Qeyman və Murakami alternativ “Nobel”in finalına çıxıblar

Fabula.az

qeyman-ve-murakami-alternativ-nobel-in-finalina-cixiblar

Yeni Nobel Akademiyası finala çıxan dörd yazarın adını elan edib. İki kişi və iki qadından ibarət olan fantastik dördlüyə aşağıdakı yazıçılar daxildir: 

Haruki Murakami (Yaponiya) 

Nil Qeyman (Neil Gaiman) (Böyük Britaniya) 

Mariz Konde (Marise Conde) (Fransa) 

Kim Thui (Kim Thuy) (Vyetnam - Kanada) 

Qalib bu ilin oktyabrın 12-də Stokholm Şəhər Kitabxanasında elan ediləcək. Əslində, qurum finala çıxan dördlüyün adını avqustun 18-də elan edəcəyini açıqlamışdı, amma sözündə durmadı. Mütəxəssislərin fikrincə, buna səbəb təşkilatçıların təcrübəsizliyidir.  

Akademiyanın əməkdaşı Aleksandra Pakalidu (A.Pascalidou) mükafatın saytında dərc olunan müraciətində hamıya təşəkkür edib və təşkilat üzvlərinə: "Qarşıda hələ uzun yol var", - eyhamını vurub. Çünki hələ mərasim xərcləri üçün pul toplamaq və təkrar səsləri saymaq lazımdır. Qısası, doğrudan da, yolları uzundur.  

Qeyman və Murakami tanımayan, demək olar, yoxdur. Digər iki yazıçı haqqında bir neçə söz: 

Mariz Konde (Marise Conde) 2015-ci ildə “Beynəlxalq Booker” mükafatının namizədi olub və adı qısa siyahıya daxil edilib. Ən məşhur əsəri "Desirada" romanıdır. Kitab Qvadelupe qadınlarının çətin həyatından, insanın özünü kəşf etməsindən və əzəli "atalar və uşaqlar" mövzusundan bəhs edir. Yazıçı "Köləlik Xatirəsi Komitəsi"nin rəhbəridir və məhz onun təklifi ilə prezident Jak Şirak 2006-cı il mayın 10-da köləlik qurbanlarının xatirəsini yad etmə qərarını alıb.  

Kim Thui (Kim Thuy) Vyetnamda anadan olub. On yaşında repressiyadan qaçaraq ailəsi ilə birlikdə Kanadaya köçüb. "Ru" adlı debüt romanı 2009-cu ildə ilk dəfə fransız dilində çap olunub. 2012-ci ildə ingilis dilinə tərcümə edilib. Yazıçı bu əsərinə görə düz altı mükafat alıb. Roman avtobioqrafiyaya bənzəyir. Çünki Vyetnamdan Kanadaya miqrasiyadan bəhs edir.  

Tərcümə etdi: Mustafa Ruşan 

 

0