Vaqif Nəsib

Vaqif Səmədoğlu ilə üzü Muğana

vaqif-nesib

...Doğrudan da İmamverdi müəllimin evi bir yaradıcılıq məbədi imiş. Azərbaycan yazıçılarının hamısının ordan səsi və nəfəsi duyulurdu. Ucqar sayıla bilən, dənizə dirənən bir guşədə zəngin bir kitab xəzinəsi arasına düşmüşdük. Həm də həmin kitabların demək olar ki, hamısı müəlliflərin dəsti-xətti ilə yadigara çevrilmişdi. Və onların hər birinin bu müqəddəs ocaqda qonaq olduğundan, bu yaradıcılıq birliyinə də üzv seçildiyindən xəbər verirdi. Bir az sonra növbə bizə də çatdı. Biz də bacardığımız qədər yaradıcılıq hesabatımızı verdik. (Rəfiqlə mən yeni şeirlərimizdən oxuduq. Kövrəlmiş Səmədoğlu buranı da ata ocağı hiss elədiyini söylədi).

Bir yaz günü üzü Muğana həmin yolun üstə üçümüz dayanmışdıq: rəhmətliklər Vaqif Səmədoğlu, Rəfiq Zəka, rəhmət diləməyə qalmış dostları Vaqif Nəsib.

Həmin səfər Səməd Vurğunun yetmiş illiyi ərəfəsində baş tuturdu. El-obamızın hər tərəfində Vurğun şeir bayramına hazırlıq gedirdi. Belə görüşlərin birinə imzası imzalar içindən boylanmağa başlayan Vaqif Səmədoğlu da dəvət olunmuşdu (əslində Rəfiqlə mən həmin səfərdə dostumuza, qardaşımıza bir növ sağdışlıq, solduşluq edirdik).

Qışın donu ilk dəfə Muğanda açılır desək yanılmarıq. Hər yazımızın qaranquşları müjdəsini ilkin ora yetirir, durnaları köçünü Muğan düzümüzə salır, bənövşələr oralarda qatarlaşır.

Həmin səfər həm də hələ də tərəddüdlər keçirən şair oğlu şairin, bir növ donunu açmalı idi.

Vaqif Səmədoğlu: - Atam bizi tez-tez canı qədər sevdiyi Azərbaycanın doqquz iqlimli gözəl guşələrinə səyahətə aparırdı. (Bu bəlkə də şəhərdə böyüyən uşaqlarından narahatlığından doğurdu. Onlara həmin səfərlərlə, bir növ, yurd sevgisi dərsi keçmək istəyirdi). Atamın məşhur poemasının meydanı, ceyranlar oylağı Muğana yolum ilk dəfə on dörd yaşımda düşmüşdü. Və ondan sonra ayağım Milə, Şirvana, ümumiyyətlə, fərqli bölgələrə açılmışdı. Həmin səyahətlərə, atama qoşalüləsini tuşlamış namərd əcəlin Dəlidağ ətəyində Dədə Şəmşirlə görüşü sonrakı son qoyulduğundan xəbərdarsınız.

Ata ilgisi barədə dünyanın ən ağır qantelini qaldırmış Vaqifin sonralar doğma yurda doğru səyahətləri kəsilmişdi. Atasının deyimiylə, itirib Kəbəsini, azmışdı yolunu.

Yaxşı ki, yolüstü qarşımıza Hüseyn Arif çıxdı, sözlərilə qaraqabaq Vaqifi günəşləndirdi:

- Get özün də gör atan nəyə görə ceyran gözlü muğanın Vurğunu olub, niyə şeirimizin Muğan üstə dəli nərəsini çəkib.

Muğan Muğan olsa biri üç eylər.

Geri dönəndə sənin şeirlərin birə üç artacaq.

Rəfiq Zəkaya da göstərişini vermişdi.

- Maşınını bərk səyirtmə: Səməd qağanın söylədiyi kimi, hər gülə, ota salam verə-verə gedin...

- Adamlardan kimə Vurğun xeyir-dualı  Hüseyn qağamızın salamını yetirək?

- Orda şeirimizin, sənətimizin bircə imam evladı var, özü sizi tapacaq.

Hüseyn Arif kəlmələri Rəfiq Zəkanın maşınını yerindən almışdı. Səlyana oyanmağa başlayan təbiəti salamlaya-salamlaya yaxınlaşmağa başlayırdıq.

Uşaqlığının sarı tüklərini çoxdan tökmüş Vaqif bu dəfə atasından sonra yarımçıq qalmış səyahətlərinin yolu üstə ata itkisinin qara tüklərini tökürdü. Yol kənarındakı ağaclara, quşlara özünün və Hüseyn Arifin salamlarını yetirirdi.

Bir zamanlar ceyrana əl (tüfəng) qaldırdığına görə silahını sındırmış, göz yaşları ilə günahını yumağa çalışmış Səməd Vurğunun ölməz misralarını Muğanda yaşatmaq istəyənlər tapılmışdı...

Nə gözəl yaraşır Muğana ceyran.

Muğan qoruğu yaradılmış, qoynunda yenidən ceyranlar baş-başa vermişdi.

Qoruq bərabərində nəfəs dərdik. Ceyranları da görüb salamımızı yetirməyə çalışdıq. Bədahətən şeir deməkdə Tofiq Bayramı da keçmiş Rəfiqin dili dinc durmadı:

- Gəlin hərəmiz bir-iki misra əkək Səlyan çölündə. Başla görək, Sarıhüseynoğlu.

V.Nəsib:

Yenə Ceyranların mərcan gözləri

Nurunu saçarmış Səlyan çölündə...

R.Zəka: 

Ceyran gözlərindən Azərbaycanın

Bir sərgi açarmış Səlyan çölündə...

Vaqif Səmədoğlununku məcrasını dünyanın əvvəlindən götürdü. Həm də bizim üçün də gözlənilməz oldu:

Neçə milyon ildən bir az da əvvəl

Momontlar qaçarmış Səlyan çölündə...

...Eynimizi aça-aça mənzil başına yetişdik. Hər üçümüz də sonralar unuda bilmədiyimiz bir insanla görüşdük. Çətinlik çəkmədən onun aləminə doğru yol almağa başladıq. S.Vurğun tədbiri, demə, başqa vaxtlar üz-gözlərindən rəsmiyyətlərini tam çırpa bilməyən raykom işçilərini də şairanə edə bilibmiş.

- Sizi etibarlı ələ təhvil verək, Yazıçılar İttifaqının Neftçaladakı fövqaladə və səlahiyyətli səfiri İmamverdi Əbilovun evində, ittifaqınızın filialında bir az dincəlin. Tədbirdə görüşərik.

Foto - İmamverdi Əbilov, Vaqif Nəsib, Rafik Zəka

İmamverdi müəllim qaynayıb-qovuşmaq asanlınqla başa gələn insanlardan idi. Belə insanlarla ilk tanışlıqdan illərlə ünsiyyət kəsdiyini hiss edirsən. Yol boyu bizə həyat kürəsində dəmir kimi döyülüb-bərkimiş bir xoşbəxt adam da  yaxınlaşdı. İmamverdi müəllim tanışlıq verdi:

- Atanın ovçu yoldaşlarındandı (təəssüf ki, adını unutmuşam). Səməd Vurğunun bağışladığı tüfəng evinin xalça üstə ən əziz bəzəyidi. Onunla ayların-illərin ağırlığını ovlayıb beləcə cavan qalmağı bacarır.

- Eşitmişəm ki, qardaşoğlu da ovçuluğa meyillidi. Mən də ona atasınınkının əvəzi öz tüfəngimi ərməğan edə bilərəm...

Vaqif yeni hədiyyəsini tüfəng əvəzi göstərməli oldu. Neftçalaya tərəf burulmamış Səlyan univermağında ayaq saxlamalı olmuşduq. Orda Vaqifə yanında kiçik oğul balası qaraşın bir adam yaxınlaşmışdı:

- Çox-çox üzr istəyirəm, özümü saxlaya bilməyib yan almalı oldum. Siz Vaqif Səmədoğlusunuzmu?

Vaqifin tutulduğunu görüb əlüstü əlavə eləmişdi:

- Vurğun oğlunu oğlum Vurğunla tanış eləmək istədim.

Beləliklə, Vaqif əvvəl atasına el məhəbbətindən ilk mənəvi ərməğanını almışdı. Sonra da...

- İcazə verin bu bəyəndiyiniz fotoaparatı mən sizə hədiyyə edim...

Bu yerdə Vaqifin fotoqraflıq həvəsindən də bəhs etmək istərdim. Mənim də bir neçə ömrümün anını rəsmləşdirib. "Uzundərə", "Dağ havası" kitablarımdakı fotoların müəllifi odur.

Vaqif də hədiyyə qarşılığı qolundakı saatı atasının adını daşıyan balaca oğluna bağışladı.

...Atasının ovçu dostuna tüfəngəvəzi göstərdiyi fotoaparatın tərifinə keçdi.

- Bundan sonra mənə tüfəngi əvəz edəcək, könlümü açanları onunla ovlayacağam.

- Elə atan da Muğana, Milə şeir ovuna çıxırdı. Azərbaycanımızın bütün ovçularının xalısı üstə onun bağışladığı tüfəngə rast gəlmək olar.

...Doğrudan da İmamverdi müəllimin evi bir yaradıcılıq məbədi imiş. Azərbaycan yazıçılarının hamısının ordan səsi və nəfəsi duyulurdu. Ucqar sayıla bilən, dənizə dirənən bir guşədə zəngin bir kitab xəzinəsi arasına düşmüşdük. Həm də həmin kitabların demək olar ki, hamısı müəlliflərin dəsti-xətti ilə yadigara çevrilmişdi. Və onların hər birinin bu müqəddəs ocaqda qonaq olduğundan, bu yaradıcılıq birliyinə də üzv seçildiyindən xəbər verirdi. Bir az sonra növbə bizə də çatdı. Biz də bacardığımız qədər yaradıcılıq hesabatımızı verdik. (Rəfiqlə mən yeni şeirlərimizdən oxuduq. Kövrəlmiş Səmədoğlu buranı da ata ocağı hiss elədiyini söylədi).

Hüseyn Arifin salamını yetirməyə ehtiyac qalmadı. Özümüzdən yaşlı qələm yoldaşlarımızın ürək sözlərini oxuyub fərəhlənirdik. İmamverdi müəllimsə öz izahını belə verdi:

- Bu kəlmələr elə bilirəm ki, qiymətli qələm sahiblərimizin mənim ocağıma poetik salamlarıdı. Onların səsi, avazı həm divarlarımdan, həm kitablarından əks-sədasını verir.    

Biz də həmin səsləri eşitməyə başladıq. Tanış avazlar qulaqlarımızda səsləndi. Mirzə İbrahimov burda az qala Təbrizi görə bildiyini söyləyirdi. Hüseyn qağa, "cavankən özünü şəraba verib, çayı qocalanda içəsən gərək" deyirdi.

...Nəhayət tədbir başladı. İmamverdi müəllimə alışdığımızdan az-maz həyəcanımız uçub getmişdi.  Bircə Səmədoğlu xasiyyətinə yaxşı bələd olduğu Rəfiq Zəkaya gözağartmalarını (əslində sözağartmalarını) verirdi:

- Sırf ailəmizlə bağlı məsələlərdən danışma.

Amma kimə deyirdin. Rəfiq əvvəl özünə, sonra da dostuna qarşı "getməkdən" çəkinmədi.

- Səməd əmi bir dəfə mənə dedi: "Sənin boyun niyə belə balacadı?"

- Bilmirəm, Səməd əmi.

- Yəqin çoxbilmişliyindəndi. (Bunu Rəfiqin ilk portreti də hesab etmək olar).

Sonra sözünü Vaqifə tuşladı.

- Səməd əmi bağ evindəki ziyafətlərində ov tazısını da böyründə əyləşdirirmiş. Bir dəfə necə olursa kababın ilk tikəsini tazıya verir. Aybəniz dillənəsi olur: "Deyəsən bu iti bizdən çox istəyirsən". Yüksək yumor sahibi nə desə yaxşıdı: "hamınızı bir istəyirəm".

İmamverdi müəllim zaldakı gülüşdən sonra sifəti turşumuş Vaqifə bal kimi sözlər söylədi.

- Vurğunumuz xalqının vurğunu idi. Azərbaycan balalarının hamısını Yusifi, Aybənizi, Vaqifi kimi istəyirdi.

Vaqifin bu səfərə tərəddüdündən Rəfiq imkan tapıb İmamverdi müəllimə söyləyibmiş. Sonrakı sözləri uşaq ikən bu yerlərə atasıyla qonaq gəlmiş, nəhayət ata yolunu tutub qələmə sarılmış Səmədoğluya oldu:

- Səməd Vurğun həm şeriyyəti, həm şəxsiyyəti, həm insaniyyəti ilə Azərbaycanımızın hər ocağının qapısını aça, onu doğması olmağı bacara bilmişdi. Qoy onun poeziyasında doğmalaşdırdığı Muğan səfərin sənin ayaqaçdın olsun, Səməd Vurğun sevgisiylə doğma yurduna yürüşün başlasın.

Rəfiq S.Vurğunu dəfələrlə gördüyünü söyləmişdi. Mən də böyük dahini görə bilən xoşbəxtlərdən olduğumu dilə gətirdim:

- Əvvələn atamla Qazax seminariyasında tələbə yoldaşı olmuşdu. Sonra da "Komsomol" poemasında Sarı Şəmistana çevirmişdi. Üstəlik də, zarafata salıb dediklərini də eşitmişdim: Bakıda hərdən rus uşaqlarından da soruşuram: "Olmuya, Sarı Hüseynin oğlusunuz?" Amma Molla Pənah Vaqifin heykəlinin açılışında atamla yan-yana gördükdə ürəyim Göyəzən dağına döndü. Bəlkə də o zaman ilk dəfə Qazağın Vaqifi, Səmədi kimi şair olmaq ürəyimdən keçdi.

Vaqifin çıxışı hamını kövrəltdi.

- Onuncu sinifin ədəbiyyat imtahanı günü atamın ölümünü eşitdim. Üstəlik, mövzunun birincisi də S.Vurğun yaradıcılığından idi. Əvvəlcə telefon dəstəyini, sonra da qələmi bir ağır itki əlimdə ağırlaşdırıb zindana çevirmişdi. Atamın gülər gözləri, müdrik sözləri dadıma çatdı. Elə bil səsini də eşitdim: "Yusifi də, Aybənizi də, səni də xalqıma tapşırıb gedirəm".

...Biz də imam evladı saydığımız, az müddətdə doğmalaşdığımız bir insanla vidalaşıb yola düzəldik. Hər üçümüz də ürək sözlərimizi səsləndirməyə başladıq.

Rəfiq Zəka: - Nə yaxşı bu imam evladını Allah-tala bu Neftçalaya biz yazıçılar üçün zəmbillə salıb...

Vaqif Nəsib: - Nə yaxşı Muğanda İmamverdi Əbilov var...

Vaqif Səmədoğlu: - Nə yaxşı cahanda İmamverdi Əbilov yaşayır.. /Edebiyyatqazeti.az/

 

0