Müəllimin səhvi

Henri Lavson

muellimin-sehvi


İsti günlərin birində Vilyam Spenser məktəbə getmək əvəzinə çaya çimməyə getdi. Müəllim Vilyamın atasına bu barədə yazdı, məktubu Spenserin qardaşı Jozefə verib dedi:
– Jozef, bu məktubu atana çatdırarsan.
– Baş üstə, cənab!
Spenser evlərinə gedən yolun üstündə dayanıb qardaşını gözləyirdi ki, evə birlikdə getsinlər. Qardaşını görən kimi dedi:
– Məncə, müəllim sənə məktub verib ki, atama verəsən.
– Hə, düz tapmısan.
–Yəqin məktubda nə yazıldığını da bilməmiş olmazsan.
– Hə, bilirəm. Sən niyə dərsə getməmişdin?
– Yoxsa demək istəyirsən ki, əclaflıq edib məktubu atama vermək fikrin var, elədir?
– Mən məktubu atama mütləq verməliyəm, çünki müəllimə söz vermişəm.
– Sən məktubu atama verməsən o bunu bilməz.
– Yox, düz demirsən. Şənbə günü o bizim evimizə gələcək. Əminəm ki, məktubu atama verib-vermədiyimi sabah məndən soruşacaq.
Araya uzun sükut çökdü.
– Bura bax, Co, – Spenser dedi. – Mən bu gecə nə atamdan gizlənmək, nə də şam yeməyi yemədən yatmaq istəmirəm. Mən Conni Novletə söz vermişdim ki, onunla çaya çimməyə gedəcəm, o da əvəzində onun tüfəngindən atəş açmağa icazə verəcək. İstəsən sən də bizimlə gedə bilərsən. Ancaq sən müəllimin məktubunu atama versən bütün planlarım pozulacaq.
Spenser sözünü bitirib susdu. Jozef də çətin vəziyyətə düşmüşdü. Qardaşına nə deyəcəyini bilmirdi.
Spenser yenidən dilə gəldi, qardaşına yalvardı, onu hədələdi, mübahisə etdi, ancaq Jozef fikrindən dönmədi.
– Müəllim mənə etibar edib bu məktubu verdi, mən ona söz vermişəm ki, məktubu atama çatdıracam.
– Co, inan mənə, mən heç vaxt sənə qarşı belə etməzdim, – Spenser dedi.
Jozef lap pis vəziyyətə düşmüşdü.
– Mən sənin kimi etməzdim, – Spenser təkrar etdi.
Co keçən həftə baş verən bir hadisəni xatırladı. Qardaşı ona görə bir oğlanla dalaşmışdı.
– Sənin yerində olsaydım o məktubu cırıq-cırıq edərdim, müəllimə min bir yalan uydurub deyərdim. İnan mənə, Co, mən elə edərdim ki, müəllim mənə inanardı.
Co özünü çox narahat hiss edirdi. Həyəcandan sinəsi qalxıb-enir, gözlərindən yaş
axırdı.
– Co, mən sənin üçün çox şeyə razı olaram, mənə inan! Sən özün də bunu bilirsən.
Co bunu çox yaxşı bilirdi. İndi onlar qızıl mədənlərinin yanından keçirdilər. Yolun yaxınlığında şaxta vardı, şaxtanın baş tərəfi qıfa oxşar idi, hər halda 30-40 metr dərinlikdə idi. Şaxtanın içi köhnə şalbanlarla dolu idi.
Jozef birdən nə fikirləşdisə dayandı, əlini cibinə salıb müəllimin verdiyi məktubu çıxartdı, şaxtanın içinə tolazladı. Məktub yekə bir şalbanın üstünə düşdü. Qardaşı da onun nə etdiyini gördü, ancaq ona heç nə demədi. Atalarının işdən çıxıb evə tərəf getdiyini görüb onlar da evə tələsdilər.
Jozef indi özünü daha pis hiss edirdi. Spenser onu sakitləşdirməyə, güldürməyə çalışırdı, amma faydası yox idi. Spenser qardaşına söz verdi ki, bir daha dərsdən qalmayacaq, hər gün məktəbə gedəcək. Ona söz verdi ki, bir də heç kimlə dalaşmayacaq, oğurluq etməyəcək, yalan danışmayacaq. Onun sözləri Coya təsir etmirdi, həyatı boyu ilk dəfə idi ki, verdiyi sözə əməl etməmişdi, müəllimin ona olan etibarına xəyanət etmişdi. Spenserin sözləri Conu ovundurmadı.
Gecənin yarısı Spenser hıçqırtı səsinə yuxudan oyandı, gördü ki, Co içini çəkə-çəkə ağlayır.
– Niyə ağlayırsan, Co? Nə olub?
– Mən hələ bu vaxtacan belə hərəkət etməmişdim, – Co hönkürə-hönkürə dedi. – O məktubu şaxtaya atmaqdansa kaş özümü tullayaydım. Müəllim mənə etibar etmişdi, qardaş! Sabah o məndən soruşacaq ki, məktubu atama verdim, ya yox, mən ona yalan deməyə məcburam.
– Co, müəllimə yalan demə, həqiqəti söylə. Uzaqbaşı səni cəzalandıracaq. O sənə bir –iki qamçı vuracaq, bununla da hər şey bitəcək.
– Yox, yox! Belə edə bilmərəm. Belə olsa, o bir də mənə inanmayacaq. Bu vaxtacan müəllim heç vaxt məni cəzalandırmayıb, heç vaxt məni qamçılamayıb. Əgər o məni uşaqların qarşısında qamçılasa mən bir daha məktəbə gedə bilmərəm.
Axı sən nə üçün evdən qaçırsan? Axı niyə məktəbə getmirsən? Niyə oğurluq edirsən? Sən belə etməsəydin, mən də belə çətin vəziyyətə düşməzdim. Sən heç bilirsən sənin bu axmaq hərəkətlərin anamıza necə təsir edir? Heç bilirsən atamız nə qədər pərt olur? Mən bu gün müəllimi də, anamı da, atamı da aldatmışam, səbəbkar sənsən, sənin eqoistliyindir.
Co sözünü bitirdi, bir az da ağlayandan sonra yuxuya getdi.
Spinser isə səhərə qədər oyaq qaldı, fikirləşməkdən beyni yorulmuşdu. Sonra o sakitcə yatağından durdu, evdən çıxdı, it də onun arxasınca. İt elə bilirdi ki, Spenser bu dəfə də evdən qaçıb harasa gedir, məktəbə getməyəcək.
Spenser düz şaxtanın yanına getdi, ayağını köhnə şalbanlardan birinin üstünə qoydu, aşağı əyildi ki, məktubu götürsün. Qorxudan rəngi ağappaq ağarmışdı, köhnə şalban onun ağırlığına dözmədi.

***
Spenseri səhər saat 9-da tapdılar. İtin hürməyi qızıl mədəninə işə gedən fəhlələrdən birinin diqqətini çəkdi. Spenser məktubu ovcunda bərk-bərk sıxmışdı. Onu evlərinə apardılar, atası həkim çağırmağa getdi. Ata həkim çağırmağa gedəndə Spenser gözlərini yavaş-yavaş açdı, anasının üzünə baxıb dedi:
– Ana, mən evdən qaçmırdım. Atama de ki, mən özüm bilə-bilə yerə uzanıb özümü ölü kimi göstərirdim. Ana, Co hardadır? Ana, nə olar, bir dəqiqəlik otaqdan çıx, qoy Co içəri girsin.
Co otaqda idi, o titrək səslə dedi:
– Mən burdayam, Spenser!
– Müəllim hələ bizə gəlməyib?
– Yox.
– Co, azca əyil, sənə sözüm var. Mən şaxtaya getmişdim, məktubu götürmək üçün. Şalban ağırlığıma dözməyib sındı. Mən istəyirdim ki, anamgil yuxudan durana qədər geri qayıdım. Məktubu döşəyimin altına qoymuşam. Müəllimə deyərsən ki, dünən onu ataya verməyi unutmusan. Ona de ki, məktubu atama vermək istəmirdin. Bu, yalan deyil. Müəllimə de ki, Spenser etdiyi hərəkətlər üçün çox peşmandır. Müəllimə de ki, məktubu heç vaxt oğlanlara verib göndərməsinlər, yalnız qızlarla yollasınlar. Ana, yorğanı üstümdən götür, mən ölürəm.

/artkaspi.az/

İngiliscədən tərcümə: Sevil Gültən

0




daha çox