Susan sadəcə vicdan deyil

Qəfər Rüstəm

susan-sadece-vicdan-deyil

Kitabın üz qapağındakı xarizmatik şəkili görən tanışım maraqla kitabı o tərəf-bu tərəfə çevirdi. Sadəlövhcə: “Azərbaycanlı haqqında kitab?!” – deyə məndən soruşdu. O qədər də kitablarla arası olmayan bu insan acınacaqlalı vəziyyətimizi safdilliklə, özü də bilmədən ironik tərzdə ifadə edirdi. Çünki bu ölkədə haqqında kitab yazılası insan olmadığına inanırıq. Haqqında bioqrafik romanlar yazılan, kinolar çəkilən, mahnılar bəstələnən insanlar sadəcə başqa ölkələrin vətəndaşı ola bilər, “bizdən adam olmuyub, olmaycaq da!” – deyə fikirləşirik.

Həmin kitab mağazada təsadüfən qabağıma çıxdı. Kitab Sevda Sultanovanın vəkil Elton Quliyev haqqında yazıdğı kitab idi. Düzünü desəm, mənə də qəribə gəlmişdi, müasirimiz haqqında yazılan kitab məni yaman heyrətləndirmişdi. Əlimə götürüb vərəqlədikcə Sevda Sultanovanın film dadında təhkiyəsinin sehrinə düşdüm. Ondan daha sehirli gələn kitab içindəki mətləblərdi.

Kitab boyunca əsas sujet kimi seçilən Seyid hadisəsi mənə çox maraqlı gəldi. Bu yazını yazmağı da özümə mənəvi borc bildim.

Seyid taksi sürücüsüdür, yaşlı və kasıb adamdır. Bir gün 19 yaşlı cavan bir oğlan qırmızı işıqda sürətlə keçib Seyidin taksisinə çırpılır, takisdəki sərnişinlərdən ikisi ölür. Cavan oğlan zəngin məmur oğludur. Yüksək məbləğ qarşısında Seyiddən işi üzərinə götürməyi xahiş edirlər, sonra tələb edirlər, amma o, heç bir vəchlə razı olmur, Allahdan qorxuram deyir. Beləliklə, teatr səhnəsi kimi qurulan məhkəməyə çıxmalıdır Seyid. Təsadüfən önündən keçdiyi hüquq məsləhətxanasına girir, onlardan kömək umur. Tale onu Elton Quliyevlə qarşılaşdırır və Elton işi boynuna götürür, həm də bir qəpiksiz. Seyid o qədər kasıbdır ki, bu böhtandan qurtulmaq üçün əhd etdiyi qurbanı belə sonralar kəsməyə pulu olmur.

Hekayə bura qədər çox maraqlıdır, ancaq bundan sonrası elə sanki hansısa yazıçının didaktika məqsədiylə uydurulmuş hekayəsidir. Elton Quliyev nə qədər çalışsa da, hakim Seyidə düz 7 il iş kəsir, ancaq Elton geri çəkilmir, yüksək instansiya məhkəmələrinə müraicət edir və axırda bəraət alır. Bir müddət keçəndən sonra Seyidə 7 il iş kəsən hakim də şərlənir və həbs təhlükəsiylə üz-üzə qalır, bu dəfə həmin hakim hüququnun müdafiyəsi üçün Eltona müraciət edir. Elton həmin işi də boynuna götürür və onun hüqüqlarını qoruyur. Ədalət naminə, peşakarlıqla, heç bir qərəz güdmədən vaxtı ikən haqsızlıq edən, indi isə özü haqsızlığa məruz qalan birinin müdafiəsinə qalxır.

Ədalətin mənə ən maraqlı, ən təsirli gələn tərəfi odur ki, ədalətsizlik edənlər bir gün ədalət deyə bar-bar bağırır, etdiyi haqsızlıq və zülümlər əvvəl-axır bumeranq kimi gəlib həmin insanı tapır. Və həmin gün gəlib çatana qədər, gücündə-iqtidarında olarkən bir gün belə vəziyyətə düşəcəyini heç vaxt ağlına gətirə bilmir. Yalnız müdirk insanlar ədalətli olur. Onlar ədalətlə intiqamın fərqini bilir və qətiyyən onları bir-birinə qarışdırmır.   

Kitabı vərəqlədikcə öz-özümə deyirdim ki, bəlkə də, yazar kitabı maraqlı olsun deyə bəzi şeyləri dramatikləşdirib, əsəri oxunaqlı, maraqlı etmək üçün nələrisə şişirdib. Bəlkə də, belədir. Uydurma olsa belə, bu cür insanların olduğuna inanmaq istəyirəm. Bu nağıl kimi həyat hekayəsinin gərçəkliyinə inanmağa ehtiyacımız var. Haqqı, ədaləti heç bir şeyə qurban verməyən, ömrü boyu ləyaqətlə ömür sürən insanların hələ də var olduğunu bilməyə ehtiyacımız var.

Bir dəfə dostum belə demişdi: “Yaxşı insanlar o qədər azdır ki, tək-tük elə insan görəndə onları tanımasam belə, əllərini sıxıb təşəkkür etmək istəyirəm”. Yəqin, naqislik qarşısında tablaşmaq hər igidin işi deyil, istər-istəməz belə insanları görmək istəyirsən. Bəlkə, mənəvi olaraq dəstəyə ehtiyacın olur, bəlkə də, nəyin doğru, nəyin yanlış olduğunu belə meyarlara baxaraq təyin ehtiyacı hiss edirsən. Cəmiyyətdə sözüylə yox, həyatı ilə, pirinsipiallığı ilə meyar olan insanlara həmişə ehtiyac var.

 

Fabula.az

0