Sahilə İbrahimova: "Qadınlarımız, bəlkə də, digər sahələrdə addım ata bilmirlər deyə əlləri paltarlarına çatır."

Fabula.az

sahile-ibrahimova-quot-qadinlarimiz-belke-de-diger-sahelerde-addim-ata-bilmirler-deye-elleri-paltarlarina-catir-quot

Sahilə xanım, peşəniz başqa sahədir. Bəs ədəbiyyatla necə münasibət qurursunuz? Peşəkar, yoxsa, həvəskar? 

Ədəbi fəaliyyətə başlayanda bunları düşünməmişəm - bu, hobbidir, ya əsas işimdir. Amma hal-hazırda, artıq on ildən sonra başa düşürəm ki, yazmaq həyatımdakı ən vacib işdir. Nəyi atsam da, nədən imtina etsəm də, yəqin ki, ədəbiyyatdan imtina edə bilməyəcəyəm.  

Bu məsələyə kifayət qədər peşəkar yanaşıram. Dünyada hansı standartlar varsa, onları izləyirəm və əsas tuturam. İstəyirəm, ədəbiyyatla münasibətim peşəkar olsun. Həm maddi, həm də mənəvi qazancımın ədəbiyyatdan gəlməyini istəyirəm.  

Bunun üçün kifayət qədər vaxt ayıra bilirsiz? 

Bəli, hər gün ədəbi inkişafıma vaxt ayırıram.  

Ədəbiyyatdakı yeni tendensiyaları, yenilikləri necə təqib edirsiniz?    

Müxtəlif yerli və xarici saytları izləyirəm. Telefonumda həmişə müxtəlif dilli ədəbi verilişlər olur. Məşhur radio verilişlərinə abunəyəm. İmkan tapdıqca dinləyirəm. Bəzən ədəbiyyatla bağlı ödənişli elektron jurnallar alıram. Kitab oxuyuram.  

Sizi yazmağa həvəsləndirən yazıçı və kitablar hansılardır ki, onları oxuyandan sonra demisiz: mən yazıçı olmaq istəyirəm. 

Elə bir konkret yazar olmayıb. Orhan Pamuk demişkən, oxuyandan sonra həyatım dəyişsin. Belə bir şey olmayıb. Yazar olmağa qərar vermişəm. Anlamışam ki, özümü hadisələr vasitəsilə ifadə etmək istəyirəm və bu istiqamətdə öz üzərimdə çalışmışam.  

Ümumiyyətlə, təsirində qaldığınız bir yazıçı var? 

Adətən, bir müddət hansısa yazarın təsirində oluram, vaxt keçdikcə bu təsirdən çıxıram. Uzun müddət bir hadisənin, bir yazarın, bir kitabın, bir filmin təsirində qalmağı sevmirəm. İnsanların daima bir təsirlə yaşamağını dəstəkləmirəm. İnsan dəyişməlidir. Müəyyən yaş dövründə müəyyən maraqlarımız digərlərini üstələyir, başqa yaşlara adlayanda başqa hislər keçiririk.  Ona görə həyatımın müəyyən mərhələlərində fərqli yazıçıların təsirində olmuşam.  

Üslubunuzu tapdığınıza inanırsız? Başqa cür desək, Azərbaycan ədəbiyyatında sizin özünüzə xas bir üslubunuz var? 

Düşünürəm ki, var. Oxuyanlar deyir var. Müəyyən qədər yazı və düşüncə tərzimi tanıyırlar artıq. Mən özüm də özümü tanıyıram. Olur ki, hansısa yazıçını oxuyuram və mənə elə gəlir, biz eyni cür düşünürük, hislərimizi oxşar, yaxud bir az fərqli şəkildə ifadə edirik. Bu, adətən xarici yazıçılarla bağlı olur.  

Yoxlayıb sonra özünüzə uyğun görmədiyiniz bir üslub, bir tərz varmı? Məsələn, ironiya, detektiv... 

Müəyyən hekayələrimdə kiçik yumoristik hissələr olsa da, düşünürəm, komediya mənlik deyil. Dram mənə daha yaxındır. Bir alman dostum var. Rejissordur. Azərbaycanda iki film çəkib. Bir neçə il öncə birlikdə komediya filmi üçün ssenari yazmağı təklif elədi. İmtina elədim.  Baxdım ki, mən o mövzuya komediya vasitəsilə yanaşa bilmirəm. Bəlkə də, məhz o mövzu ilə bağlı idi. Bəlkə, mənə daha yaxın bir mövzu olsaydı, komediya çalarlarından istifadə edə bilərdim. Amma o an bunu bacarmayacağımı düşündüm. Halbuki düşünürəm, o rejissorla çox adam əməkdaşlıq etmək istəyərdi. Mənsə nə onu, nə də özümü aldatmaq istədim.  

Qadınlar zahirən cəsarətlə dəyişə bilsələr də, zehniyyət dəyişimində daha çəkingəndirlər. Maneə nədir?  

Düşünürəm ki, biz düşünməyə tənbəllik edən cəmiyyətdə yaşayırıq. Dəyişmək istəmirik. Dəyişmək düşüncə ilə gələn şeydir. Dəyişikliyi təsadüfən deyil, düşünərək gerçəkləşdirəndə effektli olur. Biz isə düşünmürük. İrəli addımlamaq istəyirik, amma köhnələrimizdən bərk-bərk yapışmışıq.  

Qadınlarımız, bəlkə də, digər sahələrdə addım ata bilmirlər deyə əlləri paltarlarına çatır. Bəlkə də, inqilabı paltarla eləmək istəyirlər. Yaxud da kişilər qadınlara ancaq zahiri dəyişimlə bağlı azadlıq verirlər. Başqa şeylərdə isə qadının səddi, hasarı daha aşılmazdır. Qadınlar əsas maneələri aşa bilmirlər və daha asana qaçırlar.  

Şortiki daha asan geyirik, nəinki mentalitetin sırıdığı şeylərdən imtina edirik. Geyimi, saç kəsimi ilə olduqca müasir görünən qadınlar, qızlar hələ də ərlərinin qadağalarını sevgi göstəricisi kimi qəbul edirlər, bununla fəxr belə edirlər və s. Qeyri-yetkin kişilər və konservativ qadınlar özünə başqa dəyərləri əsas götürən insanların dəyişiklik cəhdlərini daha ağrılı qəbul edirlər. Mən daima oturuşmuş dəyərləri, doğruları sorğulayan cəmiyyətləri sevirəm. Və insan nə qədər mənən zənginləşirsə, məşğul olursa, bir o qədər zahiri “dəyərlər”ə laqeyd olur. Ən azından mən bu düşüncədəyəm. İnsan həyatın boşluğunu doldurmaq üçün daima nələrsə düşünür. Dəyər bildiyimiz əksər şeylər həyatı “daha mənalı” etmək üçündür.  

Sosial şəbəkələrdə diqqətimi çəkir. Məsələn, qadınlar daha çox aqressivdir, daha çox konservativdir. Siz nə düşünürsüz? 

Açığı, mən belə ayrı-seçkiliyi sevmirəm. Belə bir dəqiq statistika yoxdur. Ümumilikdə, məncə, qadınlarımızla kişilərimizi müqayisə etsək, altı-üstü eyni qədərdə aqressivdirlər. Hər konservativ qadının, arxasında onu bu şəklə soxan konservativ bir kişi var, bir ailə həyatı var, bir həyat tərzi var... 

Yəni deyirsiniz ki, ənənəmiz kişilərlə ötürülür? 

Bəli, bəli... Bəli bizim cəmiyyətimizin ənənəsi kişi ilə ötürülür. Təəssüf ki... Cəsarətli qadınlarımız var, amma onlar güc ola biləcək qədərdə deyillər. Bizi idarə edən kişilərdir. Bugünkü cəmiyyəti idarə edən kişilərdir. Və dünyanı idarə edən kişilərdir. Yalan sözdür ki, dünyanı qadınlar idarə edir. Bunu kişilər uydurublar. Ona görə ki, qadınlara yalançı özgüvən versinlər. Bu yolla istədiklərini eləyirlər. Hamısı yalandır, mifdir. Dünyanı qadın filan idarə eləmir. Heç vaxt da eləməyib. Dünyanı, matriarxatı çıxsaq, ancaq kişilər idarə edib.  

Bəzilər heç o dövrün də olmadığını deyir. 

Ola bilər, ola bilər. Yox, ümid eləyək ki, olub. (Gülür). Bu qədər pessimist danışmayaq. Amma ondan bəri “dünyanı qadınlar idarə edir” söhbəti kişilərin taktikasıdır. Buna heç vaxt inanmamışam. 

Feministsiz? 

Feministəm. Ailə qurandan sonra bunu rahat şəkildə ifadə edirəm. Çünki bir qadının necə xoşbəxt ola biləcəyini bilirəm və bunu hamıya tövsiyə edirəm. Ailə qurandan sonra kişiləri daha yaxşı tanımağa başladım. Dünyada qadın olmaq asan deyil. Mən Azərbaycan cəmiyyətində böyümüşəm, formalaşmışam. Mənim də müəyyən məhdudiyyətlərim olub. Mənim də həyat yoldaşına, tərəfdaşa həm də daha azad olmaq üçün ehtiyacım var idi. Bütün dünyada belə bir mif var ki, feminist həyatından narazı, deyingən, kişilərdən daim zərbə alan biridir. Bunun belə olmadığını göstərmək asan deyil. Məsələn, mən həmişə kişilərdən hörmət görmüşəm. Hətta mənimlə hesablaşıblar. Fikrimi ciddiyə alıblar. Amma yenə də subay, partnyorsuz qadın feminist olduğunu deyəndə ona şübhə ilə yanaşırlar. İncidildiyini, bu səbəbdən hirsləndiyini düşünürlər. (gülür) İndi, insanlara rahat şəkildə deyə bilirəm ki, bu, mənim şəxsi məsələm deyil. Bu, cəmiyyətin problemidir. Mən özümə görə mübarizə aparmıram.  

Bəs, sizcə, qadın mövzusu kifayət qədər işlənibmi? Əvvəla dünya, sonra Azərbaycan ədəbiyyatında? 

Dünya ədəbiyyatında yetərincə işlənib.  

Məsələn, hansı nümunələri verə bilərsiniz?  

Bir şey əlavə edim. Qadın ədəbiyyatı, qadının təsviri və s. yaradıcılığımı qəsdən bu mövzulara həsr etmək istəmirəm, açığı. Düzdür, mən deyirəm feministəm. Amma tək görəvim qadınları müdafiə etmək, onlardan danışmaq deyil. Yazıçı olaraq insanlarla, onların eşidilməyən səsləri ilə maraqlanıram. Ola bilsin, on beş ildən sonra problemli tərəf dəyişdi. Bəlkə, qadın heç müzakirə mövzusu olmadı. Sadəcə indi qadının səsi daha az eşidilir deyə istər-istəməz bu mövzuya fokuslanıram.  

Müasir dövrdə feminizmlə bağlı olduqca çox əsər yazılıb. Və yazarlar feminist olduqlarını açıq şəkildə bildirirlər.  Qadınlar haqqında oxuduğum sonuncu əsər Fransua Saqanın “Möcüzəvi buludlar” əsəridir. Əsas qəhrəman bir fransız qadındır. Əslində, əsərin ideyası, hadisələrin mənzərəsi ənənəvi feminizmə uymur kimi görünür. Qadın hislərindən, bədbəxt qadın, daha doğrusu, xoşbəxt ola bilməyən - bunlar arasında fərq var - xoşbəxt ola bilməyən qadından bəhs edir. 

Əvvəlcə əsər mənə ciddi ədəbi nümunə kimi görünmədi. Sonra gördüm ki, yox, burada fiziki deyil, psixoloji zorakılıq görən qadın var. Həyat yoldaşı çox qısqancdır. Onun azadlığını əlindən alır. Həyat yoldaşının istəkləri ucbatından özündən imtina etməli olur. Köləyə çevrilir.  

Qadın bütün əsər boyu ərindən qaçmağa çalışır. Bəzən onu çox sevdiyini düşünür. Ondan ayrıla bilməyəcəyinə əmin olur. Sonda getməyi bacarır. İlk baxışda feminist əsərə oxşamır, amma çox feminist əsərdir. Qadın azadlığını çox gözəl ifadə edən əsərdir. 

Amerikanın qadın yazarları Toni Morisonun, Maya Ancelo, Alis Volkerin yaradıcılığındakı qadın xəttini bəyənirəm. Mayanın özü, həyatı feminizmlə tanışlıq üçün bir mənbədir. Olduqca dramatik uşaqlığı, gəncliyi olub. Onun həyatı ilə bağlı essem var. Ümumiyyətlə, Amerikanın müasir yazar qadınları ilə bağlı bir neçə yazım var. Maya Ancelou qadınların problemlərini çılpaqlığı ilə ifadə etməyi dəstəkləyir. O deyir ki, ədəbiyyata yalnız gözəl şeyləri salmayın. Ədəbiyyata problemləri də salın. Əsərlərdə cəmiyyətdən zərər çəkmiş, əxlaqca “eybəcər” görünən qadınlardan da bəhs edin. Qoy insanlar ədəbiyyat vasitəsilə dünyanın hər üzünü görsünlər. Deyir, mən gənc olanda hər şeyin gözəl göstərildiyi ədəbiyyatı oxuyandan sonra özümə baxanda depressiyaya düşürdüm. Deyirdim, deməli, bütün dünya yaxşıdır, bircə mən pisəm.  

Bəs Azərbaycanda necə, işlənibmi, sizcə? 

Azərbaycanda işlənməyib. Jurnalistlərin qadın mövzusunda yazmaq cəhdləri var. Nəsr nümunəsi olaraq son dövrlərə aid bircə Aysel Əlizadənin “Qadın peyğəmbər” əsərini xatırlayıram. Bəlkə də, mən oxumamışam, varsa, xəbərsizəmsə, üzrlü saysınlar. Azərbaycanda, ümumiyyətlə qadını duymağa çalışan müəllif azdır. Mən demirəm ki, əllərində bayraq tutub desinlər: “Qadın müqəddəsdir”.  Dediyim qətiyyən bu, deyil. Deyil qadını, insanı anlamağa çalışan müəlliflərimiz azdır. Çoxunun kimliyində bütövlük görmürəm, onlardan normal əsər də gözləmirəm. Müəlliflərimiz əzbərlərlə yazırlar deyə düşünürəm. Hamıdan da bunu tələb edirlər. Mən əsəri müəllifi ilə birgə sevənlərdənəm.  

Sovet dövrü necə? Sizcə, qadının azad olmağına təsir elədi? 

Biz Şərqdə qadınlara ilk səsvermə hüququ verməyimizlə fəxr etməyə öyrəşmişik. Mən bunu ADR-in, cümhuriyyəti quran insanların uğuru sayıram.  Sağ olsunlar ki, hələ dünyada təzə-təzə cücərən ideyanı tərəddüd etmədən Azərbaycana gətirməyə cəsarət etdilər. “Azərbaycan xalqı, Azərbaycan qadını buna hazır deyil”, - demədilər. Bu cür yanaşmaları qətiyyətlə rədd edirəm. Necə yəni filan xalqa demokratiya yaraşır, filanına yaraşmır. Absurddur, rasist yanaşmadır. Sadəcə o zaman proses yarımçıq kəsildi. Tarix imkan versəydi, qadınlarımız bu hüquqla tanış olub onu sevəcəkdilər. Amma olmadı. Qadınlarımız o uğurdan yararlana bilmədi. Amma mən düşünmürəm ki, sovet hökuməti Azərbaycan qadınını müti elədi. Səsvermə mədəniyyəti sovetdə heç kişilər üçün də yox idi. Bu təkcə qadınların uduzduğu bir şey deyildi. Biz cəmiyyət olaraq demokratik ənənələri o vaxt uduzduq. 18-ci ildə başlayan proses Sovet işğalı ilə qırıldı. Amma Azərbaycan qadını Sovet dövründə kifayət qədər azadlıqlar qazandı. Mənim anam Sovet təhsilindən yararlanıb, onun fikirləri ilə də mən böyüyüb, formalaşmışam və bu gün qadınların güclü və xoşbəxt olmasını dəstəkləyirəm.  

XX əsrin əvvəllərində Amerikada qadınlar iqtisadi azadlıqlar əldə eləməyə başladılar, dayəlik edirdilər, paltar yuyurdular, ciblərində özlərinə məxsus pulları olurdu, ardınca siyasi hüquqlar tələb etdilər. Kişilərin isə işi yox idi. Depressiya dövrü başlayırdı. Kişilər neyləyirdilər? Pivəxanalarda otururdular, zəmanədən gileylənirdilər. Qadınlar onlara qarşı çıxdılar. Onların malik olduqları azadlıq və hüquqlara həm maddi, həm mənəvi haqları olduqlarını səsləndirməyə başladılar. Və mübarizədən qalib çıxdılar. Amerika 1920-ci ildə qadınlara seçki hüququ verdi.  

Uğrunda savaşdığımız hər şey dəyərlidir. Və uzun zaman bizimlədir.  

Bəs gələcəkdə bu mövzuları işləməyi planlayırsınız? Bilirsiz, insan bəzən özünü görə bilmir. Bəlkə də, çılpaqlığı ilə görə bilsə, onda  dəyişim ola bilər. Deyək ki, Anna Kareninanı oxuyan bir azərbaycanlı qadın özünə məxsus şeyləri görə bilmir. Ona görə onu narahat eləmir. Amma gündəlik Azərbaycanın problemləri ilə məşğul bir qadınını görsə, düşünürəm ki, fikirləşər belə olmamalıdır. Bu mənada sizə daha çox iş düşür.  

Maraqlı yanaşmadır, düz deyirsiz. Yəqin, xalqa özünü daha tez-tez, daha yaxşı göstərmək lazımdır.  

Sizcə, özgürlük odur? Yəni Anna Kareninanı nəzərdə tuturam. Azərbaycan qadınının azadlığından danışırıq. O nəticədə Anna Karenina olacaq? 

Anna Karenina dünyada ən çox sevilən əsərdir. Eşq romanıdır. Madam Bovari ilə Anna Kareninanı eyni səpkili roman kimi göstərirlər çox zaman. Bununla heç vaxt razılaşmamışam. Amerikalıların Anna Kareninaya yanaşmaları çox xoşuma gəlir. Amerikalılar çəkdikləri filmdə Annanı öldürmürlər. Ruslar, Tolstoy Annanı öldürür.  

Təmizləməyə çalışır? 

Hə, bəziləri deyir, Tolstoy Annanı romanın sonunda cəzalandırır, öldürür. Bəlkə də. Tolstoyun həyat yoldaşı ilə münasibətini xatırlayanda buna inanıram. Bir də əsərdə taleyi ilə barışan başqa cütlük var, Tolstoy onları daha xoşbəxt göstərir, sanki. Amma hər halda Tolstoy cəmiyyətə qadının məhdud seçimlərini, seçimsizliyini göstərmək istəyib. O dövrdə Tolstoy başqa əsər yazmağa çalışırdı. İlhamı çatmırdı. Qonşuluqda yaşayan bir qadın qatarın altına düşüb öləndə Tolstoy hadisə yerinə gedir və uzun müddət mərhumun üzünə baxır. Bundan sonra sürətlə Anna Karenina əsərini yazmağa başlayır. Görünür, qadının əzablı siması onu çox təsirləndirir.  

Amerikanlar Annanı öldürmürlər. “Xoşbəxt olmadığınız yerdə qalın, getsəniz, sizi faciə gözləyir” hədəsini yaymaq istəmirlər . Mən, ümumiyyətlə, qərbin azadlıq ideyasını çox sevirəm. İnsanın şəxsinə, fərdinə yanaşmada azadlıq prioritetini təqdir edirəm.  

Hər iki formada risklər var. 

Bəli (gülür). Tolstoyun sözü ilə desək, hər bədbəxt ailə fərqli cür bədbəxtdir. Xoşbəxtlər eyni cür xoşbəxtdir. Anna Kareninanın faciəsini əsas götürüb yaşamaq olmaz. Heç bir ədəbiyyat hadisəsi, əslində, digərinin eynisi ola bilməz. İnsanlar bir-birinin təkrarı deyillər. Hər insanın fərqli situasiyada fərqli taleyi ola bilər. Eyni yolu gedib fərqli yola çıxmaq mümkündür.  

Sizin yaradıcılığınızda qadın obrazı necə işlənib 

İstənilən kitabımı açsaz, orada mütləq bir qadın obrazı var. Hansı ki azərbaycanlılara kifayət qədər tanışdır. Mən dağdan-daşdan obraz götürməmişəm. Baxmayaraq ki, mənə deyirlər sən qərb ədəbiyyatına meyillisən, yerli prosesləri daha az izləyirsən, bəyənmirsən və s. Düşünürəm, bu, belə deyil. Bəzən mən özüm də onların dediklərinə inanmışam. Amma indi keçmişə baxanda elə olmadığını görürəm. Bütün hekayələrimdə həmişə bir qadın var, onun həyatı, duyğuları, çətinlikləri, mübarizəsi var. O, Azərbaycan qadınıdır. Ola bilsin, o qadın fərqlidir. Deyək ki, bizim qonşularımıza oxşamır. Bizim kəndimizin Nəcibə nənəsi deyil, Fatma xalası deyil. Amma mənim qadınlarım da Azərbaycandadır. Belə qadınlar var. Və mən onları görürəm, duyuram.  

Yenicə bitirdiyim “Şeyx” adlı romanımın əsas qəhrəmanı qadındır. Kitabda qadın gücü, qadın böyüklüyü əsas motivlərdəndir. Kitab “Teas Press” nəşriyyat evində çapa təsdiqlənib. Mənə verilən məlumata görə, sentyabr ayından kitabı bütün Libraff mağazalarından əldə etmək olacaq. Hazırda üzərində işlədiyim, təzəcə yazmağa başladığım roman da tamamilə qadın mövzusuna həsr olunub. Əsas qəhrəmanlar qadınlardır. 

Müsahibəni götürdü: Qəfər Rüstəm

  Fabula.az

 

 

0