Heç kim yazıçıyla evlənməməlidir

Karl Ove Knausqaard

hec-kim-yaziciyla-evlenmemelidir

Müasir norveçli yazıçı Karl Ove Knausqaard “Mənim Mübarizəm” avtobioqrafik roman seriyası ilə dünya şöhrəti qazanıb. Onu müasir dövrün ədəbi düşüncəsinə təsir edən ən parlaq romançılarından biri hesab edirlər. Təkcə 5 milyon əhalisi olan Norveçdə yazıçının “Mənim mübarizəm” seriyası 500 minə yaxın tirajla nəşr olunub. Dahi fransız Marsel Prustla müqayisə edilən Knausqaard Qərb ölkələrində ən çox oxunan, müzakirə edilən romançılardan biridir.
Məni Marsel Prustla müqayisə eləmək, 6-cı liqa ilə Premyer liqanı müqayisə etməyə bənzəyir. Bu axmaqlıqdır. Məncə, “Keçmişin nəsnələrini xatırlarkən” əsl romandır.

İndiyə qədər eşitdiyim ən bərbad məsləhəti yaxşı xatırlayıram: atam yazmağa başladığımı biləndə belə demişdi: “Sən içməlisən, çünki içəndə sənə mane olan şeyləri unudursan və daha yaradıcı olursan”. Amma əslində bunun tam əksidir. Heç vaxt içib yazma. Bütün məğz bundan ibarətdir ki, sən istədiyin məqama əlavə substansiyaların köməyi olmadan çatmalısan.

Norveçli yazarlardan biri bir dəfə deyib: “Hər yazıçı evlənməlidir, amma heç kim yazıçıyla evlənməməlidir”. Qısaca hər şeyi izah edir. Mən iki dəfə evli olub boşanmışam. Bəzən yazmaq xəyanət hissinə oxşayır: sanki sən öz qəlbini münasibətə yox, kağıza həsr edirsən. Bunun ikisini də eləmək olar əlbəttə, lakin mən münasibət adamı deyiləm, tanıdığım yazıçıların əksəriyyəti də belədir. Bu, demək olar, autistik (davranış, ünsiyyət qüsurlu sindrom –tərc.) bir şeydir.

Mən özümü şöhrətdən qorumalıyam. Buna görə İsveçin ucqar yerində yaşayıram, çünki burada mənim kitablarım mövcud deyil. Burda mən yazıçı yox, norveçliyəm.

Nəyə görə bir başqasını futbola baxmağın vaxt israfı olmadığına inandırmalıyam? Çünki bu elə vaxt israfıdır. Amma mən özümü qaraqabaq adam hesab edirəm, çox gülmürəm, demək olar oyun oynamıram. Futbol mənim həyatımda elə bir yeri tutur ki, ona, qaydalarına tamamilə aludə oluram və özümü unuduram. Bu heçlik anıdır və çox vacibdir. Özünü bundan məhrum eləməyin mənası yoxdur, bu sadəcə əyləncədir.

İnsanlar mənim narsist olduğumu düşünürlər, bəlkə də elə beləyəm, amma söhbət necə göründüyümdən gedəndə belə deyil. Özümü güzgüdə görməyi sevmirəm. Əgər baxmamaq imkanım varsa, heç vaxt şəkillərimə baxmıram. İndilərdə olan görünüşümü də sevmirəm. Artıq çəkiliyəm, bunun mənə xatırladılmasını istəmirəm.

Texnologiya məsələsində sıfıram. Maşın sürməyi öyrənəndə 40 yaşım vardı… öyrənməyimin özü də biabırçı vaxt aldı. İlk sınağımda qırmızı işıqda keçmişdim. Öyrənməyin məğzində elə bu durur: 18 yaşın olanda öyrənirsən, adaptasiya olursan, sonra da tətbiq eləməyə cəmi 10 saat lazım olur. 40 yaşım olanda isə mənim öz düşüncələrim vardı. Həmişə məndən müəyyən həll yolları olan şeyləri eləmək tələb olunurdu, mənsə bunu bacarmırdım. Amma sən bunu maşın sürəndə eləmək məcburiyyətindəsən. Başqa variant yoxdur.

Yazmaq daha çox özünü təhlükədə hiss eləmək duyğusuyla, qarşı gəlmək, risklər eləməklə əlaqədardır. Bunlardan başqa, qalan hər şey mənim üçün vərdişlər və təhlükəsizlikdir. Mən yazanda kitab boyunca bir, ya iki musiqi albomuna qulaq asıram. Ən axırıncı dəfə “Lambchop”un sonuncu albomuna 3 ay boyunca qulaq asmışdım, yaz idi, kitab yazırdım. Bu məni hədsiz sakitləşdirir. Bu musiqini dinləyəndə elə bilirəm uzun müddətdən sonra evə qayıtmışam.

Psixiatriya institutunda işləmək gördüyüm ən yaxşı, həm də ən bərbad iş idi. İşə getməyə nifrət edirdim, işi görmək istəmirdim, amma indi başa düşürəm ki, bu çox yaxşı təcrübə idi. Həm də sanki çox dəyərli bir iş görmüşəm.

İnsanlar deyir ki, etiraf kitabları yazmaq “Facebook” kimidir, əslində isə belə deyil. Tam əksidir. “Facebook” bütövlükdə özünü, nəyisə təqdim eləməkdən ibarətdir. Amma yazmaq nəsə həqiqətən gerçək olan bir şeyi yaxalamağa çalışmaqdan ibarətdir. Əlbəttə, 100%-lik nəticə əldə eləmək mümkün deyil, çünki həmişə oxucu anlayışı var, kimsə oxuyur, yazdığın kiminsə üçündür. Ona görə də kitabda çoxlu təqdimat olur, amma o daha çox düşmən kimidir. Sən onu yarıb keçməyə, necəsə daha səmimi yazmağa çalışırsan.

***

Knausqaard kitablar haqqında

Axırıncı oxuduğunuz ən möhtəşəm kitab hansı olub?
İndi ilk dəfədir “Özəlliksiz adam”ı (Robert Muzilin) oxumaqdayam. Bu kitabı bəlkə də 20 dəfə başlamağa cəhd eləmişəm. İndi xeyli oxumuşam, şedevrdi. Hər cümlədən həzz alıram. Belə bir şey bir də olmayacaq.

Bugünkü romançılardan və sənədli janrda yazanlardan ən çox kimləri bəyənirsiz?
Sənədli janrda Nobel mükafatını qazanan Svetlana Aleksiyeviçi. Çernobıl kitabını uzun illər əvvəl oxumuşdum – həqiqətən də möhtəşəmdir.
Orlando Figesin Rusiya inqilabından bəhs edən “İnsanlıq Faciəsi”kitabı tarixi mövzuda yazılmış heyratamiz əsərdir.

Piter Handkeni də çox bəyənirəm. Salman Ruşdinin adını mütləq qeyd etməliyəm. Mən minimalist, dağınıq nəsri oxuya-oxuya böyümüşəm, sonra isə Rüşdinin partlayışlarla zəngin dilinə keçdim – 20 yaşlarımda bu mənimçün çox vacib idi. “Şeytan Ayələri”ni çox sevirəm.
Həmçinin Mak Evan. İndinin özündə də mən onu böyük zövqlə oxuyuram. “Zamanda uşaq”ı oxuyanda elə bil başıma nəsə danq eləmişdi.
Daha müasir yazıçılardan Maggi Nelsonun “Arqonautslar”ını çox bəyənirəm. Çox sərtdi.

Gənc bir adama hansı kitabı verərdiniz?
Ursula Le Kvinin “Earthsea” kitablarını hədiyyə etməyi xoşlayıram, xüsusilə birincisini. Mənim 10-11 yaşımda olanda anam da mənə hədiyyə etmişdi. O kitab dönüş nöqtəsi idi. Dönə-dönə oxumuşam.

Sizcə, ən çox şişirdilmiş kitablar hansılardır?
Məncə, müasir nəsr çox şişirdilib, amma ad çəkə bilmərəm, çünki işin içində özüm də varam. Zənnimcə, dahiyanə kitab bəlkə də hər on ildə bir və ya iki dəfə yazılır. Tənqidçilərə heç vaxt inanmıram.

Növbəti oxuyacağınız kitab hansıdır?
Mixail Şoloxovun “Sakit Don”u. Deyvid Qrossmanın “At Bara daxil olur” kitabıyla çox maraqlanıram. Sonra Emmanuel Korrerenin “Krallıq”ı var. Ondan 40 səhifə oxumuşam. Məncə, əladır. /Bilgə.az/

“Esquire” jurnalı və “Guardian” qəzetindəki materiallar əsasında

0