Ölümü sevgi ilə öldürmək 

Qəfər Rüstəm

olumu-sevgi-ile-oldurmek

“Ertəsi gün heç kim ölmədi” - deyə başlayır romana Joze Saramaqo. Bir anda insan zehninin qavraya bilmədiyi, belə bir ehtimalın heç vaxt mümkün olmadığı həmin o “mümkün” diyara səfər edir. Ölüm olmasaydı, bu dünya necə olardı? Necə yəni necə olardı, daha yaxşı olmazdımı, axı heç kim ölmək istəmir, ürəyimizə yuvalanan əbədiyyət hissi yoxdur? 

Yox elə olmur, ölümün olmaması ölümün özü qədər acı bir fəlakətə çevrilir, bəşərin öyrəncəli olduğu həyat tərzini bir anda dəyişməyi xaosa səbəb olur. 

Ən birinci kilsə təşvişə düşür. Axı ölüm olmasa, kilsə nə işə yarayacaq? Məgər ölüm olmasa, ümidsiz insanlar gəlib kilsədən ümid dilənəcək? Əbədi yurda çatmaq üçün ruhanilərin önündə diz çökəcək? Ən əsası ölüm olmadıqdan sonra axirət yurdu da olmayacağına görə kilsənin ən önəmli dayağı yox olmayacaq? Joze Saramaqo dini inancların ölümdən sonrakı bilinməziylə bir cavab, aciz bəşərin iztirablarını dindirmək üçün qurulmuş bir sistem olmağına eyham vurur. Sanki dinlər daha çox ölümlə məşğul olur, insanları ölümə kökləyir, ağladır, sızladır, amma güldürmür, həyata bağlanın demir, qurun, yaradın demir. Böyük bir ruhani ordusu insanın ən zəif nöqtəsindən faydalanıb özlərinə xanimanlar qurublar.  Yəqin ki, həqiqi din insanı ölümə yox həyata səsləməlidir. Yaradının ona bəxş bütün qabiliyyətləri bu dünyanı inşa etmək üçün qollarını çirmələməlidir. 

Cənazə mərasimlərini təşkil edən şirkətlər narahat olmağa başlayırlar. Çünki müştəriləri olmadığı üçün iflasa uğrayırlar. Sığorta şirkətləri ölümsüz bir dünyadan şikayət edirlər. Dövlət ölməyənlərə necə pensiya ödəyəcəyini qara-qara düşünür. Xəstəxanalar xəstələrlə dolub daşır, tibbi xidmətin bahalı olduğu ölkədə saysız hesabsız xəstə yığınına necə baxılacaq. İnsanlar düşkünləşmiş, ağır xəstə halında olan yaxınlarını başlarından etmək üçün qocalar evinə üz tuturlar, çox keçmir ki oralar da dolur. Ölümsüz həyat ölümlü günlərdən də betər ağır və iztirablı hal alır. 

Arada xəbər çıxır ki, həmin ölkənin sərhədindən kənarda insanlar ölə bilir, hətta bir ailə ağır xəstə olan yaşlı və bir körpəni həmin tərəfə aparıb ölümlə görüşdürüb torpağa gömüb. Bir anda sərhədə tərəf axın başlayır. Mətbuat, ictimai fiqura çevrilmiş insanlar bunun alçaqlıq olduğunu bildirir, hamı bu halı pisləyirmiş kimi görünür. Amma hamı öz xəstələrini sərhədə tərəf aparır. Dövlət də bunun özünü bunun əleyhində göstərir,  hökumət yenə ikiüzlü davranış sərgiləyir: bir tərəfdən insanları öldürmək üçün ölkədən çıxarmağın pis olduğunu deyir, digər tərəfdən “xeyirxah bir mafiya” ilə anlaşır. Ki insanları sərhəddən keçirsin. Guya ki hökumət yenə vətəndaşını qoruyur, lakin bəzi düşmən ünsürlər insanları  sərhəddən çıxarıb onları ölümə məhkum edir.  

İnsanların ölümsüzlük bəlasıyla mübarizə apardığı bir vaxtda birdən ölümdən bir məktub gəlir. Ölüm deyir ki, bundan sonra yenə insanlara gələcək lakin bu dəfə metod bir az fərqli olacaq, ölüm vaxtı çatanlara bir həftə qabaqcadan bənövşəyi bir zərf göndərəcək. İnsanlar ölümün geri gəldiyinə sevinsələr də, belə bir zərf hamını narahat edir, hər an belə bir zərflə qarşılaşmaq ehtimalı onların həyatını zəhərə çevirir, çünki hamı öləcəyini bilsə də, ölmə ehtimalını özündən uzaq tutur. Amma ölümdən əvvəl belə bir xəbərdarlıq almaq ölüm gəlmədən onun soyuq üzüylə qarşılaşmaq, ölmədən əvvəl ölümün nə olduğunu qavramaq deməkdir, bu da ölüm qədər əzablı bir şeydir. 

Ölüm öz işi ilə məşğul olarkən bir də baxır ki, ölüm vaxtı gələn insanların adları yazıldığı kataloqların içində bir nəfərin adı var. Ancaq onun ölüm vaxtı düz bir il bundan əvvəl imiş. Ölüm çaşıb qalır, bu necə baş verə bilər axı? Hansı səbəb bu adamı onun dəryazının cəngindən çəkib alıb. Ölümə bu məsələ cavabı vacib bir tapmaca kimi gəlir. İşlərini dəryazına tapşırıb həmin adamı axtarmağa gedir. 

Yazar ölümü qadın cinsində təsvir edir. Ölüm geyinib keçinir, çantasını çiyninə vurub həmin naməlum adamı axtarır. Əslində, onun kim olduğunu  bilir. O, əlli yaşlı violençel çalandır. Kiçik bir evdə iti ilə tək yaşayan tənha bir kişidir. Ölüm onu axtarıb tapır. Violençel çalan onun ölüm olduğunu bilmir, əvvəl ondan çəkinsə də, sonra ölümə  mehrini salır. Ölüm də onunla yatır, sonra isə violençel çalana gətirdiyi bənövşəyi zərfi yandırır və beləliklə ertəsi gün yenə heç kim ölmür. 

Roman maraqlı sonluğu ilə oxucunu bir daha romanın girişinə baxmağa sövq edir. Roman tamamlanan halqa kimi maraqlı bir fabulaya malikdir. 

Sevgi ölümə qalib gəlir. Milyon illərdir, insanın qəsdinə duran ölüm sevgi ilə öldürülür. Düzdür, romanın başında açıqlandığı kimi ölümsüzlük o qədər də ürəkaçan bir fenomen olmasa da, insanın önündə duran müəmmalı bir sirr sevgi ilə öz həllini tapır. 

Hər insanın önündə duran labüd sonluq, yəni ölüm yalnız sevgi ilə öldürülər bilər. Hər insan bu qorxunc ölümün üzünə gülsə, ona Joze Saramaqotək ironik, əyləncəli yanaşsa, ona bəxş edilən ömrü yaşamaq, yaratmaq, sevmək üçün sərf etsə, onda ölüm insana təslim olar. Ölümü özünə ram etmək üçün elə də dahi olmaq vacib deyil. Violençel çalan kimi adi bir sənət adamı ola bilərsiniz. Vacib olan şey: bütün coşğunluğunuzla, bütün enerjinizlə həyata tutunmaq, sadəcə yaşayıb yaratmaq... 

0