Trumen Kapote ilə "Roman sənəti haqqında"

Pati Hill

trumen-kapote-ile-quot-roman-seneti-haqqinda-quot

Əvvəli burada:https://bit.ly/2JsGNTi

Sizi ən çox təsirləndirən yazıçılar kimlərdir?

Təzə yazmağa başlayan vaxt bir neçə tənqidçi yazılarımda Foknerin, Velti və MakKallersin izlərini gördüyünü demişdilər. Ancaq şüurlu şəkildə baxanda deyə bilərəm ki, indiyə kimi birbaşa hərhansı bir təsir altına düşməmişəm. Bəlkə də, doğru deyirlər. Üçünün də həmişə sevimli oxucuları olmuşam. Katerina Anna Porteri də bu siyahıya sala bilərsiz. Mən belə düşünməsəm də, üçünün də mənimlə, həm də özləri ilə cənubda doğulmaqdan başqa ortaq tərəf tapacağını zənn etmirəm. İndi bir sətrini belə oxumasam da, on üç-on altı yaşlarımda Tomas Vulf mənim gözümdə başqa cür idi. O, əsl dahi idi. Əslində, hələ də o cürdür. Deyəsən, məhz o yaşlar Vulfa heyran olmaq üçün ən ideal dövrdür. Beləcə, digər gənclik həvəslərim və sevgim tükəndi; Po, Dikkens, Stivenson hələ də xatirələrimdədir, lakin onları daha oxuya bilmirəm. Bəzi maraqlar isə dəyişilmir. Həmişə olduğu yerdə qalır: Flober, Turgenev, Çexov, Ceyn Ostin, Ceyms. E.M.Forster, Moppasan, Rilke, Prust, Şou, Villa Kater – bu siyahını sizinçün çox uzada bilərəm. Ona görə Ceyms Eyci ilə bitirək. Eyci çox dəyərli yazıçı idi.. Təəssüf ki, onu iki il əvvəl itirdik. Bunu deməliyəm ki, Eycinin yazdıqlarında filmlərin ciddi təsiri görünür. Deyəsən, gənc yazıçıların çoxu film texnikalarının vizual və struktur tərəflərindən həm bəzi şeylər öyrənir, həm də istifadə edirlər. Bura məni də əlavə edə bilərsiz.

Səhv eləmirəmsə, siz ssenari üzrə də işləmisiz. Bu barədə təəssüratlarınız necədir?

Hə. Əsl həngaməydi. Ssenarisini yazdığım “Beat the Devil” (Sarı şeytan) adlı kino, həqiqətən, çox əyləncəli idi. Kino İtaliyada çəkilirdi. Ssenarisini studiyada Con Hyustonla birgə yazırdıq. Aktyorlar çaşbaş idilər. Arada Hyuston belə baş verənlərə təəccüblənirdi. Səhnələrin yerləri tez-tez dəyişirdi. Elə olurdu ki, ssenaridə növbəti səhnənin hansı olacağını bircə mən bilirdim. Filmə, yəqin, baxmısız. Baxmamısınızsa, mütləq izləyin. Deyirəm də, əsl həngamə idi. Təəssüf ki, bizim prodüserə çox gülməli gəlmədi. Bunun, əslində, mənimçün elə də əhəmiyyəti yoxdur. Harda nümayiş olunsa, gedib yenidən baxıram. Özü də çox əylənirəm. Bunu deməliyəm ki, yazıçı mütləq rejissorla yaxın münasibətdə olmalıdır. Ya da filmin rejissoru elə yazıçı olmalıdır. Əgər belə olmursa, yazıçının filmdə öz fikrini əks etdirmə şansı çox olmur. Film rejissorun sahəsidir. Elə  ki, indiyədək film dünyası, xüsusilə, ssenarist kimi işləyə bilən bircə yazıçı ərsəyə gətirə bilib. Ona film dahisi deyə bilərik. Bu, Zavattinidir. Utancaq, şirin, balaca kəndli. Yaxşı italyan filmlərinin səksən faizi Zavattininin ssenariləri əsasında çəkilib. Məsələn, De Sikanın filmlərinin hamısı saya bilərik. De Sika çox parlaq imzadır, lakin çox vaxt Zavattininin meqafonu kimi qalır. Hər detal, xarakterin əhval-ruhiyyəsi, bir sözlə, işin hər parçası Zavattininin sənət əsərləridir.

Yazı vərdişlərinizdən danışaq... Xüsusi yazı vərdişiniz var? Məsələn, yazı masası istifadə edirsiz, yoxsa makinada yazırsınız?

Mənə üfüqi yazar deyə bilərsiz. Əlimin altında kofe, əlimdə siqaret, yataqda uzanmadan, yaxud kresloya sərilmədən düşünə bilmirəm. Mütləq tütün çəkib bir neçə qurtum kofe içməliyəm. Axşamlüstləri artıq kofeni nanə çayına dəyişirəm. Onu da bəzən Şerilə və Martini ilə əvəzləyirəm. Makina soruşmuşduz. Xeyr, istifadə etmirəm. Təzə nəsə yazanda əvvəlcə qələmlə yazıram. Sonra əl yazılarımı təzədən nəzərdən keçirirəm. Özümü üslubçu kimi görürəm. Bilirsiz, üslubçular bir vergülə, ya da nöqtəli vergülə uzun müddət ilişib qala bilirlər. Bu cür komplekslər, onlara sərf etdiyim vaxt məni ciddi narahat edir.

Sanki üslubu qabardan yazıçılarla digərləri arasında ayrı-seçkilik edirsiniz. Hansı yazıçıları nəzərdə tutursunuz?

Üslub nədir? Bu, ona oxşayır ki, Zen Koan bir dəfə soruşmuşdu, “Əlin səsi nədir?” Heç kim dəqiq bilmir. Bəsit bənzətmə olsa da, əsl üslub əsərin məzmunundan qabaqda dayanır. Üslüb sənətçi həssaslığının aynasıdır. Hər yazıçının müəyyən qədər özünəxas üslubu var. Amma məsələn, Ronald Firbank. Üslubdan başqa heç nəyi yoxdur. Tanrıya şükür, özü də bunu bilir. Üslub sahibi olmaq bir az başqa cürdür. Mən məxsusi üslubu nəzərdə tuturam. E.M.Forster, Kolett, Flober, Mark Tven, Heminquey və Aysek Dinesendəki üslub uzaqlaşdırıcı gücdən çox, ümumilikdə, bir maneə, neqativ təsir kimidir. Drayzerin yazdıqlarına baxaq, Tanrı şahiddir, stili var. Yucin O’nil də elədir. Ya da götürək Folkneri. Folkner də özünə görə mükəmməldir. Məncə, hamısı güclü, lakin neqativ, yəni yazıçı ilə oxucu arasındakı əlaqəyə heç bir töhfəsi olmayan tərzə qalib gəliblər. Bir də çətin olanı bacarıb çox bəyənilən və hər zaman məşhur olan Qrem Qrin, Moem, Tornton Uaylder, Con Hersi, Villa Karter, Turber, Sartr (məzmundan bəhs etmirik), C.P.Marqand və digərləri kimi üslub sahibi olmayan formalistlər var. Qəbul edək ki, "üslubsuzluq" deyilən bir şey də var. Ancaq onlara yazıçı demirik. On barmaq makina deyirik. Yazıqların bacardıqları bircə şey var: yazı kağızlarını qaralamalarla doldurmaq. Belə bir sual çıxa bilər ki, bəs gənc yazıçılar üslub adlanan bu şeyin nə olduğunu bilirlər? Heç mövcud olduğunu qavrayırlar? – Bəli, bilib qavrayırlar. Bir az P.H.Nyubi, Fransuaza Saqan, Bill Stayron, Flanneri Okonnoru deyə bilərik. O qızın bir neçə zərif yazısı var. Ceyms Merrillin isterikadan qurtulandan sonra yazdıqlarını deyə bilərik, Uilliam Qoyeni deyə bilərik. Xüsusilə, jarqonların istifadəsində C.D.Sellincer əladır.

Kolin Uilson?

 Ona ancaq on barmaq makinist deyə bilərik.   

Ronald Fribankın üslubdan başqa heç nəyi yoxdur, dediz. Təkcə üslub üzərində işləməklə böyük yazıçı olmaq olur?

Məncə, yox. Amma bu, müzakirəyə açıq məsələdir. Misal üçün, Prustun əlindən üslubunu alsaq, arxasınca nə qalar? Amerikalıların ortaq cəhəti odur ki, heç birinin üslub onların əsas fiquru, əsas güclü tərəfi deyil. Amma üslubda da elə Amerikalılar ən yaxşısıdır. Houtronu nümunə kimi verə bilərik. Söhbət üslubdan düşmüşkən bunu mütləq qeyd etməliyəm. Son otuz ildə Heminquey kimi dünyada yazıçılara təsir göstərən başqa bir yazıçı çıxmamışdır. Bunun səbəbini hamı kimi, gənc xanım Porter də bilir.

Bir yazar üsluba yiyələnə bilər?

Yox. Belə deyim, insan çalışaraq gözünün rəngini dəyişə bilər? Bunun kimi, üslubun şüurlü şəkildə qazanılmasına inanmıram. Bunu dəqiqləşdirməliyik: üslub elə insanın özüdür. Nəticə etibarilə, hər  yazarın yazılarında yazıçının şəxsiyyətinə aid izlər olur. Onsuz da, başqa cür mümkün deyil. Bilirəm, əksərən şəxsiyyət sözü həqiqi mənasından uzaq istifadə olunur, amma demək istədiyimi tam ifadə edir. Yazıçının fərdi insani keyfiyyətləri, sözü, həyatdakı mövqeyi oxucuya elə çatmalıdır ki, oxucu onu qəbul edə bilsin. Əgər şəxsiyyət cizgiləri hələ müəyyənləşməyibsə, ziddiyyətlidirsə, yaxud uydurmadısa, onda alınan deyil. Folkner, MakKallers kimi yazarlar şəxsiyyətlərini dərhal ortaya qoyarlar.

Yazdıqlarınız Fransada böyük maraqla qarşılandı. Açığı, bu qədər maraq təəccüblüdür. Ona görə belə bir sual soruşum: üslub başqa bir dilə tərcümə edilə bilər?

Ola bilər. Tərcüməçinin yazarın ruh əkizi olması şərtilə.

İndi üzərində işlədiyiniz, qaralama mərhələsində olan qısa hekayənizi mənə görə yarımçıq saxladız. Daha dıqiq bir qədər fasilə verdiniz. Bunun üçün üzr istəyirəm. Hekayənin bir sonrakı mərhələsi necə olacaq?

Hə, o ikinci qaralaması idi. Daha sonra onu xüsusi bir kağıza makinamla köçürəcəkdim. Bu işə görə yatağımdan tərpənməyimə ehtiyac olmur. Makinanı iki dizimin arasında saxlayıram. Belə mənə rahat olur. Bu cür dəqiqədə yüz söz yaza bilirəm. Bu iş bitəndən sonra isə sarı qaralamanı bir qədər özümdən uzaq saxlayıram. Bəzən bir həftə, bəzən bir ay, bəzən də görürsən, daha çox. Təzədən qaralamanı əlimə götürəndə ona başqa gözlə baxıram. Sonra uca səslə bir-iki dostuma oxuyuram. Hansı dəyişilikləri edəcəyimə, nəşr edib-etməyəcəyimə qərar verirəm. Bu cür bilirsiz, nə qədər kağız zibil qutusuna atılıb? Bir neçə qısa hekayə, hazır bir roman, yarıya kimi gəldiyim başqa bir romanı sizə misal verə bilərəm. Ancaq hər şey qaydasında gedəndə ağ kağıza axırıncı dəfə makina ilə köçürüb nöqtəni qoyuram.

Yazmağa başlamadan əvvəl kitabın son variantı beyninizdə tam hazır olur, yoxsa hər mərhələdə axırıncı variant sizi də təəccübləndirib özü ortaya çıxır?

İkisini deyə bilərik. Həmişə mətnin hər mərhələsi kino lenti kimi gözümün qabağına gəlir. Həmçinin mətnin əvvəli, ortası və sonu hamısı təxəyyülümdə canlanır. Ancaq yazı prosesi belə bir şeydir ki, hər addımında sürprizlərlə qarşılaşa bilirsən. Buna görə şükr eləməliyəm. Çünki sürpriz, yəni mətndə düyüm, vaxtında ortaya çıxan hansısa fikir təhkiyəyə gözlənilməz kolorit qatır. Bu isə yazıçının iş əzmini daha da artırır, onu cuşa gətirir. Əvvəllər hekayə qaralamaları üçün bir dəftərim vardı. Lakin bu qeydlərin beynimdə qurmağa başladığım fikri korşaltdığını gördüm. Beyninizdə formalaşan fikir, həqiqətən, yaxşıdırsa və özünəməxsusdursa, kağıza köçürülənə qədər sizə rahatlıq verməz, hətta yatmağa belə qoymaz.

Əsərlərinizin nə qədər hissəsi avtobioqrafiyadır?

Əslində, çox az qismi. Çox az hissəsi müxtəlif şəxslərdən və ya hadisələrdən təsirlənərək yazmışam. Buna baxmayaraq, deyə bilərəm ki, yazıçının elə bütün yazdıqları bir növ avtobioqrafiyadır. “Otların melodiyası” indiyədək yazdığım ən real əsərdir. Ancaq çoxu onu fentezi kimi qəbul edir. Üstəlik, “Yad səslər, yad otaqlar”ı da avtobioqrafiya kimi götürənlər də var.

Gələcəklə bağlı dəqiq plan və layihələriniz var?

Hə, varımdır. İndiyədək mənimçün rahat olanı yazmışam. İndi isə başqa bir şeyə, nəzarət altıda olsa da, mübaliğəli bir şeyə cəhd eləmək istəyirəm. Zehnimi bir qədər gücə salmaq, beləcə, daha rəngli nəsə ortaya çıxartmaq istəyirəm. Heminquey bir dəfə demişdi ki, birinci şəxsin təkində hamı roman yaza bilər. Onu hələ indi başa düşürəm.

Sənətin digər növləri ilə də maraqlanmısız? Yoxsa...

Bilmirəm nə qədər sənət hesab edərsiz, ancaq illərlə səhnəyə çıxmağın xəyalını qurmuşam. Xüsusilə, step rəqqası olmağı istəmişəm. buna görə evdəkiləri bezdirmişdim. Çünki gün boyu addımlarımı işlədirdim. Daha sonra gitara çalmağı öyrənib gecə klublarında işləmək istədim. Bunun üçün pul yığıb bir neçə nəfərdən dərs almağa getdim. Ancaq məndə yeni gitaranı öyrənənlərin ifa etdiyi “I Wish I was Single Again”dən o tərəfə gedə bilmədim. Bu məni o qədər çox karıxdırdı ki, axırda gitaramı avtobus dayanacağında gözləyən yad birinə verdim. Rəsmlə də maraqlanmışam. Üç il rəsm təhsili belə almışam.  Amma təəssüf ki, içimdə heç rəssamlıq yox idi.

Sizcə, tənqidin konstruktiv təsiri var?

Hər hansı əsər dərc, yaxud nəşr olunmadan əvvəl fikrinə güvəndiyiniz birinin tənqidinin konstruktiv təsiri danılmazdır. Ancaq nəşr olandan sonra mətn haqda təkcə tərifləri eşitmək və oxumaq istəyərəm. Tərifdən başqa hər şey lazımsızdır, mənasızdır. Əsərləri minnətlə oxuyub onu tənqid edən tənqidçidən “nəsə götürdüm”, deyən bircə yazıçı tapsaz, sizə əlli dollar verərəm. Bu o demək deyil ki, professional tənqidçilərin heç birinə qulaq asmayaq, yox. Onsuz, yaxşı bir neçə tənqidçi var ki, onlar da davamlı tənqid yazırlar. Məncə, yazar üçün vacib məsələlərdən biri də qərəzli tənqidləri eşitməməkdir. Bilirsiz, iniyədək çox təhqirlərə məruz qalmışam, hələ də qalmaqdayam. Bəziləri lap şəxsidir. Lakin daha heç birini vecimə almıram. İndi haqqımda yazılan ağır böhtanları oxuyanda heç tüküm də tərpənmir. Yazarlara məsləhətim budur ki, heç vaxt tənqidçiyə cavab verərək özünüzü alçaltmayın. Nə qədər istəyirsizsə, xəyali məktublar yazın. Ancaq  qətiyyən həmin xəyalları kağızlara köçürməyin.

Bir az qəribəliklərinizdən danışaq. Nə kimi qəribə vərdişləriniz var?

Batil inancları hər halda qəribəlik koteqoriyasına sala bilərik. Rəqəmləri toplamaq kimi vərdişim var. Buna hətta aludəçilik də deyə bilərsiz. Telefon nömrələrini topladığımda uğursuz rəqəm alındığına görə heç zəng vurmadığım insanlar belə var. Sarı qızılgülləri çox sevirəm. Deyə bilərəm ki, ən sevdiyim güldür. Ancaq onları görməyə gözüm yoxdu. Eyni külqabıda üç dənə siqaret kötüyü sondürmərəm. İki rahibə ilə eyni təyyarəyə minmərəm. Cümə günləri heç vaxt nəyəsə başlamıram, ya da nəyisə cümə günləri bitirmirəm. Bu siyahını bir qədər də uzada bilərik. Ancaq bunu deyim, bu batil inancara bağlılıq mənə xüsusi mənəvi zövq verir.

Hardasa oxumuşdum ki, boş vaxtlarınızı növbə ilə söhbət etmək, mütaliə, səyahət və yazmaqla keçirirsiz. Bu, həqiqətən, belədir?

Elə güman edirəm. Ən azı bu dəqiqdir ki, söhbət siyahının başındadır. Dinləmək və söhbət etməyi də çox sevirəm. Allah xətrinə, necə söhbətcil olduğum hiss olunmur?

1957-ci il. Nömrə 16.

Tərcümə etdi: Fəhmin Mirzə

0