam. Yazanda başqa yazarlardan oxumaq məni narahat etmir. Təkcə bircə dəfə uzun müddət Ceyms Coysun sehrinə ofsunlanıb cümlələrimi mənasızca uzatmışam.

Davamı burada:https://bit.ly/2ML1T10

Tərcümə etdi: Fəhmin Mirzə

[1] Sərt ağrıkəsici

2. Opera adı

0