“Xoşbəxt qadını təsvir etmək istəyirəm” 

Ahmet Altan

xoshbext-qadini-tesvir-etmek-isteyirem

 Bu müsahibə 23.06.2018 tarixində “Qardian” (“The Guardian”) jurnalında dərc edilmişdir. Müsahibənin müəllifi Co Qlanvilldir (Jo Glanville). Silivri həbsxanasında yatan Mehmet Altan sualları yazılı şəkildə cavablandırmışdır. Altanın müsahibəsi ingilis dilində “English PEN” təşkilatının internet saytında (https://bit.ly/2yXlyIq) dərc edilmişdir.    

Hansı şəraitdə yazırsınız? Harada və necə yazırsınız? İki nəfərlik hücrədə yazı yazmaq çətindir? 

Bir metr eni, bir metr uzunluğu olan ağ plastikdən kvadrat bir yemək masamız var. Həyətə çıxmayanda bu masanın arxasında otururuq. Həyatımızın böyük hissəsi bu masanın ətrafına qoyulan plastik stullarda keçir. Mən yazılarımı bu masa arxasında, diyircəkli qələmlə yazıram. Yazılarımı beynimdə canlandırır sonra yazmağa başlayıram. Bəzən səkkiz-doqquz saat yazıram. Yemək saatlarında ara veməli oluram. Yazı yazanda hücrədəki yoldaşlarım çox vaxt televiziyaya baxırlar. Əlbəttə, hər yazıçı səssiz bir mühitdə yazmaq istər. Mənim isə hazırda belə bir imkanım yoxdur. Amma yazmağa başladıqdan sonra ətrafla tamam əlaqəm kəsilir. Yazıya dalıram, harda olduğumu unuduram. Əlbəttə, yazı yazmaq üçün ən əlverişli yer yemək masası deyil, amma şikayət etməyin də bir mənası yoxdur.   

Həbsxanada yazı yazanda sizin üçün ən vacib olan şey nədir? Həbsxana şəraiti yazdığınız mövzulara, yazı tərzinizə təsir elədimi? 

Atam bir məqaləsində xoşbəxtlik haqqında yazır: “Xoşbəxtlik zamanı unutmaqdır”. Bir digər məqaləsində həbsxana barəsində isə bu cür yazır: “Həbsxana dayanmadan insana zamanı xatırladır”. Yazı yazanda zamanı unuduram. Zamanla birlikdə məkanı da unuduram.  

Zaman insan iradəsini saymayan ən böyük zorbadır. Onu dayandırmaq mümkün deyil. Zaman nəhəng bir silgidir, mövcudluğunuzu anbəan silir, sizi yoxluğa sürükləyir. Və siz bir gün tamamən yox olacağınızı hiss edirsiniz. Həbsxanda bu reallıqla daha çox qarşılaşırsınız. Bu zorba ilə ancaq yazı yazmaqla mübarizə apara bilirəm. Yazanda həm zamanın zorbalığını unuduram, həm də onun silməyə gücü yetmədiyi bir iş gördüyümü düşünürəm. Bu məni rahatladır. Zaman yazıçını silməyə qadir olsa da, yazını silə bilməz. Mənim yazılarımı silsə, bir başqasınınkini silə bilməz. Zorba zamanla mübarizə aparan qüvvənin bir parçası olduğumu hiss edirəm və bu mənə güc verir. 

Həbsxana isə məkanın zorbalığıdır. Yazı yazaraq mən zorba məkanı da unuduram. Yazı ilə zehnimdə bütün divarlı yıxıram.  

Yazı silahı ilə mən bu iki zorbaya baş qaldırıram.  

Son kitabımın mövzusunu müəyyənləşdirən həbsxana oldu. Kitabda həbsxanada başımdan keçən hadisələri, duyğularımı qələmə almışam. Payızda çapdan çıxmalıdır.   

Yazılarınız Türkiyədən əvvəl dünya oxucularına çatır. Səsinizin ən çox kimə çatmasını istərdiniz? 

Ömrümdə ilk dəfədir ki, bir kitabım ana dildən əvvəl, başqa dillərdə çap olunacaq. Bu, mənim üçün yenilikdir.   

Yazıçı yazanda “heç kimi” düşünmədən yazır. Yazıb qurtaranda isə “hamının” oxumasını istəyir. Mən də yazılarımı hamı tərəfindən oxunmasını, səsimin bütün dünyaya çatmasını istəyirəm. Əlbəttə, xalqımın da oxumasını istərdim, amma mənə elə gəlir, hələlik bu mümkün deyil. 

Türkiyədə fikir azadlığı təhlükə altındadıdır. Azad media fəaliyyəti dayandırılıb. Sizcə, (istər həbsxanada, istərsə də, azadlıqda olan) jurnalist və yazıçılar bununla necə mübarizə aparmalıdırlar?  

Mübarizə barədə bir söz demək istəmirəm. Bunun yollarını hamı bilir. İstəyən mübarizə aparar, istəyən, aparmaz. Yerindən tərpənməyənlər, mübarizə etməyi istəməyənlərdir.  

Yazdığınız romanın mövzusu nədir? 

Xoşbəxt bir qadını təsvir etmək istəyirəm. Ədəbi baxımdan xoşbəxtlik heç vaxt bədbəxtlik qədər həyəcanlı və cazibədar deyil. Ona görə xoşbəxt qəhrəmanlar bədbəxt qəhrəmanlarla müqaisədə, demək olar, yoxdur! Xoşbəxt bir qadın bu xoşbəxtliyini qoruyub saxlaya bilərmi, xoşbəxtliyi nə qədər çəkər, xoşbəxt bir insanın həyatı həyəcanlı və cazibədar ola bilərmi? Bu sualların cavabını tapmaq istəyirəm.  

Tərcümə etdi: Mustafa Ruşan 

 

0